Onlayn ictimai-siyasi qəzet
“Ermənistanla sülh sazişinin tamamlanması Azərbaycan üçün regionun sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişafyönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər”. Bu, Moody’s Beynəlxalq Reytinq Agentliyinin hesabatında yer alıb.
Hesabatda qeyd edilib ki, bu, həm də Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını dəstəkləyə bilər: “Bu, hökumətin regionu rəqəmsallaşmış, yaşıl zona kimi inkişaf etdirmək və qeyri-neft sektorlarından - turizm, kənd təsərrüfatı, qida və digər sənaye hədəflərini həyata keçirməsi baxımından iqtisadi diversifikasiyaya daha da töhfə verə bilər. Əlavə olaraq, regional sabitliyin yaxşılaşması son üç ildə tranzit həcmlərində əhəmiyyətli artım müşahidə olunan Orta dəhlizin cəlbediciliyini və davamlılığını gücləndirə bilər”.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ötən il Azərbaycana birbaşa xarici investisiya qoyuluşu 7 milyard ABŞ dolları təşkil edib. Bu, illik ifadədə göstəricinin 5,83 faiz artması deməkdir. İl ərzində xarici investisiyaların ölkədən repatriasiyası isə 7,3 milyard ABŞ dollarına bərabər olub.
Ölkəyə yatırılan xarici investisiyalarda top 5-də Birləşmiş Krallıq (1,8 milyard ABŞ dolları), Türkiyə (1,2 milyard ABŞ dolları), Macarıstan (1 milyard ABŞ dolları), Cənubi Kipr (746 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 490 milyon ABŞ dolları) qərarlaşıb.
Hesabat dövründə Azərbaycan xaricə 1,8 milyard ABŞ dolları birbaşa investisiya yönəldib. Bu baxımdan top 5-də BƏƏ (458 milyon ABŞ dolları), Türkiyə (249 milyon ABŞ dolları), Gürcüstan (165 milyon ABŞ dolları), Birləşmiş Krallıq (111 milyon ABŞ dolları) və Özbəkistan (93 milyon ABŞ dolları) qərarlaşıb.
Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 968.9 milyon dollar kəsir yaranıb. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 80.7 faiz təşkil edib. Qiymətləndirmələrə görə, 2024-cü ildə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 32.1 faiz azalaraq 1.4 milyard dollar təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqlənib. Srategiyada 2026-cı ilə qədər qeyri-neft-qaz sektoru üzrə birbaşa xarici investisiyaların həcminin hər il 10-15 faiz artımı nəzərdə tutulub. Həmçinin investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması, iqtisadiyyatın şəffaflaşması kimi bir sıra məsələlər qarşıya məqsəd kimi qoyulub.
Strategiya qəbul olunduqdan sonra 2022-ci ildə qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların həcmi 2,3 dəfə artaraq 1,8 milyard dollara, 2023-cü ildə 9 faiz artaraq 2 milyard dollara çatsa da, 2024-cü ildə artım tempi kəskin azalma ilə əvəz olunub. Bu, ümumilikdə ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının azalması ilə müşayiət olunur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyard 435,1 milyon manat və ya 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilib. İl ərzində neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3 faiz artıb.
Bu il əsas kapitala investisiya qoyuluşlarındakı azalma kəskin şəkildə sürətlənib. Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 8,9 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz az investisiya yönəldilib. Bu dövrdə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz azalıb.
2025-ci ilin yanvar-fevral aylarında neft-qaz sektoruna 618,6 milyon manatlıq investisiya yönəldilib. Qeyri-neft-qaz sektorunun inkişafına sərf edilən 1 milyard 390,3 milyon manatlıq investisiyanın 280,6 milyon manatı (ümumi sərmayənin 14,0 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə olunub.
Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 638,1 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya yönəldilmişdi. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 faiz artmışdı.
2024-cü ilin yanvar-fevral aylarında neft-qaz sektoruna 904,9 milyon manatlıq investisiya yönəldilmişdi. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 1 milyard 733,2 milyon manatlıq investisiyanın 97,9 milyon manatı (ümumi sərmayənin 3,7 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilmişdi.
Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın başlatdığı və artıq qlobal xarakter alan ticarət müharibəsi fond və xammal bazarlarında böyük təlatümlərə səbəb olub. Dünyanın ən böyük texnologiya şirkətlərinin trilyonlarla dollar itkiyə məruz qalması ilə eyni vaxtda əsas xammal bazarlarında qiymətlər sürətlə enir. Son 7 gün ərzində Azərbaycan iqtisadiyyatının birbaşa asılı olduğu neft qiymətlərində 17 dollardan yuxarı azalma qeydə alınıb. Brent markalı neftin qiyməti 59-60 dollar, Azərbaycanın AzeriLitght markalı neftinin qiyməti isə 65-66 dollar ətrafında dəyişir. 2025-ci ilin dövlət büdcəsinin gəlirlərinin neftin 70 dollar qiyməti ilə hesablandığını nəzərə alsaq, hazırkı qiymətlərin uzunmüddətli davam etməsi iqtisadiyyata investisiya yatırımlarının daha da azalmasına gətirib çıxaracaq. Çünki hazırda işğaldan azad olunmuş ərazilərdəki bərpa-quruculuq işləri də nəzərə alınmaqla, Azərbaycanda iqtisadiyyata investisiyalarda dövlətin payı 80 faizdən yuxarıdır. Belə bir şəraitdə xarici investisiyalara ehtiyac daha da artır. Ermənistanla sülh müqaviləsinin imzalanması bu baxımdan əhəmiyyətli irəliləyişə gətirib çıxara bilərmi?
Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, beynəlxalq agentliyin proqnozu ilə razıdır: “Bu mənada ki, işğaldan azad olunan ərazilər bütünlüklə yenidən qurulmalıdır. Burada dövlətin kifayət qədər böyük yükü var. Xüsusilə azalan neft gəlirləri fonunda bu yükün maliyyələşdirilməsi imkanları ciddi şəkildə məhdudlaşır. Dövlət daha çox icitmai, sosial infrastrukturun qurulması istiqamətində layihələrin həyata keçirilməsinə fokuslanmalıdır. Hansı ki, mövcud dövlət-özəl tərəfdaşlığı formatı çərçivəsində belə infrastruktur layihələrinə xaricdən maliyyə vəsaitinin cəlb olunması imkanları məhduddur. Amma Azərbaycan hökuməti eyni zamanda özəl sektorda da dövlət investisiyalarını önə çəkir. İndiyədək iqtisadiyyatın bütün sektorlarında həyata keçirilmiş bütün böyük layihələrdə dövlətin aparıcı iştirakı olub. Qarabağda yaranmış böyük maliyyə tələbatı dövlətin öz iştirakını azaltmasını, sosial və ictimai infrastruktur layihələri ilə kifayətlənməsini, vəsaiti, diqqətini bura yönəltməsini tələb edir. Eyni zamanda bərpa prosesinin daha da sürətləndirilməsi, ərazilərə köçürülmüş insanların dayanıqlı məskunlaşmasının təminatı baxımından iqtisadi mühitin xidmətlər və məhsulların təklifinin təmin edilməsi, aktivlik, məşğulluq kimi faktorlar da çox önəmli olduğu üçün xarici investisiyaların bölgəyə cəlb olunması zərurətə çevrilir. Belə investisiyalar Azərbaycanla yaxın və ən azı normal siyasi münasibətləri olan ölkələrdən cəlb edilə bilər. Bura Türkiyə, Rusiya, İsrail, Ukrayna, Körfəz və Orta Asiya ölkələrindən gələ bilər. Bunun üçün kifayət qədər real şanslar var və ümid edirəm ki, bu şanslardan faydalanılacaq”.
Ekspert bildirir ki, işğaldan azad olunan ərazilərdə sahibkarlıq fəaliyyəti üçün investorlara lazım olan bütün güzəştlər tətbiq olunur: “Bu ərazilərdə sahibkarlar üçün həm vergi, həm sosial ödənişlər baxımından, həm də digər sahələrdə çoxsaylı və cəlbedici güzəşt və imtiyazlar var. Ən azından bu imtiyazları əhatə edən hüquqi çərçivə formalaşdırılıb, təşviqlər verilir. Təbii ki, xarici investorlar üçün davamlılıq əsas şərtdir. Bu baxımdan, Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması əsas faktordur. Sülh müqaviləsi imzalanarsa və həmin ərazilərə münasibətdə xarici investorlar qarşısında siyasi maneələr yaradılmazsa, cəlbedici siyasətlər ortaya qoyularsa, bu bölgə orta və uzunmüddətli dövrdə - qarşıdakı 10-20 ildə ümumilikdə ölkə iqtisadiyyatının lokomitivinə çevrilə, iqtisadi artıma mühüm töhfə verə bilər”.
R.Həsənovun fikrincə, uzun illər boyu Qarabağ münaqişəsi təmas xətti boyunca yerləşən ərazilərə, bütövlükdə Azərbaycana investisiya cəlb edilməsinə müəyyən təsirini göstərib: “İndi belə həssaslıq hazırda işğaldan azad olunmuş ərazilərlə bağlı müəyyən qədər hiss olunur. Potensial investorlar yekun sülh müqaviləsinin imzalanması, bölgədə proseslərin tam aydınlaşmasını istəyirlər, gözləyirlər. Onu da qeyd edim ki, yalnız azad olunmuş ərazilərdə deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatına xarici investorların rahatlıqla yatırım etməsi üçün hüquqi mühit əlverişli olmalıdır. Söhbət yalnız hansısa güzəştlərin verilməsindən getmir, söhbət hüquqi çərçivələrdən, təminatlardan gedir. Bu sahədə bütün ölkə üçün görüləsi işlər var və onların qısa müddətdə reallaşması lazımdır ki, iqtisadiyyat ciddi ehtiyac duyduğu investisiyaları əldə edə bilsin”.
Dünya SAKİT,
“Yeni Müsavat”
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ