Onlayn ictimai-siyasi qəzet
Faizlərin dəyişməz saxlanılacağı ehtimalı yüksəkdir, amma...
Bu gün Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti faiz dərəcələri ilə bağlı növbəti qərarını ictimaiyyətə açıqlayacaq. Mərkəzi Bankın 31 iyul 2024-cü il tarixində açıqlanmış sonuncu qərarına görə, uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb. Qərar 1 avqust 2024-cü il tarixindən qüvvəyə minib.
Qeyd edilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.
Mərkəzi Bank qeyd etmişdi ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Maydan başlayaraq Azərbaycanda illik inflyasiya sürətlənsə də, Mərkəzi Bankın hədəfi (2 faiz -6 faiz aralığı) daxilindədir. Bu səbəbdən növbəti iclasda da faizlərin dəyişməz saxlanılacağı ehtimalı yüksəkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin avqust ayına nisbətən 3,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 3 faiz, qeyri-qida məhsulları üzrə 1,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz yüksəlib. 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, yanvar-avqust aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artıb. İyul ayında illik inflyasiyanın 2,7 faiz olduğunu nəzərə alsaq, avqustda qiymət artımının sürətləndiyini söyləmək olar.
Bundan əlavə, Azərbaycanın əsas ixrac məhsulu olan neft bazarında proseslər narahatlıq doğurmaqdadır. Belə ki, neft qiymətləri son bir neçə həftədə kəskin ucuzlaşaraq sentyabrın 11-də hətta 70 dollardan aşağı düşüb. Sonradan bir qədər yüksəlsə də, Brent nefti hazırda 72-73 dollara ticarət olunur. Bu azalmaya səbəb Çin iqtisadiyyatında artım prosesinin zəifləməsi, istehlak tələbinin azalmasıdır. Açıqlanan rəsmi məlumatlara əsasən avqustda Çində pərakəndə satışlar gözləntilərin altında olan artım nümayiş etdirib. Belə ki, bu göstərici illik müqayisədə 2,1 faiz artaraq 3,87 trilyon yuana (545,9 milyard dollar) çatıb. Ekspertlər orta hesabla 2,5 faiz artım gözləyirdilər. “Goldman Sachs və Citigroup” kimi nüfuzlu analitik mərkəzlər 2024-cü ildə Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını aşağı salıblar. İndi onlar ÜDM-in 4,7 faiz artacağını gözləyirlər, “Goldman” əvvəllər bunu 4,9 faiz, Citi isə 4,8 faiz səviyyəsində qiymətləndirirdi. Bu, son vaxtlar dərc edilən zəif statistik məlumatlarla bağlıdır. Belə ki, Çində sənaye istehsalı avqustda ötən ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artıb ki, bu da beş ayda minimum artım tempidir.
Analitiklər qeyd edir ki, zəif iqtisadi fəaliyyət diqqəti Çinin yavaş iqtisadi bərpasına yönəldib və tələbi dəstəkləmək üçün əlavə stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var.
"Goldman" ekspertlərinin fikrincə, “Çin hökumətin illik ÜDM-in təxminən 5 faiz artım hədəfini qaçırması riski artır”. Bununla yanaşı, bank 2025-ci ildə iqtisadi canlanma təxminini 4,3 faiz səviyyəsində saxlayıb. "Citi" analitikləri isə daxili tələbi artırmaq üçün əhəmiyyətli katalizatorların olmaması səbəbindən gələn il üçün proqnozlarını 4,5 faizdən 4,2 faizə endiriblər.
Çin iqtisadiyyatına dair bədbinlik əksər analitik mərkəzlərin neft qiyməti proqnozlarını endirməsinə səbəb olub. Beynəlxalq Enerji Agentliyi, ABŞ Energetika Nazirliyinin ardınca, "Citi Research" analitikləri də neft qiyməti gözləntilərinə dəyişiklik ediblər. Onlara görə, 2025-ci ildə Brent markalı neftin qiyməti 60 dollara qədər azalacaq və buna bazarda təklifin tələbdən artıq olması gətirib çıxaracaq. Ekspertlərin fikrincə, OPEC+ hasilat məhdudiyyətlərini indiki səviyyədə saxlasa belə, 2025-ci ildə neft bazarı sutkada təxminən 1 milyon barel artıq təkliflə üzləşəcək.
Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində OPEC+ oktyabrda planlaşdırılan hasilat məhdudiyyətlərinin qismən qaldırılmasını dekabr ayına qədər təxirə salıb. "Citi" analitiklərinin fikrincə, gələn il gündəlik 900 min bareldən az olacağı proqnozlaşdırılan neftə tələbat artımı OPEC-ə daxil olmayan ölkələrdən gözlənilən hasilat artımı ilə asanlıqla örtüləcək. OPEC+ hasilat məhdudiyyətlərini qaldırmağa başlasa, bazarda daha çox neft təklifi olacaq.
Qeyd olunanlar Azərbaycanda makroiqtisadi sabitlik üçün əsas amil olan neft ixracından əldə olunan gəlirlərin azalması riskini artırır. Qeyd edək ki, neft-qaz qiymətlərindəki ucuzlaşma, həmçinin Azərbaycanda neft hasilatının azalması cari ildə ölkənin ixrac gəlirlərinin ciddi şəkildə düşməsini şərtləndirib. Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən 2024-cü ilin ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12.7 faiz azalaraq 30 milyard 995.42 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ölkə üzrə ixrac 25.1 faiz azalaraq 18 milyard 231.54 milyon ABŞ dolları, idxal isə 14.5 faiz artaraq 12 milyard 763.88 milyon ABŞ dolları təşkil edib.
Beləliklə, xarici ticarət dövriyyəsində 5 milyard 467.66 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə azalma deməkdir.
Valyuta axınının azalması fonunda ona olan tələbat böyük sürətlə artır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 4 milyard 795,2 milyon ABŞ dolları məbləğində satış olub. Mərkəzi Bankın məlumatına əsasən bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Təkcə avqust ayında isə valyuta satışının məbləği 649,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 43,6 faiz çoxdur.
Yeri gəlmişkən, Dövlət Neft Fondunun avqust ayına dair statistikasında qeyd olunur ki, fond tərəfindən ötən ay ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirovun fikrincə, neft qiymətlərinin aşağı düşməsinin əsas səbəbi Çindən gələn bədbin xəbərlər deyil: “Neft bazarında qiymətlərin dəyişməsinin səbəbi Çində deyil, ABŞ-dadır. Daha doğrusu, bir dəfə də qeyd etdiyim kimi, neft qiymətləri ilə prezidentliyə namizəd Donald Trampın reytinqi arasında bir tərs-mütənasiblik yaranıb. Trampın reytinqi yüksələndə neft qiymətləri düşür, azalanda isə artır. Bunun da əsas səbəbi onun hakimiyyətə gəldiyi təqdirdə neft qiymətlərini aşağı salmaq üçün zəruri addımlar atacağını vəd etməsidir. O, yaşlı Baydenlə rəqib olarkən bu fikirləri səsləndirdikdən sonra bazarda qiymətlər düşdü. Çünki investorlar qiymət azalması ehtimalını nəzərə alaraq alışları azaltdılar. Sonra Trampa sui-qəsd oldu, reytinqi yüksəldi. Lakin Baydenin seçki prosesindən çəkilməsi, ardınca Kamala Harrisin nüfuzunun artması, nəhayət, onunla Tramp arasındakı debatdan qalib ayrılması neft bazarında qiymətləri yenidən artırdı. İki gün əvvəl isə yenidən Trampa sui-qəsd cəhdi qeydə alındı, onun reytinqi artdı, qiymətlər yenidən azalmağa doğru getdi. Göründüyü kimi, bu proses idarə edilən xaos şəklini alıb. Düşünürəm ki, noyabrın 5-dən sonra neft qiymətləri yenidən yüksəlməyə davam edəcək və ölkənin maliyyə məsələlərilə bağlı riskləri sığortalayacaq”.
Ekspert qeyd edir ki, Azərbaycanda Mərkəzi Bankın faiz dərəcəsi klassik anlamda funksional deyil: “Yəni faiz dərəcəsi ölkədə iqtisadi aktivliyin, inflyasiyanın dinamikasına o qədər də təsir göstərmir. Çünki bilavasitə beynəlxalq təcrübədə olan valyuta-kredit münasibətləri, ölkələrin mərkəz bankları və kommersiya bankları arasında olan transmissiya kanallarının Azərbaycanda özünəməxsus xüsusiyyətləri var. Buna görə də Mərkəzi Bankın faiz dərəcəsi ilə bağlı verdiyi qərarlar nə depozit, nə kredit faizlərinə əsaslı təsir göstərir, nə də inflyasiyaya. Bu qərarlar əsasən banklararası və qiymətli kağızlar bazarların idarə olunmasında rol oynayır. Bu iki bazarın isə Azərbaycan iqtisadiyyatında rolu elə böyük deyil”.
Onu da bildirək ki, ötən həftə Avropa Mərkəzi Bankı əsas ipoteka kreditləri üzrə faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq 3,5 faiz müəyyən edib. Bu gün ABŞ Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Komitəsinin (FOMC) də faiz dərəcəsinə həsr olunmuş iclası keçiriləcək. Dünya neft bazarında qiymətlərə təsir göstərən əsas amillərdən biri - dolların məzənnəsi qəbul ediləcək qərardan asılıdır. Bazar iştirakçılarının 100 faizi uçot dərəcəsinin azaldılmasını gözləyir. Məzənnə proqnozu monitorinq alətinə görə, 50 faiz bəndi azalma ehtimalı(ikiqat azalma) 59 faiz, 25 faiz bəndi azalma ehtimalı isə (bir dəfə azalma) - 31faiz təşkil edir.
Son bir həftə ərzində FED-in ikiqat faiz endirimi ehtimalı sentyabrın 9-da 30 faizə qarşı 59-a, demək olar ki, iki dəfə artıb. Bu, kriptovalyutaların və ənənəvi maliyyə aktivlərinin qiymətləri arasında artan korrelyasiya fonunda baş verir. Bitcoin qiyməti ilə ABŞ-ın geniş bazar indeksi S&P 500 arasında 30 günlük korrelyasiya 2022-ci ilin oktyabrından bəri görünməmiş ən yüksək səviyyəyə yüksəlib.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ