İnsanlara hürriyət, millətlərə istiqlal!

Minilliklərin izində, Dəmirçidə nələr gördüm - REPORTAJ, FOTOLAR

Tatdilli azsaylı icmanın yaşadığı bu kənd həm turizm, həm də elmi baxımdan unikal məkandır

Şamaxının dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən Dəmirçi kəndi həm füsunkar təbiəti, həm də qədim tarixi ilə səyyahları valeh edir.

Bələdçilər bildirirlər ki, Dəmirçi Şamaxının ucqar kəndlərindən biridir. Tatdilli azsaylı etnosların yaşadığı kənddir. Tarixi İpək yolunun üzərində yerləşməsi xüsusi əhəmiyyət kəsb edir. Kəndin adı burada məskunlaşan dəmirçilərlə bağlıdır. Hazırda kənddə təxminən 500 ev var.

İş yerlərinin məhdud olması, kənd təsərrüfatına marağın azalması urbanizasiyaya ciddi təsir göstərib. Kənddə təxminən 100 evdə yaşayış var, əsasən yaşlılar qalıb.

Tarixi məlumatlara əsasən, Əhən kəndindən gəlmiş ailələr burada əvvəlcə mövsümi, sonra isə daimi olaraq məskunlaşıblar.

Sakinlərin əsas məşğuliyyəti olan dəmirçilik bu yaşayış məntəqəsinin adını da müəyyən edib.

Mərkəzdəki kiçik meydanda yerli sənətkarların əl işləri, misgərlik emalatxanası, “ABAD” dükanı, “Azərxalça” guşəsi və suvenir mağazası kəndin turizm potensialını gücləndirir. “Qala” və bulaq kompleksi, təmir olunmuş məscid bu qədim yaşayış məntəqəsini həm də mənəvi mərkəzə çevirir.

Lakin bu dəfə bizi kəndə gətirən səbəb fərqlidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Dəmirçi Arxeologiya Muzeyində ölkənin qədim keçmişinə aid çox maraqlı eksponatlar toplanıb. Elə girişdən hiss olunur ki, buradakı hər daş, hər gil parçası minilliklərin səsini içində saxlayır.

DEMİR.jpeg (982 KB)

Muzeyin girişində ziyarətçiləri müasir arxitektura ilə birləşdirilmiş sadə, zövqlü bina qarşılayır. Burada həm açıq hava ekspozisiyası, həm də qapalı sərgi zalları var. Muzeyin inşasına 2018-ci ilin fevralında başlanıb. Elə həmin ilin 26 avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva muzeyin açılışında iştirak ediblər.

3 min illik tarixin izləri – daşlar, skeletlər, qılınclar…

Muzeyə giriş qiyməti 2 AZN-dir. Əsas ekspozisiya zalında 7 bölmə yaradılıb. Bu bölmələrdə Şamaxı, xüsusilə Dəmirçi kəndində aparılan qazıntılar nəticəsində aşkarlanmış qədim maddi-mədəniyyət nümunələri sərgilənir. Qılınclar, daş alətlər, tunc bəzək əşyaları, qədim gil qabların hər biri bir dövrün, bir həyat tərzinin şahididir.

Ən maraqlı məlumatlardan biri Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı təsadüfən aşkarlanan nekropol haqqındadır. Kənddən 4 km aralıda Gədəli yaylağında yerləşən bu ərazi arxeoloqlar üçün əsl xəzinəyə çevrilib. Burada son antik və erkən orta əsrlərə aid 30-dək qəbir aşkar olunub. Qəbirlərdəki skeletlərin yerləşmə forması, onların yanından tapılan əşyalar buranın yüksək sosial statusa malik şəxslərə aid olduğunu göstərir.

EKSP.jpeg (1.01 MB)

Qəbir tapıntıları arasında gümüş camlar, skeletin başı altında qalmış qədim parça nümunələri, qılınc və xəncər kimi silahlar da var. Bu faktlar həm qədim dövr hərbi elitasının izlərini, həm də dövrün məişət xüsusiyyətlərini əks etdirir.

Dəmirçi Arxeologiya Muzeyi yalnız eksponatların sərgiləndiyi məkan deyil, həm də elmi-tədqiqat və maarifləndirmə mərkəzidir. Burada tarixçilər, tələbələr, yerli və xarici turistlər üçün zəngin mənbə var. Hər eksponat Azərbaycanın çoxəsrlik dövlətçilik və mədəniyyət tarixini bir daha təsdiqləyir.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR