Onlayn ictimai-siyasi qəzet
Bir bilsəydim bolqarıstanlı Vanqa nənənin müdhiş proqnozlarını kim istehsal edir...
Arvad 27 il əvvəl, 1996-cı ilin noyabrında vəfat edib, amma hər yeni il başlayanda yeni-yeni proqnozlar “verir”.
Deyəcəklər ki, zamanında yazıb-qoyub, yaxud da danışıb, yazıblar, indi bir-bir üzə çıxarırlar.
Əfsanə söhbətdir. Təvazökarlıqdan Sofiya qədər uzaq olsa da, deyim ki, məndə qəti bir əminlik var, o nənə öz proqnozlarını illər üzrə təsnifatlaşdırmayıb, bunu onun əvəzindən sensasiya dalınca qaçan, insanları təlaşlandıraraq özlərinə babat reytinq, tiraj yığan mətbu dairələr edir.
Təsəvvür edin, hər il bu proqnozlara aid xəbərlər “ən çox oxunanlar” qrafasına girir. Dünyanın hər yerində camaat gələcəyi görməyə təşnədir, hey istəyirlər ki, bu il nə vaş verəcəyini elə yanvardaca bilsinlər. Guya bilib nəsə edəsidirlər.
Bir Vanqa nənənin (yeri gəlmişkən, qadının adını “Baba Vanqa” yazırlar və bu, düzgün deyil, rusca və bolqarca da “baba” “nənə” deməkdir, bizdə isə - dədə) proqnozları olsa nə vardı ki... 500 il əvvəl yaşamış Mişel Nostradamus da hər il qəttəzə proqnozlarla çıxış edir. Adamın yeni-yeni katrenləri (şeir növüdür, bizdəki gəraylı, bayatı kimi) tapılır və orada göstərilir ki, göy səmanın altında, Yerin yeddi qatında, pis-pis işlər olacaq, millət naçar qalacaq. Təxminən belə şeylər.
Hələ yeni proqnozçular da onlara qoşulub. Bütün postsovet məkanı ağzını ayıraraq gözünü bizim Zirəddinə dikib ki, görsün, eloğlu bu il keçmiş SSRİ ərazisini necə becərəcək. Bu məkanda ondan çox proqnoz istehsal edən yoxdur. Hər il yeddi düjün müdhiş proqnoz verir. Amma bu işdə hesabatlılıq çatmır. Adam çıxıb demir ki, keçən ilin axırında verdiyi proqnozların nə qədəri cari ildə doğrulub, nə qədəri fıs çıxıb və bu düz çıxmayan proqnozlara görə kim cavabdehdir.
Nostradamus və Vanqa nənədən fərqli olaraq, müasir proqnozçulara “nə oldu, bə demişdin bir Avropa ölkəsi viranə qalacaq, hamısı yerindədir axı” demək olur. Hərçənd onların keçən il dediyi kimin yadındadır. Statistika yox, skrin-şot yox.
Budur, Vanqa nənənin adından yeni bir proqnoz yayılıb: “2024-də Rusiyada hakimiyyət dəyişikliyi olacaq”.
Guya ki, nənə bunu 1970-ci illərdə deyibmiş. O vaxtdan bəri Rusiyada 6 dəfə hakimiyyət dəyişikliyi olub. Hələ 2008-2012-ci ildə Putinin yanında çalışaraq prezident maaşı alan Medvedyevi də nəzərə alsaq, 7 dəfə edir. Amma indi deyirlər, Vanqa konkret il göstərib. Allahdan, gələn il Rusiyada prezident seçkiləri var, hakimiyyət dəyişikliyi mütləq olacaq, ya Putin təzədən seçiləcək və hakimiyyət komandasını yeniləyəcək, ya da başqası seçiləcək, yeni komanda düzəldəcək.
Nə işdirsə, belə proqnozlarda heç vaxt konkretlik olmur. Qeyd edirlər ki, Vanqa konkret insanların və yerlərin adını çəkmədən danışırmış. Nədən? O boyda haqq-hesabları görür, amma harada baş verdiyini, kimlərin iştirak etdiyini görmür?
Proqnoza baxın: “XXI əsrdə Qara dəniz dövlətinin torpaqlarında müharibə başlayacaq”.
Qara dəniz hövzəsində 6 dövlət var. Bu əsrdə onlardan dördünün ərazisində müharibə olub: Rusiya Gürcüstanla savaşıb, Ukrayna ilə savaşır, Türkiyə PKK ilə döyüşür. Amma yozumçular deyir ki, nənə “Qara dəniz dövləti” dedikdə Ukraynanı nəzərdə tutub. Gündəmdə odur axı.
Konkretlik lazımdır. Yoxsa mən özüm də keçən il bu vaxtlar proqnoz vermişdim ki, dünyada dağıdıcı zəlzələlər, daşqınlar, qasırğalar, çoxqurbanlı qəzalar olacaq. Zəlzələlərin yerini də demişdim: Türkiyə, Yaponiya. Qəzalar Hindistanda, qayıqların batması İtaliya sahillərində olacaqdı. Hamısı oldumu? Oldu. Niyə? Çünki hər il olur. Bax, burda yazıram, kəsin, saxlayın. Gələn il də adı çəkilən ölkələrdə o cür hadisələr olacaq.
Yaxud gələn il məşhur adamların vəfat edəcəyini proqnozlaşdırmağa nə var ki? Ölkədə 80-90 yaşlı xeyli məşhur adam var. Bəllidir ki, bu il onlardan 5-6-sı vəfat edəcək.
“Qiymətlər qalxacaq”, “Quraqlıq olacaq”, “Bakıda külək əsəcək”, “Türkmənistanda toz fırtınası qopacaq”, “ABŞ-da tornado Florida ştatını vuracaq”, “Sibir meşələrində yanğın başlayacaq” və s. Pah, proqnozların müdhişliyinə baxın! Əsl proqnoz o olardı ki, fel “olmayacaq” şəklində olsun və gəlsin, o hadisələr olmasın.
Uzun sözün kəsəsi, bu “proqnoz dələduzluğu”na çox da inanmayın. Nə olacaqsa, olacaq. Olacağa çarə yoxdur.
P.S. Əhd edirəm, Putin gələn il prezident seçilməsə Bolqarıstana gedərək Vanqa nənənin məzarını ziyarət edəcəyəm.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ