İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Tehran və Bakını bir masaya oturtmaq istəyir

Əməkdaşlıq formatları o zaman reallaşa biləcək ki, regiondakı dövlətlərin heç birinin arasında gərgin münasibətlər mövcud olmayacaq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son  brifinqdə bildirib ki, Moskva 3+3 formatını davam etdirməyi hədəfləyir. O, Ermənistan-Türkiyə münaqişəsinə də toxunub. “Biz 2021-ci ilin dekabrında fəaliyyətə başlayan 3+3 məşvərətçi regional platformanın (Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə) işini təşviq etməyi hədəfləyirik.

Biz regional oyunçuların maraqlarına uyğun olaraq əməkdaşlığın gücləndirilməsinin praktiki məsələlərinə diqqət yetirilməsi planlaşdırılan bu platformanı faydalı və vaxtında hesab edirik. Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə, Rusiyanın himayəsi altında bu öhdəliyə 2022-ci ilin yanvarında Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk dəfə Moskvada görüşdüyü vaxt başlayıb. Bu günə kimi onların hər ikisi ilə sıx əlaqə saxlayırıq. Biz regional vəziyyətin daha da yaxşılaşmasına töhfə verəcək Ermənistan-Türkiyə əlaqələrinin bərpası üçün perspektivlər açan son hadisələri alqışlayırıq”, - deyə Zaxarova bildirib.

Zaxarova bu açıqlamanı verəndə Tehrandakı Azərbaycan səfirliyində məlum terror aktı baş vermişdi və Rusiya XİN-in nümayəndəsi bunu pisləmişdi. Amma buna baxmayaraq, Moskva hələ də Tehran və  Bakının bu əməkdaşlığı davam etdirəcəyə ümid edir.

Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Formata ilk dəstək verən ölkə Rusiya idi. İran əvvəlcə səssiz qalsa da, sonda razılaşdı. Gürcüstan isə heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar. Gürcüstan bəyan edib ki, “hazırkı mərhələdə Gürcüstanın Rusiya ilə birgə yeni regional formatlarda iştirakı mümkünsüzdür”. İndiyədək Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+2" formatında regional platformanın ilk toplantısı keçirilib. İclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılıb.

Qeyd edək ki, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bir ay əvvəlki Moskva görüşündə “3+3" əməkdaşlıq formatı müzakirə olunub.

Bəs İranla-Azərbaycan arasındakı bu gərginlikdən sonra bu əməkdaşlıq  formatını irəli aparmaq asan və mümkün olacaq?

Azər Həsrət:

Azər Həsrət

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, İranla Azərbaycan arasındakı gərginlik əbədi davam edən deyil. Yəqin bir müddət sonra münasibətlər tədricən düzələcək: “Azərbaycan dövləti bütün qonşu dövlətlərlə dinc, normal qonşuluq münasibətlərində maraqlı olduğunu daim bəyan edir. İndiki şəraitdə İranla münasibətlərdə gərginliyin yaranması 3+3 əməkdaşlıq formatının ən azından yaxın müddətdə reallaşmasının mümkünlüyünü arxa plana keçirir. Üstəlik, o da məlumdur ki, İranın özü hələ bu format yeni elan olunanda müsbət reaksiya verməmişdi. Rusiyanın təkidindən sonra könülsüz şəkildə ümumən razılığa bənzər fikir ifadə olunmuşdu. Gürcüstan isə birmənalı şəkildə bəyan etmişdi ki, Rusiya onun torpaqlarını işğal edib və buna görə də əməkdaşlıq formatında iştirak edə bilməz. Bu amillərə görə sözügedən format üstündən uzun müddət keçməsinə baxmayaraq reallaşmayıb. Amma yəqin ki, bir gün Gürcüstanın da ərazi bütövlüyü problemi həllini tapacaq, İranla Azərbaycanın münasibətləri normallaşacaq və 3+3 əməkdaşlıq formatının reallaşması istiqamətində hər kəs masaya oturacaq və danışıqlar başlayacaq. Hələlik isə bu görünmür. İranı idarə edənlər Azərbaycana qarşı addımlarından əl çəksələr, gərginliyin bitməsi üçün hərəkətə keçsələr, Azərbaycanla münasibətləri normal qonşuluq münasibətləri çərçivəsində qurmağa çalışsalar, yəqin ki, vəziyyət yaxşıya dəyişəcək. Regionda əməkdaşlıq formatları o zaman reallaşa biləcək ki, regiondakı dövlətlərin heç birinin arasında gərgin münasibətlər mövcud olmayacaq. Bu baxımdan bilmək lazımdır ki, İranla Azərbaycan arasında gərginlik bitsə belə, 3+3 formatı reallaşmaz. Çünki yuxarıda dediyimiz kimi, Rusiya ilə Gürcüstan arasında ərazi məsələsinə görə münasibətlər pozulub. Eləcə də Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı iddiaları hələ də qalır. Bu məsələlər də həllini tapmalıdır ki, əməkdaşlıq formatının mümkünlüyündən danışmaq mümkün olsun”.

Azad MƏSİYEV - TEZADLAR

Azad Məsiyev 

Politoloq Azad Məsiyev isə bildirdi ki, 3+3 əməkdaşlıq formatı regionda sülhə, sabitliyə, inkişafa hesablanmış və burada olan ölkələrin hər birinin faydasını nəzərdə tutan əməkdaşlıq formatıdır. Lakin təəssüf ki, bu cür faydalı təklifin reallaşması bəlli səbəblərdən mümkün olmayıb: “İndi isə bu formatı əngəlləyən amillər sırasına İranın Azərbaycana qarşı atdığı addımlar da əlavə olunub. Rusiya Türkiyə Prezidenti cənab Ərdoğanın irəli sürdüyü 3+3 formatını ilk vaxtdan dəstəkləyir və Zaxarovanın son açıqlamasından məlum olur ki, bu gün də dəstəkləyir və reallaşmasında maraqlıdır. Region dövlətlərinin əməkdaşlıq platformasının qurulması regionun bütün dövlətlərinin təhlükəsizliyinə xidmət edir. Ona görə də yaxşı olar ki, 6 dövlətin hər biri bunu nəzərə alaraq konkret addımlar ataydılar. Zəngəzur dəhlizinin açılması 3+3 əməkdaşlılq formatının reallaşmasına müsbət təsir göstərə bilər. Hazırda isə İranın Azərbaycana qarşı dost olmayan münasibəti üzündən yaranan gərginliklər bu formatda danışıqları mümkünsüz edən faktorlardan birinə əlavə olunub. İranla Azərbaycan arasında münasibətlərin daha da korlanmasını Qərb və Ermənistan arzu edir. İran hakimiyyəti vəziyyəti dəqiq təhlil edib nəticə çıxarmalıdır. İranın Azərbaycanla münasibətlərinin normal olması ilk növbədə İranın xeyrinədir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR