Onlayn ictimai-siyasi qəzet
Zaman-zaman magistral yollarda təmizlik işləri ilə məşğul olan insanların həyati təhlükəsizliyi gündəmə gətirilir. Mətbuatda və sosial şəbəkələrdə bu barədə müzakirələr aparılır, ekspertlər səhərin alaqaranlığında yolları süpürənlərin qarşılaşdığı risklərdən danışır, həyəcan təbili çalırlar. Amma vəziyyət dəyişmir. Yenə də xəbərlərdə hansısa süpürgəçini avtomobilin vurması ilə bağlı məlumatlara rast gəlirik.
Yaxın günlərdə səhər saat 6 radələrində Musavat.com əməkdaşı da belə bir mənzərənin şahidi olub.
Magistral yolda sürətlə hərəkət edən avtomobillərin arasına çıxan süpürgəçi qadınlar təmizlik işləri görürlər. Küçələrin zəif işıqlandırıldığı həmin vaxtda onların həyatının hər an təhlükə ilə üz-üzə olduğunu açıq görmək mümkün idi.
Əslində, bu problem illərdir mövcuddur. İstər Bakıda, istərsə də bölgələrdə yolların təmizliyi üçün küçə süpürgəçiləri səhər saatlarında, bəzən də gecənin qaranlığında işə çıxarılır. Onlara xüsusi geyim formaları verilsə də, bu geyimlərin əksər hallarda işıq əks etdirici elementləri yoxdur. Bu səbəbdən sürücülərin onları görməsi çətinləşir və qəza riski qat-qat artır.
Mütəxəssislərin fikrincə, magistral yollarda süpürgəçilərin əl əməyindən istifadə olunması artıq köhnəlmiş təcrübədir. Bir çox ölkələrdə bu işlər xüsusi texnika ilə həyata keçirilir. Yolları təmizləyən avtomat süpürgə maşınları həm daha effektlidir, həm də insan həyatını təhlükəyə atmır. Azərbaycanda da belə texnikalar mövcuddur, amma onların istifadəsi məhdud çərçivədə qalır.
Süpürgəçilərin ağır zəhməti hər kəsin göz qabağındadır. Onlar səhərin soyuğunda, yağışda, qarda şəhərin təmiz qalması üçün çalışırlar. Amma bu zəhmət heç də həyatları bahasına başa gəlməməlidir. Bu problemin həlli üçün həm bələdiyyələr, həm icra hakimiyyətləri, həm də məsul qurumlar təcili addım atmalıdır.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda yollarda çalışan təmizlik işçilərinin işıq əks etdirici geyimlər geyməsi qanunla tələb olunmalıdır. Ölkəmizdə isə bu, tövsiyyəedici xarakter daşıyır: “Bəzi ölkələrdə bu tələb kimi qoyulub, ona əməl etməyən şəxslər isə cəzalandırılır. Azərbaycanda da qanun sərt üzünü göstərməyənə qədər heç kim bu tövsiyyəyə əməl etməyəcək. Süpürgəçini yola çıxaran aidiyyəti qurum məsuliyyət daşımalıdır. Gələcəkdə təhlükəli və qaranlıq yollar xüsusi texnika ilə təmizlənsə, daha yaxşı olar. Çünki süpürgəçilərin bir çoxu yaşlı insandır və yol hərəkəti qaydalarını çox da yaxşı bilmirlər. Buna görə də onların mühafizəsi mütləq təmin olunmalıdır. Səhər saat 4-5 radələrində bu insanlar yola çıxarılır və işlədilir. Bir ara yol polisinin özü onlara işıq qaytarıcı gödəkcə payladı. Bu geyimlərə vaxtında texniki qulluq olmadığı üçün zay bir məhsula çevrildi. Onlar vaxtında batareyalarla təmin edilməlidir ki, işığı əks etdirən elementlər işlək vəziyyətdə olsun. Bəzi MKİS-lər və icra hakimiyyətləri bu batareyaları almaq istəmirlər, maraqlı deyillər. Onu da deyim ki, bu geyimlər bir vasitədir, amma tam effektli deyil. Normal iş şəraiti yaradılmalı və texniki dəstək göstərilməlidir. Bakının küçələri işıqlandırılmalıdır. Gecə 4-5 radələrində süpürgəçi işıq olmadan yolları təmizləyəndə maşın onu görmür və vurub öldürür. Qənaət adı ilə 12-dən sonra işığı söndürürlər. Yol hərəkəti haqqında qanunun 7-ci maddəsinin tələblərinə nəzər salsaq, həmin maddədə açıq şəkildə yazılıb ki, dövlətin məsuliyyəti, vətəndaşın məsuliyyətindən daha artıqdır. Orada göstərilir ki, insan həyatı daha dəyərlidir.
Gürcüstana elektrik enerjisi satırıq, orada bütün küçələr gecələr işıqlı olur, bizdə isə küçələri zülmət bürüyür. Yol qəzalarının əksəriyyəti qaranlıqda və ya toranlıq vaxtı baş verir”.
Ekspert xüsusi texnikadan istifadədən də danışıb: “Xüsusi texnikalardan istifadə mümkündür. Onların alışı bahalı deyil, normal qiymətədir. Görüntü üçün üzə çıxarıb, sonra da qarajlara yığırlar. Halbuki təhlükəli yollarda onlardan istifadə xeyli riski azaltmış olar”.
Şahanə Rəhimli
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ