İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Ukraynanı terror törətməkdə ittiham edir?

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukrayna hakimiyyətinin ölkəsinə qarşı “kobud münasibət” göstərdiyini bəyan edərək bunun ciddi narahatlıq doğurduğunu bildirib.

Musavat.com-un xəbərinə görə, bu açıqlama Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ötən həftə yaydığı məlumat fonunda verilib.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Ukrayna vətəndaşının böyük miqdarda partlayıcı maddə – heksogenlə saxlanıldığını açıqlayıb. Onların həm avtomobil sürücüsü, həm də Gürcüstanda əlaqə saxladıqları şəxs tutulub. Axtarış zamanı 8 mobil telefon, kompüter, elektron daşıyıcılar, müxtəlif ölkələrə aid SIM kartlar, iri miqdarda nağd pul və kokain aşkarlanıb. İş “partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınması” və “narkotiklərin qanunsuz dövriyyəsi” maddələri üzrə araşdırılır.

“Ukrayna hakimiyyəti ölkəmizə qarşı bu cür kobud münasibət sərgiləyəndə bu, çox ciddi narahatlıq doğurur. Təfərrüatları Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır. İşin fiqurantı açıq şəkildə Ukrayna Təhlükəsizlik Xidmətindən tapşırıq aldıqlarını bildirirsə, iş materiallarında partlayıcının son təyinat məntəqəsinin Tiflisin bir rayonu olduğu görünürsə, bu məsələ və onun arxasında dayanan niyyətlər barədə suallar daha da artır”, - deyə Gürcüstan baş naziri İrakli Kobaxidze bildirib.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, partlayıcı maddə Gürcüstana Rumıniya, Bolqarıstan və Türkiyə üzərindən gətirilib. Son məlum olan təyinat məntəqəsi Tiflisdəki bir ev olub.

Məlumata görə, partlayıcı 4 oktyabrda Gürcüstan müxalifətinin etiraz aksiyasında tətbiq olunmalı imiş.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2025

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR