İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriminal fəaliyyətlər, vergidən yayınma... - Kriptovalyuta bazarında nələrə diqqət edək?

Son illər kriptovalyuta bazarı bütün dünyada böyük maraq doğurur. Bitcoin, Ethereum və digər rəqəmsal aktivlər təkcə sərmayə vasitəsi kimi deyil, həm də ödəniş aləti kimi istifadə olunmağa başlayıb.

Mütəxəssislərin sözlərinə görə, kriptovalyutanın əsas fərqi onun mərkəzləşdirilməmiş sistem üzərində qurulmasıdır. Yəni bu pul növü nə bankların, nə də dövlətlərin birbaşa nəzarətindədir.

Əməliyyatların blokçeyn texnologiyası ilə aparılması isə həm təhlükəsizlik, həm də şəffaflıq baxımından üstünlük yaradır.

Artıq dünyanın bir çox ölkəsində onlayn mağazalar, turizm şirkətləri və hətta bəzi aviaşirkətlər kriptovalyuta ilə ödəniş qəbul edir. Bu da rəqəmsal pulların gündəlik həyatda rolunun artdığını göstərir.

Lakin risklər də az deyil. Kriptovalyutaların qiyməti qısa müddətdə kəskin dəyişə bilir. Bu isə sərmayəçilərə həm böyük qazanc, həm də ciddi zərər gətirə bilər. Eyni zamanda, bəzi ölkələrdə hüquqi mexanizmlərin olmaması fırıldaqçılıq hallarına yol açır.

Azərbaycanda kriptovalyutaların ödəniş vasitəsi kimi istifadəsi hələ qanuniləşdirilməyib. Bununla belə, çox sayda vətəndaş beynəlxalq birjalar vasitəsilə sərmayə yatırır.

İqtisadçılar isə xüsusən gənclərə xəbərdarlıq edirlər: bu sahəyə daxil olmadan əvvəl maarifləndirmək, riskləri öyrənmək və yalnız itirə biləcəkləri qədər vəsait qoymaq lazımdır.

Dünyada kriptovalyutalar sürətlə yayılaraq milyonlarla insan üçün əsas investisiya vasitəsinə çevrilib. İnkişaf etmiş ölkələrdə bu rəqəmsal aktivlər həm alqı-satqı, həm də sərmayə məqsədilə geniş istifadə olunur. Lakin bəzi ekspertlər kriptovalyutaların gələcəyinə skeptik yanaşırlar.

NATİQ CEFERLİ.jpg (27 KB)

İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, kriptovalyutalar sabit maliyyə aləti deyil:

“Kriptovalyutalar perspektivi olmayan, spekulyativ bir sahədir. Burada qiymətlərin qalxıb-azalması sırf spekulyativ faktorlarla bağlıdır və həddindən artıq qeyri-sabitdir. ABŞ prezidenti Donald Tramp və onun komandası kriptovalyutalara müsbət yanaşır deyə bu münasibət dünya bazarında qiymətlərin yüksəlməsinə təsir edir. Sabah ABŞ-nin mövqeyi dəyişsə, qiymətlər də sürətlə düşə bilər”.

Ekspert əlavə edib ki, kriptovalyutaların məqsəd və məğzini anlamaq hələ də çətindir:

“Alış-veriş etmək üçün elektron pullar, kartlar, bank hesabları mövcuddur. Kriptovalyutalar nəyə lazımdır? Bu suala heç kimin konkret cavabı yoxdur. Onları cəlbedici edən əsas məqam anonimlikdir. Lakin məhz bu anonimlik kriptovalyutaları kriminal fəaliyyətlər, vergidən yayınma və digər qanunsuz əməliyyatlar üçün əlverişli edir”.

Natiq Cəfərlinin fikrincə, kriptovalyutalara artan maraq həm də onların kölgə iqtisadiyyatında istifadəsinə şərait yaradır.

Buna baxmayaraq, ekspert qeyd edib ki, dünyada artan tendensiyalar nəzərə alınarsa, bu sahənin gələcəkdə Azərbaycanda da inkişaf etməsi ehtimalı yüksəkdir.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR