İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın qələbəsi əsl möcüzədir!

Azərbaycan futbolu üçün 2025-ci ilin sentyabr ayı yaddaşlara qızıl hərflərlə yazıldı. Məlum olduğu kimi, ötən gecə Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın nəhəng klubu “Benfika” üzərində tarixi qələbə qazandı.

Lissabonda keçirilən qarşılaşmada oyunun əvvəlində “Qarabağ” 0:2 hesabı ilə geri düşsə də, komanda sonadək mübarizə apararaq üç möhtəşəm qolla tarixi geridönüş etdi – 3:2. Bu nəticə ilə Azərbaycan futbolu Çempionlar Liqasının qrup mərhələsində ilk qələbəsini qeyd etmiş oldu.

“Qarabağ”ın prezidenti Tahir Gözel bu zəfəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr etdiklərini açıqlayıb.

GUZEL.jpg (88 KB)

Klub rəhbəri vurğulayıb ki, bu uğur təkcə idman nailiyyəti deyil, həm də dövlət başçısının xalq qarşısında göstərdiyi böyük xidmətlərin rəmzidir:

“Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik. Bu, Azərbaycan futbolunun tarixinə düşən ən mühüm uğurlardan biridir”.

İLHAM EN SON.jpg (173 KB)

Azərbaycan Prezidenti İlham Əliyev də “Qarabağ” klubunu bu möhtəşəm nailiyyət münasibətilə təbrik edib. Dövlət başçısı rəsmi müraciətində bildirib:

“Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir. “Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur”.

Onu da əlavə edək ki, “Qarabağ”ın möhtəşəm qələbəsi sayəsində Azərbaycan UEFA reytinqinə əlavə olaraq 0.500 xal qazanıb. Bundan başqa, klub Çempionlar Liqasının əsas mərhələsində hər qələbəyə görə ayrılan böyük maliyyə bonusuna sahib olub – 2,1 milyon avro (təxminən 4,24 milyon manat). Bu, komandanın üç xalla yanaşı, iqtisadi baxımdan da böyük qazanc əldə etməsi deməkdir.

Müqayisə üçün qeyd edək ki, heç-heçə halında hər klub 700 min avro qazanır.
Beləliklə, Çempionlar Liqasında qazanılan ilk qələbə ölkəmizin futbol tarixində yeni bir səhifə açdı. Artıq “Qarabağ” yalnız milli arenada deyil, Avropanın ən nüfuzlu futbol səhnəsində də ölkəni ləyaqətlə təmsil etdiyini sübut etdi.

İdman şərhçisi Kənan Məstəliyev məsələ ilə bağlı Musavat.com-a danışıb.

MESTE.jpg (41 KB)

O, “Qarabağ”ın qələbəsini möcüzə adlandırıb:

““Qarabağ”ın qələbəsi, sözün əsl mənasında bir möcüzədir. Çünki bu nailiyyət Azərbaycan futbolunun uzun illərdir yaşadığı problemlər fonunda qazanılıb. İnfrastrukturun zəifliyi, uşaq futbolunun inkişafındakı çatışmazlıqlar, peşəkar kadrların azlığı və digər ciddi çətinliklər şəraitində belə bir uğurun əldə olunması xüsusi dəyər kəsb edir.

Unutmaq olmaz ki, bu qələbə adi bir rəqib üzərində gəlməyib. Qarşı tərəfdə UEFA-nın klub reytinqində ilk onluqda qərarlaşan, ümumi dəyəri 350 milyon avronu aşan nəhəng bir komanda – Portuqaliyanın ən titullu klubu “Benfika” var idi. Bu komanda ölkə çempionluğunu 38 dəfə qazanıb, dəfələrlə kubokun sahibi olub, Avropada isə iki dəfə Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Üstəlik, beş dəfə Çempionlar Liqasının finalında oynamış bu nəhəng klub təkcə Portuqaliyanın yox, bütövlükdə Avropanın ən güclü komandalarından biridir.

Məhz belə bir komandanı onun öz meydanında, 70 min azarkeşin gözü qarşısında, 0:2 hesabı ilə geri düşdükdən sonra 3:2 məğlub etmək yalnız möcüzə adlana bilər. Təbii ki, bu qələbənin texniki-taktiki analizi geniş müzakirə oluna bilər. Amma ilk növbədə bu uğur inancla, istəklə, əzmlə bağlıdır. “Qarabağ” bunu bacarır və başda Qurban Qurbanov olmaqla illərdir möhtəşəm bir komanda formalaşdırıb.

Ona görə də bu qələbə təsadüfi deyildi. “Qarabağ” indiyədək çox böyük uğurlar qazanıb və gələcəkdə də bu qələbələrin ardı gələcək. Mən düşünürəm ki, bu möhtəşəm zəfər komandaya əlavə stimul verəcək və qarşıdakı oyunlarda da uğurlu nəticələr əldə etmək üçün güclü bir təkan olacaq”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR