Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistan arasında sülh sənədi mətinin razılaşdırılması böyük sülhün əleyhdarlarını hərəkətə keçirib. Hərçənd sənədin imzalanması üçün İrəvan Bakının daha iki şərtinə əməl etmək zorundadır. Əks halda, sənədin uzunömürlü olmayacağı bəri başdan aydındır.
Barışıq əleyhdarlarının hədəflərindən biri də elə budur: həmin iki şərtin reallaşmasını əngəlləməklə sülh anlaşmasını imzalamağa qoymamaq. “Qraparak” erməni qəzetini aşağıdakı xəbəri bu qənaəti gücləndirir.
Nəşr öncə qeyd edib ki, əgər bu yaxınlaradək Ermənistanı Rusiya Prezidentinin Administrasiya (PA) rəhbərinin müavini Dmitri Kozak kurasiya edirdisə, təxminən bir ay əvvəl Vladimir Putin onu PA rəhbərinin birinci müavini, keçmiş baş nazir Sergey Kiriyenko ilə əvəzləyib. O, Ermənistandan başqa, Abxaziya, Cənubi Osetiya və Moldova istiqamətlərinə də cavabdehdir.
Qəzetin yazdığına görə, yeni təyinat Ermənistanın Kreml üçün mühüm istiqamətlərdən biri olduğunun sübutu sayla bilər: “Kiriyenko administrasiyada əsas vəzifələrdən birini tutur. O daha nüfuzlu şəxsdir və Putin ona etimad bəsləyir. Məlumatlara görə, Kriyenko artıq bir sıra erməni siyasətçi ilə danışıqlar aparıb, hətta bəzilərini Kremldə qəbul edib. Bundan əlavə, təsdiqlənməmiş məlumata görə, Ermənistanın eks-prezidenti Robert Köçəryan onunla Moskvada görüşüb. Köçəryanın ofisi isə ənənəvi olaraq şərh verməkdən çəkinir”.
Hələ bir təsdiq də edəcək?..
Ermənistanın eks-prezidentinin gizli Moskva səfərinə gəlincə, şübhə yox ki, Bakı türməsinin “darıxdığı” Xocalı hərbi canilərinin (Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan) və ya hansısa digər radikal-revanşist qüvvənin hakimiyyətə gəlişi Azərbaycanla sülh sazişinin imzalanmasını uzaq perspektivə atacaq. Hansı ki, Rusiyanın da strateji maraqlarına uyğundur. Niyə?
Çünki Moskva bölgədə öz ənənəsinə sadiq surətdə konfliktlər sayəsində öz mövcudluğunu saxlamağa çalışır. Ayrı yol görmür. Əfsus ki, Kremlin regionla bağlı gündəmində xalqlar arasında barışıq, dinc yanaşı yaşamaq kimi “qrafalar” yoxdur. Üzdə sülh tərəfdarı olduğunu bəyan etsə də...
Təsadüfi deyil ki, Putin başda olmaqla, Rusiyanın ən yüksək çinli rəsmiləri 2022-ci ilin oktyabrında Praqada Qarabağı Azərbaycanın tərkib hissəsi elan edən Nikol Paşinyanı hələ də bağışlaya bilmirlər. Köçəryanlar, sərkisyanlar, ohanyanlar üçün isə təbii ki, “artsax” kitabı bağlanmayıb.
Eyni səbəbdən revanşistlər Ermənistan konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının qalması üçün hər şeyi edir və edəcəklər. Hansı iddialar ki, Kremlin də maraqlarına uyğundur. Ona görə ki, bu, kapitulyant ölkədə Rusiya hərbi mövcudluğunu zəruri edir, “xoxan Türk” obrazını “təravətli” saxlayır. Eyni zamanda, bu iddialar Azərbaycana qarşı istənilən vaxt müharibəyə başlamaq üçün “hüquqi” əsasdır. Eləcə də Minsk Qrupunun saxlanması konfliktin bitmədiyi görüntüsü yaratmaq üçün vacibdir.
Ancaq bir var, müxalifətdə olub belə çirkin məqsədlər üçün çalışasan, bir də var əlində hakimiyyət varkən. Əlbəttə ki, ikinci halda revanşistlər özlərini daha rahat hiss edəcəklər. Üstəgəl, onlar Rusiyanın birbaşa himayəsi altında olacaqlar. Doğrudur, ölkədə müxalifətin reytinqi çox aşağıdır, ancaq Paşinyan iqtidarının imici də heç vaxt olmadığı qədər düşüb – opponentlərdən yüksək olsa da. Daha vacibi, erməni cəmiyyətində “mitasum” xülyası kifayət qədər güclü olaraq qalır...
Amma bu reallıqlar hakim partiyanı səbirlə öz xalqını sülhə hazırlamağa mane olmamalıdır. Paşinyan hökuməti gerçəkdən də öz cəmiyyəti üçün yeni dağıdıcı müharibə arzulamırsa, sülh və əmin-amanlıq naminə Bakı ilə sülh müqaviləsinin tezləşməsini istəyirsə, o zaman tələsməli, Xocalı caniləri, yaxud hansısa digər revanşist dəstə hakimiyyətə qayıtmamış, Güney Qafqazda Kremlin əl-qolu təzədən açılmamış konstitusiyanı beynəlxalq hüquqa uyğunlaşdırmağın yolunu tapmalıdır. Bunu parlament səviyyəsində etmək mümkünsə, parlament çərçivəsində etməlidir.
Hər halda bir sıra hüquq ekspertləri bu variantı da mümkün sayırlar. Minsk Qrupunun yuridik ləğvi isə qat-qat asandır. Bundan ötrü Azərbaycanla birgə ATƏT rəhbərliyinə yazılı müraciət etmək yetər...
Analitik xidmət,
Musavat.com
12 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ