İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübariz Qurbanlıdan Quma təhsil almağa gedən azərbaycanlı tələbələrlə bağlı AÇIQLAMA

 

"Hazırda İran İslam Respublikası dərin böhran keçirir. Bu böhran eyni zamanda orada din adı altında istifadə olunan siyasətin böhranıdır"

Musavat.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda vaxtilə dini təhsillə bağlı müəyyən tədris ocaqlarının olmamasına görə dini təhsil adı altında ölkəmizdən də tələbələr gedib. Hazırda ölkədə müxtəlif dini təhsil ocaqlarının yaradılması ilə bunun qarşısı alınır. Ümumiyyətlə, nəinki İranda, başqa ölkələrdə də müəyyən dini təhsilin alınmasına biz hazırda ehtiyac duymuruq. Çünki Azərbaycanda İlahiyyat İnstitutu, müxtəlif dini kolleclər var. Bu kolleclər vasitəsilə kifayət qədər kadr hazırlamaq imkanımız var. Əlbəttə, ayrı-ayrı ölkələrə gedib, din sahəsində təhsil alanlar həmin ölkənin dövlət-din modelini mənimsəyir və öz ölkəsinə qayıtdıqdan sonra burada təşviq etməyə çalışırlar.  

O cümlədən, İranda da təhsil alanlar arasında təsir altına düşənlər olub. Onların bəziləri hətta İranda Azərbaycan əleyhinə təbliğatlarda iştirak edirlər. Onların hərəkətlərində cinayət əməlləri var. Azərbaycanın hüquq mühafizə orqanları bununla bağlı müvafiq tədbirlər görür. Azərbaycan bu cür anti-Azərbaycan hərəkətlərə son qoyulmasını tələb edir. Ümumiyyətlə, İranda Azərbaycan əleyhinə edilən hər bir hərəkət bütün sahələrdə bumeranq olaraq özünə qayıdır".

Komitə sədri əlavə edib ki, İran Azərbaycanda bu və ya digər formada istənilən sahədə, o cümlədən də din sahəsində fitnəkar bir əmələ nail ola bilməz:

"Ona görə ki, Azərbaycan xalqı monolitdir, birdir. 44 günlük Vətən müharibəsi də bunu bir daha təsdiq etdi. Mən hesab edirəm ki, Azərbaycandakı din xadimlərimiz də İranın Ermənistana yaxınlığını, ona dəstək verdiyini görür. Ölkəmizdə dövlət din siyasəti yüksək səviyyədədir, stabillik var, bütün din xadimlərimiz də Azərbaycan dövlətinin yanındadır. Bu yaxınlarda din xadimlərimizin bəyanatı da yayıldı. Onlarda İranda din adı altında Azərbaycan əleyhinə bu cür hərəkətləri qətiyyən pisləyiblər. O cümlədən Ermənistanla yaxınlığın müsəlman aləminə zidd olduğunu bildiriblər. İşğal olunmuş ərazilərimizdəki dini abidələrin, məscidlərin dağıdılmasına İran daim göz yumub. Erməni işğalçıları orada olan 67 məsciddən 65-ni, həmçinin digər dinlərə aid ibadət yerlərini dağıdıblar".

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR