İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin maaş artımı ilə bağlı bölgü nə dərəcədə ədalətlidir?

Kamran Əsədov: "İndiki qaydalar ədalətli deyil və dəyişikliklər edilməsinə ehtiyac var"

İyunun 20-24 arası ibtidai sinif və dil-ədəbiyyat müəllimlərinin biliyinin qiymətləndirilməsi (sertifikasiyası) keçirilib. Cəmi 60 sual olub. 31-50 arası bal toplayanların maaşı 10 faiz, 51 və ondan yuxarı bal toplayanların maaşı isə 35 faiz artırılacaq.

Redaksiyamıza 45-50 arası bal yığan bir neçə müəllim müraciət edib. Onlar narazılıq edirlər ki, əziyyət çəkib əldə etdikləri bu yüksək nəticə əsasında onların da maaşıəlarına cəmi 10 faizlik artım ədalətli deyil. Yəni aşağı bal toplayanlardan (30-35) fərqləndirmək üçün onlar üçün maaş artımı niyə heç olmasa 20 faiz olmasın? (10-35 faizin orta göstəricisi). Məntiqlə də 45 rəqəmi 51-ə daha yaxındır, nəinki 31-ə. Amma artım eyni nəzərdə tutulur - 10 faiz.

Bu məsələdə müəllimlərə iqtisadçı millət vəkili Vüqar Bayramov da dəstək verib. O, maaş artımı ilə bağlı daha ədalətli differensasiya təklif edib. Millət vəkili qeyd edib ki, qiymətləndirmə də differensial meyarlara əsaslanmalıdır:

"Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir. Ancaq 59 və ya 60 bal toplamış təhsil işçisinin əməyi nisbətən az bal yığmış müəllim ilə müqayisədə daha yüksək qiymətləndirilməlidir".

Maaş artımında belə bölgü nə dərəcədə ədalətlidir və hansı meyarlara əsaslanıb?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb:

322820.jpg (39 KB)

"İlk növbədə qeyd edim ki, hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbində 150 min nəfərə yaxın müəllim çalışır. Azərbaycan müəllimlərinin bilik və bacarıqlarının yoxlanılması ilk dəfə 2014-2018-ci illəri əhatə edir. Həmin vaxt diaqnostik qiymətləndirmə həyata keçirilib. Biz buna qədər müəllimlərin bilik və bacarıqları ilə bağlı məlumatlı deyildik və etiraf edək ki, 2014-2018-ci illərdə keçirilən diaqnostik qiymətləndirmələr onu göstərdi ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin ciddi şəkildə öz ixtisasları üzərində işləmələrinə ehtiyac var.

Bir məqamı da qeyd edim ki, hər il şəffaf və obyektiv şəkildə müəllimlərin işə qəbulunun keçirilməsi yeni gənc və bilikli,  bacarıqlı müəllimlərin işə qəbul olunması deməkdir və bu, Azərbaycan təhsili üçün olduqca müsbət addımdır. Azərbaycan təhsili artıq yeni bir dövrə qədəm qoyub. Məlum olduğu kimi son dövrlərdə məktəblərdə baş verən hadısələr, müəllimlərin şagirdlərlə münaqişəsi, münasibətlərin xoş olmaması təhsilə münasibəti çox aşağı səviyyəyə salıb. Burada vacib məqam - təhsilə etimadın artırılmasıdır. Bunun üçün bilik və bacarıqları yüksək olan müəllimlər sistemdə saxlanılmalıdır. Bu baxımdan sertifikatsiya olduqca vacibdir. Bu müəllimlərin həm əmək haqlarına, həm də dərs saatlarına təsir edəcək".

Kamran Əsədov qeyd edib ki, indiki əməkhaqqı artımı faizi doğru yanaşma deyil:

"Yəni, burada 10 faizlə 35 faiz arasında ciddi rəqəm fərqi var. 50 bal toplayanla 30 bal toplayana eyni əmək haqqı artımı etmək ədalətli deyil. Hesab edirəm ki, bu qaydalar dəyişdirilməlidir. Elm və təhsil nazirliyi sertifikatsiya qaydalarını müəyyən etdiyi bir il ərzində qaydalarda 9 dəfə fərqli dəyişiklik edib, istər keçid balı, istərsə 60 yaşdan yuxarı müəllimlərin sertifikatsiyaya buraxılıb, buraxılmaması ilə bağlı və sairə. Eləcə də hazırki qaydalar dəyişdirilməlidir.

Yəni 30-40 bal toplayan müəllimlərin maaşı 10 faiz, 40-50 bal toplayanların maaşı 20 faiz, 50-60 faiz toplayanlar daha artıq olmalıdır. Əgər sertifikatsiya müəllimin biliyinə görə qiymətləndirmədirsə, 50 bal toplayanla 30 bal toplayanı eyni cür qiymətləndirmək ədalətsizlikdir. Mütləq yeni artım qaydaları tətbiq etmək lazımdır".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR