İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla Pənah Vaqif rusofil olub?

Vaqifə guya Şuşada heykəl qoyulacağı müzakirələr yaratdı: “Əhməd bəy Ağaoğlunun Xankəndinə tərəf boylanan əzəmətli heykəli qoyulmalıdır”

 Artıq bir neçə gündür Molla Pənah Vaqifin Şuşada heykəlinin ucaldılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu isə bəzi sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub. Belə ki, onlar Şuşada Vaqifin məqbərəsinin olduğunu bildirib və əzəmətli heykəl üçün başqa bir şəxsin – Üzeyir Hacıbəyov və yaxud Pənahəli xanın seçilməsinin daha doğru ola biləcəyini qeyd ediblər.

Şuşada Vaqifə heykəl qoyulsunmu?

Bakupost.az - Pensiya yaşı azaldılmalıdır - Fazil Mustafa - VİDEO

Fazil Mustafa 

Millət vəkili Fazil Mustafa məsələyə bu cür münasibət bildirib: “ Vaqif dilimizin şirinliyini yaşadan şairdir, gözəl ədəbi irs qoyub. Onun xatirəsinə böyük bir məqbərə də ucaldılıb və işğaldan sonra əla təmir olunub. Vaqif poeziya günlərinin bərpası da müsbət bir addımdır. Şuşada vaxtilə ermənilərdən millətimizin qisasını almış "Difai" təşkilatının qurucusu, əslən şuşalı, dədə-baba evi Şuşada dağıdılmış, Azərbaycanın gəlmiş-keçmiş ən böyük mütəfəkkiri, Osmanlı, Azərbaycan və Türkiyə Cumhuriyyətləri parlamentlərinin millət vəkili olmuş Əhməd bəy Ağaoğlunun Xankəndinə tərəf boylanan əzəmətli heykəli qoyulmalıydı. Erməniyə mehribancasına şeir söyləmək, mahnı oxumaq deyil, həlledici zərbə vurmaq üçün yenidən bir "Difai' hərəkatına və yaxud ideyasına zərurət var. O cümlədən Yusif Vəzir Çəmənzəminli kimi böyük yazar, dövlət xadiminin adını qabartmaq daha doğru olardı”.

Elbəyi Həsənli təkzib etdi

Elbəyi Həsənli 

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli isə mövzuya ilə bağlı mövqeyini qısaca olaraq qeyd edirik: “Hər oxuyan Molla Pənah olmaz... Molla Pənah Vaqifə Şuşada heykəl qoyulmasına etiraz edənlərin çoxluğuna xeyli təəccüb etdim. Hərənin öz arqumenti var.  Əvvəla, Vaqifin kimliyinə Azərbaycan xalqı çoxdan və birmənalı qiymət verib: "Hər oxuyan Molla Pənah olmaz.” Yəni bu kişi aşırı səviyyədə parlaq zəka sahibi olub”.

Qeyd edək ki,  2016-cı ilin dekabr ayında Şəkidə keçirilən Türksoy Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısında 2017-ci ilin "Molla Pənah Vaqif ili" elan olunub. YUNESKO-nun yubileylər proqramı çərçivəsində "2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na Molla Pənahın da adi daxil edilib. 2017-ci ildə Azərbaycanda Molla Pənah Vaqifin 300 illik yubileyi keçirilib.

Mehriban Vəzir Şuşaya aparılmayıb- Xanım yazıçının adı siyahıda  olub,amma... • Faktinfo.az

Mehriban Vəzir 

Yazıçı-publisist Mehriban Vəzir də qeyd edib ki, Şuşa qalasında ilk öncə Pənahəli xanın, xüsusilə də İbrahim xanın heykəli qoyulmalıdır: “Amma hələ qoyulmaz, fikrindəyəm. Çünki bu heykəlin ətəyində yazılmalıdır ki, İbrahim xanı rus hərbi qatil mayor Lisaneviç gecə yatdığı yerdə əhli-əyalı ilə, azyaşlı uşaqları ilə vəhşi heyvan kimi hücum edib qətlə yetirdi. Sonra da görk üçün parça-tikə edib doğradı. Rus zabitin bir qatil olduğu yazılsın gərək o heykəlin lövhəsində. O üzdən Vaqif daha loyal görünüb hər zaman Kremlə, türbəsi  ucaldılıb. Sovet ideologiyası Vaqifdən rusofil uydurub. Özümüzdən özümüzə düşmən yaradıb, özümüzü özümüzlə vurub. Rusun təbəəliyi Vaqifin nəyinə lazım idi, Vaqif mütləq hakimiyyətinin qorunması peşində idi. Tarixi şəxsiyyətlərimizi öyrənək, bu, bizim kimlik tariximizdir. Vaqif də, İbrahim xan da, Nərimanov da bizim sələflərimizdir. Sadəcə biri belə, biri elə, nə kəsiləsidi, nə atılası... “

Qeyd edək ki, bəziləri sosial şəbəkələrdə görüntüsü yayılan heykəlin əslində Vaqifin deyil, İmaməddin Nəsimiyə aid olduğunu ehtimal edir. Mədəniyyət Nazirliyi müzakirə mövzusuna çevrilən heykəlin sifarişçisi olmadığını açıqlayıb.

Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olub. Vaqif yaxşı təhsil görmüş, fars və ərəb dillərini öyrənmişdi. Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyib, elmi və bacarığı ilə fərqləndiyinə görə Molla Pənah adını alıb. Qarabağa gəldikdən az sonra Şuşada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınıb. Bunu nəzərə alan Qarabağ hakimi İbrahimxəlil xan Vaqifi baş vəzir təyin edib. 

1796-cı ildə qraf Valerian Zubovun başçılıq etdiyi rus qoşunları Qarabağ sərhədlərinə yaxınlaşanda İbrahimxəlil xan oğlu Əbülfət ağanın başçılığı ilə onun yanına elçilər göndərib. Bu heyətə Vaqif və tanınmış Qarabağ bəylərinin oğlanları da daxil idi. Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. 

1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Çar-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Vaqifdən xoşu gəlməyən Məhəmməd bəy onu oğlu Əli bəylə birlikdə öldürtdürür. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı belə bir faciəli sonluqla bitir.

 Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.

 Onun “Durnalar”, “Heyran olmuşam”, “Toy adamları”, “Sonalar kimi”, “Tel nazik” və başqa şeirlərinə mahnılar bəstələnib. Səməd Vurğun “Vaqif” dramını və Ramiz Mustafayev eyni adlı operanı istedadlı şairə həsr edib.

Xalidə Gəray
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR