İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarderlər ittifaqı belə olur – Trampınkı kimi

 

İndiki cavanlar bilməz, SSRİ dövründə sovet təbliğatçıları ABŞ-dəki seçkilərə, seçilənlərə ağız büzər, deyərdilər ki, orada proletariatın nümayəndəsi heç bir seçkili orqana seçilə bilməz, bütün vəzifələrə varlı adamlar seçilir.

Bizdə isə əksinəydi, kasıb-kusubun balası inkişaf edib yüksək vəzifələr tuturdular.

Bu, ona görə beləydi ki, Stalin administrasiyası ölkədə varlı adam qoymamışdı, hamısını qırmışdı və varlıların yetim qalmış balaları da ya sürgündəydilər, ya da qara siyahıdaydılar, meydan proletariata qalmışdı.

Düzdür, Amerikada da sonradan konqresmen, senator, qubernator, hətta prezident olanların heç də hamısı milyonçu və və milyarder balası deyildi, sadəcə, yetim olmadıqları üçün babat təhsil alır, sonra ilk pillədən başlayaraq qabağa gedə-gedə axırda gəlib senator, konqresmen olurdular.

Bizdə təhsil almağa, seçki kampaniyası aparmağa ehtiyac yox idi, partiya hansı sağıcının, pambıqçının, traktorçunun parlament üzvü – deputat seçilməsini məsləhət bilirdi, elə də olurdu. Bir də görürdün ki, xanım və ya müəllim zəhmətkeş ciddi kostyumunu geyinib Ali Sovetin rahat kürsüsündə oturub, müxtəlif qanunların qəbul edilməsi prosesində iştirak edir. SSRİ dağılana qədər elə oldu. Moskva bütün dünyaya sübut edirdi ki, sovet dövləti fəhlə-kəndli dövlətidir. Sonra iş başına başqa sağıcılar gəldi – bunlar xalqın və dövlətin müdcəsini sağan milyonçular idi.

İndi xəbər yayılıb ki, Trampın iqtidar komandasında 14 milyarder var. Milyonçular bir az aşağıdakı vəzifələrdədir.

Vəzifə alan milyaderlərin adlarını çəkirlər. Başda İlon Maks gəlir. Biri də ilin əvvəlində prezident olmaq istəyən Vivek Ramasvamidir. O, milyaderlərin ən kasıbıdır – cəmi 1,1 milyard dolları varmış. Bəlkə də onun pulu 10 milyardı aşsa, yəni Trampınkından çox olsa, amerikalılar elə onu seçərdilər, kim bilir?

ABŞ-ın Böyük Britaniyadakı səfiri olacaq Uorren Stevensin 3,3 milyard dolları var. Tramp Fransaya səfir olaraq öz qudasını, qızı İvannanın əri Caredin milyarder (2,9 milyard dollar) atası Çarlz Kuşneri göndərəcək.

Təhsil naziri vəzifəsini isə milyarder Vins Makmoenin həyat yoldaşı Linda tutacaq. (Bu yerdə dəli şeytan deyir, bilənlərdən soruş, gör, ABŞ-də məktəblərdə “fond pulu”, “süpürgə pulu”, “təmir pulu” kimi xəraclar varmı).

Əslində böyük vəzifələrdə milyarderlər olsa yaxşıdır. Necə deyərlər, yeyib, doyublar. Amma qorxasan, Tramp hakimiyyətdən gedəndən sonra indi 2-3 milyard dolları olan nazirlər postlarından 5-10 milyard dollarla ayrılsınlar. Çünki insan oğlunun gözü sərvətdən doyan deyil. Məsələn, Maks öz pulunu 1000 il xərcləsə, hətta hər gün göydələn başına çıxıb 100-lük dollar əskinaslarını yabayla havaya atıb küləyə versə, qurtarmaz. Amma adam hər səhər yuxudan duranda deyir ki, may Qad, sən mənə iş avandlığı ver, bu gün bir az pul qazanım.

Gözütox adam ayrıdır. Hamı Uruqvayın eks-prezidenti Xose Mujika olmaz ki, dövlətin ayırdığı mühafizə xidmətindən, xidməti maşından, iqamətgahdan, təqaüddən imtina edə, 55 ilin drandulet maşınını sürə, hələ bir fəxr edə ki, mən dünyanın ən kasıb eks-prezidentiyəm.

Proletariatın boş ciblə hakimiyyətə gəlməsi halları keçmişlərdə qalıb. İndi deputat seçkisində belə pulu çox olan qalib gəlir. Söhbət vintaçanla açılan keysdəki pul hesabına deputat mandatı almaq istəyənlərdən getmir, yaxşı seçki kampaniyası aparmaq, özünü mediada təriflətdirmək, telekanallarda efir vaxtı almaq üçün də çox pul lazımdır.

Bu baxımdaт kasıb ölkələrdə vəziyyət çətindir. Nə əldə-ovucda bir şey var, nə də xaricdən gətirməyə qoyurlar.

Uzun sözün kəsəsi, sovet təbliğatçılarının dediyi dövrə gəlib çıxmışıq: siyasət kasıbların yeyəcəyi xörək deyil. Siyasətlə məşğul olmaq istəyirsənsə, varlı olmalısan, varlı olmaq istəyirsənsə, yaxşı vəzifən olmalıdır, yaxşı vəzifə tutmaq istəyirsənsə, siyasətlə məşğul olmalısan, siyasətə atılmaq istəyirsənsə... dairə qapandı. İndi bu dairəyə bir yerdən gir, görüm, ay kasıb.

Hərçənd yada düşür ki, 12-13 il əvvəl bizdə də milyarderlər ittifaq yaratmış, təşəbbüs göstərmişdilər ki, hakimiyyətə gəlsinlər. O iş də alınmadı.

Deyirlər, o vaxt Silvio Berluskoni sammitlərin birində Putinə deyib ki, bax, ikimiz də dövlət başçısıyıq, ikimiz də milyarderik, fərqimiz ondadır ki, mən əvvəlcədən milyarder idim, sonra baş nazir oldum, amma sən əvvəlcə baş nazir təyin edildin, sonra milyarder oldun. Putinin də yumor hissi güclüdür axı, deyib, Silvio, idi na yuq. (Yəni rədd ol öz cənub ölkənə).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR