İnsanlara hürriyət, millətlərə istiqlal!

Messinqin yarımçıq missiyası – O, Voroşilovla toqquşub, aqibəti edam olub

Oktyabr inqilabından sonra Rusiyada yaradılan Ümumrusiya əks-inqilab və təxribat üzrə Fövqəladə Komissiyanın (“ÇK”) təşkilatlanmasında, qurumun strukturunun formalaşmasında onun böyük xidmətləri olub. Bu baxımdan Stanislav Messinq Rusiyada (sonralar SSRİ-də) xüsusi xidmət orqanlarının yaradıcılarından biri sayılıb.

Stanislav Messinq 1890-cı ildə Varşavada yəhudi ailəsində anadan olub. Gimnaziyadakı dörd illik təhsilindən sonra o, çilingər peşəsinə yiyələnib və ilk əmək fəaliyyətinə Varşavada mətbəədə başlayıb.
Gənclik illərindən marksist ideyalarına böyük maraq göstərən Messinq 1908-ci ildə Polşa Sosial Demokrat Partiyasına üzv qəbul edilib və elə həmin ildə də Varşavaya səfər edən Feliks Dzerjinski ilə tanış olub.

Siyasi baxışlarına görə Messinq bir neçə dəfə həbs olunub. Amma bu həbslər onun əqidəsini dəyişməyib.

Stanislav_Messing.jpg (61 KB)

1911-ci ildə Messinqin ailəsi Moskvaya köçüb, iki ildən sonra o, imperator ordusuna hərbi xidmətə çağrılıb. Messinq ordudan tərxis olunduqdan sonra siyasi fəaliyyətini Moskbada və Petroqradda davam etdirib. O, əsasən Dzerjinskinin məxfi tapşırıqlarını icra edib.

İnqilabi proseslərin ən fəal üzvlərindən birinə çevrilən Messinq təşkilatçılıq, təbliğat işlərindən tutmuş küçə döyüşlərinə qədər bütün gücünü bolşeviklərin hərəkatına sərf edib. Oktyabr inqilabından sonra isə o, Dzerjinskinin göstərişi ilə yeni yaradılan Fövqəladə Komissiyanın işinin təşkilində böyük fəallıq göstərib və 1918-ci ilin yanvarında o, əvvəlcə Moskvanın Sokolniki dairəsinin Fövqəladə Komissiyasının rəisi, daha sonra Moskva şəhərinin Fövqəladə Komissiyasının rəisi təyin edilib.

1921-ci ildə Dzerjinski Messinqi Petroqrada FK-ya rəis göndərib. 1923-cü ildə Fövqəladə Komissiyanın bazasında yeni bir qurum, Birləşmiş Dövlət Siyasi İdarəsi (“OQPU”) yaradılanda Messinq həmin qurumun Petroqrad idarəsinin rəisi, iki ildən sonra isə eyni zamanda “QPU”-nin Lenninqrad (1924-cü ildə Petroqradın adı dəyişilərək Leninqrad qoyulub) qoşunlarının komandanı vəzifəsini daşıyıb.

15142191595a8.jpg (145 KB)

Messinq sərt və amansız xarakteri ilə fərqlənən çekistlərdən olub. Müasirlərinin söylədiklərinə görə, onun lüğətində “güzəşt” ifadəsi olmayıb. Bütün məsələlərdə Moskvadan dəstək alan Messinqin Leninqradda işlədiyi dövrdə Leninqrad şəhər sovetinin sədri Qriqori Zinovyevlə böyük konfliktləri yaranıb. 1926-cı ildə Messinqə xidməti kabinetində sui-qəsdə cəhd ediləndə, ona bir neçə dəfə tapançadan atəş açılanda da, həmim sui-qəsdin sifarişçisi Zinovyev olduğu versiyası irəli sürülüb. Amma bu fakt təsdiqini tapmayıb.

Messinq 1929-cu ildə SSRİ Birləşmiş Dövlət Siyasi İdarəsinə rəis müavini təyin edilib. Bu vəzifə komissar (nazir) müavini statusunda olub.

Yeni vəzifəsində də Messinq amansızlığı ilə fərqlənib. On minlərlə insan cinayəti, antisovet fəaliyyəti heç bir sübuta yetirilmədən Messinqin əmri ilə ən ağır cəzalara məhkum ediliblər.

Messinqin hegemonluğu çox da uzun çəkməyib. Nəhayət, onun da qarşısına cavabını verə biləcək şəxs çıxıb. Bu, Kliment Voroşilov olub.

60152a20ae5ac9617a746975.jpg (182 KB)

Voroşilovun teatr həvəskarı olduğunu Böyük Teatrın və Moskvanın digər mədəniyyət saraylarının rəhbərləri də yaxşı biliblər. Hər yeni tamaşada ona xüsusi dəvətnamə göndərilib və Voroşilov yeni tamaşaları dövlət lojasından seyr edib. Adətən, tamaşalar zamanı Voroşilova aktrislar xüsusi diqqət göstəriblər. Tamaşaların birində aktrisalardan biri Voroşilov üçün dövlət lojasına çay və şirniyyat gətirib. Sonralar həmin aktrisanın bu cür qayğısı davam edib. O, bütün mümkün variantlarla Voroşilovla yaxınlığa cəhd edib. Həmin dövrdə Voroşilov SSRİ hərbi və dəniz işləri üzrə komissar (nazir) vəzifəsində işləyib. Aktrisanın hərəkətləri onu şübhələndirib. Nəhayət, tamaşaların birində Voroşilov sırf təsadüf nəticəsində həmin aktrisanın inzibatçının otağından telefon danışığını eşidib. Bu danışıqdan Voroşilova məlum olub ki, Messinq aktrisa vasitəsi ilə onu nəzarətdə saxlayır və ləkələmək istəyir. Elə həmin gün Voroşilov tamaşadan sonra birbaşa Messinqin yaşadığı evə yollanıb. Gözlənilməz qonaq əvvəlcə Messinqin iş otağına keçib və dolabın üstündəki onun tabel silahını götürərək cibinə qoyub. Sonra Voroşilov Messinqi şil-küt olana qədər döyüb.

Səhərisi gün Voroşilov Siyasi Büroda məsələni konkret qoyub: “Ya mən, ya Messinq!”

Qeyd edək ki, Voroşilov Stalinin ən yaxın silahdaşlarından biri olub. Bəlkə də Voroşilov yeganə şəxs olub ki, Stalin onun ən böyük səhvlərini belə bağışlayıb. Təbii ki, sovet lideri ilə münasibətlərin bu fonunda Voroşilovun Siyasi Büroda qoyduğu tələb yerinə yetirilib. Messinq “QPU”-dakı vəzifəsindən xaric olunub.

Messinqin Voroşilovu ləkələmək istəyinin haradan yarandığı məlum deyil. Yəni onların arasında əvvəllər heç bir konflikt olmayıb. Bəzi mənbələrə görə, Voroşilovu ləkələmək onu qarşı çıxan Kreml məmurlarının sifarişi olub.

Messinq 1931-ci ildə Xarici Ticarət Komissarlığında işlə təmin edilib və 1937-ci ilə qədər bu sahədə işləyib.

17-171-410-327-1-.jpg (119 KB)

1937-ci ildə həbs növbəsi Messinqə də çatıb. O, Polşa xüsusi xidmət orqanlarına işləməkdə ittiham edilib. 31 avqust 1937-ci ildə onun adı səkkiz nəfərlə birlikdə 1-ci kateqoriya üzrə (güllələnmə) Stalinə təqdim edilib. İki gündən sonra, 2 sentyabr 1937-ci ildə 47 yaşlı Messinq güllələnib.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR