Onlayn ictimai-siyasi qəzet
Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Eyni gündə Prezident İlham Əliyevin fərmanı ilə “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər təsdiqlənib. Dəyişikliklərə əsasən, dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq və gələn ildən tətbiq ediləcək. Eyni zamanda Tarif Şurası gələn aya kimi dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək. Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda dərman vasitələrini ölkəyə gətirə biləcəklər. Göründüyü kimi, xeyli yeniliklər var. Bəs bütün bu dəyişikliklər özündə nəyi ehtiva edir? Dərmanların qiymətində, keyfiyyətində bundan sonra fərq olacaqmı?
Milli Məclisin deputatı, “Dərman vasitələri haqqında” Qanunun İşçi qrupunun rəhbəri Musa Quliyev “Yeni Müsavat”a müsahibəsində bu və digər sualları cavablandırıb.
- Musa müəllim, həm dərman zavodunun açılışı, həm də dərman vasitələri ilə bağlı qanunvericilkdə edilən dəyişikliklər qiymətlərə təsir edəcəkmi? Uzun zamandır ki, ölkəmizdə dərmanların olduqca baha olmasından narazılıq var...
- Əlbəttə, Azərbaycanda dərmanların qiyməti kifayət qədər bahadır. İstənilən çeşiddə də vətəndaşların əlçatanlığı baxımından imkanlar geniş deyil. Bütün bunları nəzərə alaraq həm hökumət, həm də Milli Məclis tərəfindən müvafiq addımlar atılır. Sizin də qeyd etdiyini kimi, növbədənkənar sessiyada “Dərman vasitələri haqqında” Qanuna çox ciddi dəyişikliklər edildi. Ölkəyə dərman gətirilməsi xeyli asanlaşdırıldı. Qeydiyyat məsələləri xeyli yüngülləşdirildi. Dərman gətirmə şərtləri də yumşaldıldı. Müxtəlif firmaların dərmanlarının artıq Azərbaycana gətirmək şansı çoxalır. Bu da o deməkdir ki, artıq dərman bazarında kifayət qədər imkanlar genişlənir. Heç şübhəsiz ki, dərmanların həm keyfiyyətinin yüksəlməsi, həm də qiymətlərin aşağı düşməsinin biz şahidi olacağıq. O cümlədən, cənab Prezidentin də iştirakı ilə Pirallahıda yeni dərman zavodunun işə düşməsi və başqa layihələr də var, onlar da yəqin yaxın vaxtlarda icra olunacaq. Bu da imkan verəcək ki, kifayət qədər Azərbaycanın dərman bazarında çeşidlər çoxalsın, həm də qiymətlər aşağı düşsün.
- Bəs, dərmanların icbari sığorta paketinə əlavə olunması necə nəzərdə tutulurmu?
- Bəli, bizi düşündürən odur ki, icbari sığorta dördüncü ildir ki, tətbiq edilir. Amma yalnız stasionarda müalicə vaxtı dərman təchizatı sığorta hesabından həyata keçirilir. Amma ambulator müalicənin dərman təchizatı tamamilə vətəndaşın öz üzərindədir, öz hesabınadır. Bu da vətəndaşın büdcəsinə kifayət qədər mənfi təsir göstərir, həm də müəyyən dərmanları axtarmaq, tapmaq, bəzi hallarda isə möhtəkirlik hallarına da rast gəlinir. Aptek və tibb işçisi arasında qeyri-etik də olsa bu sövdələşmədir. Sövdələşmənin də qurbanı vətəndaşlar olur. Ona görə də biz ambulator müalicənin də tam olmasa da, qismən hissəsini icbari sığorta öz üzərinə götürməlidir. Həkimin yazdığı resept əsasında aptekdən icbari sığortanın hesabına vətəndaş dərmanı almaq imkanı əldə etməlidir. Belə olan halda həm dərman möhtəkirliyi olmayacaq, çünki artıq icbari sığorta özü buna nəzarət edəcək. Eyni zamanda, vətəndaşın da dərmana xərclədiyi vəsait öz cibində qalacaq, çünki icbari sığortaya artıq kifayət qədər vəsait ayrılır. Əmək haqlarından 4 faiz tutulur. Eyni zamanda, işləməyən yaxud da xüsusi qrup əlillər, təqaüdçülər var ki, bunlar da Prezidentin tapşırığına əsasən dövlət tərəfindən ödənilir. Hesab edirəm ki, gələcəkdə birinci addımımız bundan ibarət olmalıdır. Ambulator müalicənin də dərman təminatı icbari sığorta tərəfindən ödənilsin. Əlbəttə, ilk etap üçün olduqca böyük vəsait tələb oluna bilər. Amma hər halda müxtəlif xəstəliklər üzrə, yaxud da dərmanların bir hissəsinin icbari sığorta tərəfindən ödənilməsini biz yavaş-yavaş təmin etməliyik. Qardaş Türkiyədə və bir çox ölkələrdə vətəndaş ambulator müalicə xərclərində dərmanların hamısını sığorta hesabına alır.
- Daha bir dəyişiklik isə ondan ibarətdir ki, bundan sonra Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda dərmanları ölkəyə gətirə biləcəklər. Bəziləri bunu ölkəyə dərman idxalının qarşısının alınması kimi anlayıb...
- Əslində, əvvəl də belə idi. Buradakı düzəliş əslində vətəndaşın xeyrinədir. Vətəndaş özü getməyə də bilər. Həmin reseptini hər hansı bir dərman şirkətinə həvalə edə bilər, onun tapşırığına əsasın dərman şirkəti gətirə bilər. Məsələ bunun üzərindədir. Amma vətəndaş reseptdən kənarda olan dərmanı da öz istifadəsi üçün yenə də gətirəcək. Burada heç bir məhdudiyyət yoxdur. Hətta reseptlə olan dərmanı da özü gedibsə, gətirə biləcək. Amma burada müəyyən hədd məsələsi var. O qanunvericiliklə tənzimlənmir. Yəni vətəndaş deyə bilər ki, bir illik ehtiyacımı gətirirəm, gömrük, yaxud vergi işçisi deyə bilər ki, bunu satmaq üçün gətirir. Burada bir norma müəyyənləşməyib. Amma hər halda hesab edirəm ki, qanundakı bu dəyişiklik vətəndaşın vəziyyətini bir az yüngülləşdirəcək. Vətəndaş özü getməyə də bilər. Resepti dərman şirkətinə verə bilər, o da sifariş əsasında dərmanı gətirə bilər. Amma yenə deyirəm, boşluqlar var. Bəzən olur ki, xaricdən lazım olan dərmanları gətirdikdə saxlayırlar ki, bu dərmanlar çoxdur. İzah etmişik, sonra aradan qalxıb. Hazırda vətəndaşlar dərmanı əsasən Türkiyədən gətirir. Çünki Türkiyənin dərman bazarında həm çeşid çoxdur, həm keyfiyyət yüksəkdir, həm də qiymət bizimlə müqayisədə kifayət qədər əlçatandır. Bunu da tənzimləmək olar. Vaxtında biz təklif etdik ki, Türkiyə ilə Azərbaycanın dərman siyasətində də ortaq məxrəcə gələ bilərik, əməkdaşlıq edə bilərik. Bizim bu təklifimiz o vaxt qəbul olunmadı, amma hesab edirəm ki, yenə də bu məsələyə qayıtmaq olar. Çünki Türkiyə ilə Azərbaycan qardaş dövlətdir. Həm də Türkiyənin xarici ölkələrin tanınmış firmalarından dərman almaq imkanı bizimki ilə eyni deyil. 80 milyonluq bir ölkə üçün sifariş verirlər. Qiyməti xeyli aşağı ola bilir. Bir də var, Azərbaycan 10 milyonluq əhali üçün sifariş edə. Böyük dərman şirkətləri daha çox sifariş olduğu halda böyük endirimlər də edirlər. Bunlar detallardır. Onu deyim ki, sonuncu dəyişikliklər kifayət qədər müsbət dəyişikliklərdir. Ölkədə dərman çeşidinin artmasına, qiymətlərin tənzimlənməsinə, optimallaşdırılmasına gətirib çıxaracaq. Əvvəldə qeyd etdiyim kimi, əsas bizim hədəfimiz sığorta üzərindən bu işləri başlamaq olmalıdır ki, vətəndaşın dərmana olan xərclərinin böyük bir hissəsini sığorta qarşılaya bilsin.
- Gələn ildən dərman vasitələrinin təqib və izləmə sistemi də yaradılacaq, bu da dəyişikliklərdə öz əksini tapıb. Burada dərmanların qiymətlərinə nəzarət üçün nəzərdə tutulub, yoxsa?
- Bu çox vacib məsələdir. Azərbaycana hansı mal nə qədər gəlir, tələbat nə qədərdir. Hansı aptekdə var, hansında yoxdur. Vətəndaş haradan gedib birbaşa tapa bilər. Hətta bəzən həkimin, xəstəxananın kompüterinə baza yerləşdirilə bilər, birbaşa göstərilə bilər ki, filan aptekə göndərildi, gedib almaq olar. Dərman təminatının sığorta ilə ödənilməsi üçün keçid mərhələsində çox vacib məsələdir. Bu həm dərman gətirən şirkətlərin işinə yarıyacaq, həm vətəndaşların, həm də tibb işçilərinin.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ