İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müharibə bitsin, Qafqazın da işinə baxacağıq...”

Şimaldan gələn hədənin ilginc “şifrələri”; ancaq ekspertlərə görə, indi nə Rusiya həmin Rusiya, nə də dünya həmin dünyadır

“Putinlə Paşinyanın münasibətlərində nəsə baş verib. Rusiya Paşinyana etibar etməyi dayandırıb. Nə baş verdiyini deyə bilmərəm, təbii ki, səbəbin nə ola biləcəyini güman edirəm, amma açıqlaya bilmərəm, çünki sübutum yoxdur. Amma bir şey aydındır: iki ölkənin rəhbərliyi arasında yadlaşma var”.

Bunu rusiyalı ermənipərəst ekspert Stanislav Tarasov erməni mediasına müsahibəsində deyib (Axar.az). 

O bildirib ki, Ermənistan hakimiyyəti “Qarabağ və başqa məsələlər”də Moskvaya qulaq asmadı, öz siyasətlərini apardı, sonra hər şeyi Rusiyanın səhvlərinə bağladı: “Əlbəttə, səhvlərimiz olub, amma Paşinyanın dediyi dərəcədə və ya səviyyədə deyil”.

Tarasov ardınca iddia edib ki, Nikol Paşinyanın hakimiyyətə gəlişi Rusiyanın səhvi idi: “Moskva Paşinyanın hakimiyyətə gələcəyini bilirdi, amma prosesin qarşısını almaq üçün heç nə etmədi. Biz bundan sonra nə olacağını bilirdik... Bir sözlə, faciə”.

Onun sözlərinə görə, Rusiya Ukrayna müharibəsində qalib gəlsə, fərqli bir Rusiya olacaq: “Onları narahat edən, qəzəbləndirən də budur. Biz artıq bir sıra postsovet dövlətlərinin məsuliyyətsiz bəyanatlarına dözməyəcəyik. Nə Ermənistan, nə Azərbaycan, nə Gürcüstan, bunlar Rusiya üçün ikinci dərəcəli amillərdir. Mən "səhvlərimiz" deyəndə Qarabağı nəzərdə tuturam. Prosesin gücə, döyüşə getməsinə icazə verdik, müharibəni dayandırmadıq. Biz Minsk Qrupunun üzvü olaraq bütün üzvləri səfərbər etməli və müharibəni dayandırmalıydıq. Minsk Qrupunun bütün üzvləri çox gec, müharibə başlayanda addımlar atmağa çalışdı. Bu, səhv idi. Qarabağ şüurlu şəkildə təslim edilib. Yüz faiz deyə bilərəm ki, Ermənistan rəhbərliyi Qarabağı bilərəkdən təslim edib".

Bu erməni yanlısı nə çərənləyir görəsən, xüsusən də 2-ci Qarabağ müharibəsini “vaxtında dayandırmamaq” məsələsində? “Qarabağ şüurlu şəkildə təslim edilib” nə demək? Bəs Azərbaycanın verdiyi minlərlə şəhid? Rusiya Ukraynada istəyinə çatsa, Güney Qafqazı nə gözləyir? Nəhayət, Rusiya Paşinyanı devirməyəmi hazırlaşır?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiyada Stanislav Tarasov kimi şovinist əhval-ruhiyyədə olan ermənipərəst sərsəmlər az deyil: “Nikol Paşinyanın Rusiyanın sözünə baxmaması Tarasov kimi beyni zəhərlənmiş şovinistlər üçün olduqca ağır dərddir. Onlar, sadəcə, bunu həzm edə bilmirlər. İmperiya abı-havası bunların qanını o qədər zəhərləyib ki, özlərindən kiçik xalqları yalnız böyük qardaşlarının bir sözünü iki etməyən tərəf kimi görmək istəyirlər. Belələri zamanın dəyişdiyini, dünyanın artıq başqa yolla getdiyini anlamaqdan çox uzaqdılar. 

Rusiyanın Ukrayna müharibəsindən sonra hansı durumda olacağı hələ çox müəmmalıdır. Qərb Rusiyanın bu müharibədə tam məğlub olmasını istəməsə də, müharibə vasitəsilə onun maksimum zəifləməsinə nail olmağa çalışır. Qərbə və ilk növbədə Birləşmiş Ştatlara Avrasiya məkanında idarə olunan, sözə baxan bir Rusiya lazımdı. Bu gün ABŞ-ın və Avropa Birliyinin Ukraynaya etdiyi yüz milyardlarla dollar yardımların arxasında məhz bu plan dayanır. Bu müharibənin sonunda Rusiya bir dövlət kimi indiki əraziləri çərçivəsində qala biləcəkmi? Bu, vacib və düşündürücü bir sualdır. Aydın olan budur ki, Qərb heç vaxt havayı pul xərcləmir. 

Paşinyan Rusiyanın zamanı ilə Azərbaycan torpaqlarında özünün Cənubi Qafqazda forpostu statusunda yaratdığı qondarma Ermənistan adlı dövləti gerçək bir dövlət kimi formalaşdırmağa çalışır. O, ermənilərin tarixdə etdikləri yanlışları düzəltməyə cəhd edir və bu məqsədlə erməniləri nağıllarla deyil, gerçəklərlə yaşamağa çağırır. Təbii ki, bir çox ermənilər və onların havadarları bunu həzm edə bilmirlər. Paşinyanın bu mövqeyi Rusiyanın Cənubi Qafqaz siyasətinə böyük bir zərbə, rusların 200 ildə reallaşdırdıqları bir layihənin sonu deməkdir. Rus şovnistləri erməni həmfikirləri ilə bunu anlaya bilmirlər. Belə bir durumda onlara sərsəmləməkdən başqa heç nə qalmır..."

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun fikrincə, Rusiyanı indiki bəlalara salan və müharibə acılarını yaşadan məhz onun imperiyapərəst, başqa xalqlar üzərində ağalıq etmək ambisiyalarıdır: “Rusiya istər öz imperiya tarixində, istərsə də SSRİ dövründə həmişə başqa millətləri əzib, müstəmləkə gözü ilə amansızcasına sömürüb, hətta məhv edib. Moskva yenə də həmin imperiya ambisiyasındadır. Ukraynaya təcavüzünün səbəbi də məhz müstəqil bir dövləti işğal etmək, onun istədiyi kimi istismar etmək idi. 

Məlum idi ki, Rusiyanın Ukraynada müharibəyə başının qarışması onu ambisiyalı siyasətinin reallaşmasında müəyyən güzəştlər etmək məcburiyyətində qoyub. Ancaq Ukraynadakı müharibənin necə nəticələnəcəyi təkcə Moskvanın deyil, dünyanın yenidən dizayn edilməsində həlledici faktor olacaq. Birinci Qarabağ müharibəsində Rusiya torpaqlarımızın işğal edilməsində fəal iştirak etdi. Kreml qorxurdu ki, Azərbaycan Moskvadan qopub üzünü Qərbə çevirər. Torpaqlarımızın 20 faiz işğal altında 30 ildən çox qalmasında da Rusiyanın rolu var. Rusiya bu addımı ilə həm Azərbaycanı, həm də işğalçı Ermənistanı təsir altında saxlamağa çalışırdı. Bu qeyri-müəyyənlik, müharibə vəziyyəti ümumilikdə Cənubi Qafqazı gərginlikdə saxlayırdı. 

İkinci Qarabağ savaşında düşdüyü durum səbəbilə güclü Azərbaycan-Türkiyə müttəfiqliyi ilə qarşılaşmağın Moskva üçün ciddi fəsadlar verəcəyini nəzərə alıb ermənilərə birbaşa dəstək verməyə risk etməsə də, bu istiqamətdə çalışdı. Azərbaycana qarşı müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışdı. Kreml Stanislav Tarasov kimi rus şovinist ekspertlərin dili ilə Bakıya hədə-qorxu gəlir. Amma bunların heç bir faydası olmadı və Azərbaycan parlaq qələbəni Ali Baş Komandanın rəhbərliyi, xalq-ordu birliyi ilə əldə etdi. 

Bu qələbədən sonra Putin keçmiş Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etdiyini bəyan etdi. Ancaq yenə də Moskva Xankəndidəki separatçılardan gələcək planları üçün ehtiyat variant kimi saxlamağa cəhd göstərdi. Rusiya prezidenti Putin dəfələrlə bildirib ki, erməni baş nazir Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyandan sonra Rusiyanın edə biləcəyi bir şey qalmayıb. Demək, Ermənistan baş naziri də nəhayət anlamağa başladı ki, Moskva onlardan öz məqsədləri üçün maşa kimi istifadə edir, ermənilərin faciələri Krem üçün imperialist planlarına ancaq yarıya bilir. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasını Moskva qəbul etməyərək bunu yanlış sayır. Niyə? Çünki “parçala və hökm sür” siyasəti iflas olur və Cənubi Qafqazda qalma imkanlarını itirir".

Politoloq fikirlərinə bu cür davam etdi: “Tarasov və onun kimi düşünən qafalar anlasalar ki, Cənubi Qafqazlarda sülh və sabitlik Moskva üçün daha sərfəli variantdır, bu amil ümumi Rusiyanın narahat bölgəsi olan Şimali Qafqaz üçün də müsbət impuls verəcək, həmçinin Rusiya ilə Qafqaz xalqları arasında əlaqələrin və münasibətlərin sürətli inkişafına, dost münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq, o zaman təəssüf hissi keçirməyəcəklər. Əgər onlar millətlər arasında qızışdırıcılıq etsələr, nifaq salmaqdan əl çəkməsələr, regionda özlərini itirəcəklər. 

Rusiya müttəfiqi Ermənistanı hər zaman müdafiə edib. 2-ci Qarabağ savaşında da çalışırdılar ki, müharibəni dayandırsınlar. Ancaq Türkiyə-Azərbaycan ittifaqı qarşısında Moskva aciz idi. Öz acizliklərini ört-basdır etmək üçün Tarasov ermənilər kimi yalan danışmağa, Azərbaycanın gücünü kiçiltməyə çalışır. Bu gün Rusiyanın Azərbaycana çox böyük ehtiyacı var. Azərbaycan kimi regional və beynəlxalq siyasətin müəyyənləşməsində yer alan güclü vacib bir dövlətlə münasibətlərin korlanması Kreml üçün arzuolunan deyil. 

Moskva, əlbəttə, Cənubi Qafqaz kimi geopolitik bölgəni tam nəzarətində saxlamağı çox istərdi. Putinin ən vacib planlarından biri Ukrayna müharibəsindən sonra Cənubi Qafqaza yenidən tam sahiblənməkdir. Lakin onu da nəzərə almaq lazımdır ki, Cənubi Qafqazın əhəmiyyəti Qərb və ABŞ üçün də dəfələrlə artıb. Türkiyə fəal oyunçudur. ABŞ başda olmaqla, Qərbin bütün təhlükəsizliyi, iqtisadi, ticari, kommunikativ layihələri Azərbaycan üzərindən qurulub. Bütün bu  amillər Moskvanın imperialist iddialarının üzərindən xətt çəkir. Rusiya ağıllı siyasət yürütsə, Cənubi Qafqaza, xüsusən də Azərbaycana strateji müttəfiq, iqtisadi tərəfdaş kimi baxar. Ermənistan da Rusiyadan bütün sahələrdə asılı olsa da, onun təsirindən sürətlə çıxmağa can atır. Rusiya da həmin Rusiya deyil, dünya həmin dünya deyil. Lakin Azərbaycan öz təhlükəziliyinə həmişə diqqət yetirməli, Rusiya kimi bir dövlətlə qonşu olduğunun fərqində olmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR