Onlayn ictimai-siyasi qəzet
Gəncədə məhkəmə önündə insident baş verib. Məhkəmə zalından çıxan tərəflər arasında dava baş verib. Bir xanım digərinin saçından tutaraq onu sürüyüb.
Musavat.com xəbər verir ki, hadisə Gəncə Apellyasiya Məhkəməsinin qarşısında qeydə alınıb.
Məhkəmə binasından çıxan tərəflər arasında sözlə başlayan mübahisə əlbəyaxa davaya çevrilib. 29 yaşlı Tünzalə Ədilova bacısından şikayətçi olan Ağgül adlı xanımı döyüb.
Məlumata görə, Tünzalənin bacısı hazırda həbsdədir. Onun bacısı külli miqdarda oğurluq etməkdə ittiham olunaraq həbs edilib. Həmin işdə zərərçəkmiş şəxs Ağgüldür. Tünzalə bacısını həbs etdirdiyi üçün Ağgülə qarşı qəzəbli olub.
Məhkəmə iclasından çıxandan sonra Ağgülə hücum edərək onun saçından tutaraq sürüməyə başlayıb. Onun başına bir neçə zərbə də endirib.
Məhkəmə binasında olan polislərin də müdaxiləsi ilə tərəfləri sakitləşdirmək mümkün olub. Tünzalə Ədilova barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Tünzalə ilkin ifadəsində Ağgülü vurduğunu desə də, məhkəmədə bunu inkar edib. Bildirib ki, istintaqda ifadə verən zaman deyilən sənədlərə imza çəkib. Amma belə bir ifadə verməyibmiş.
Zərərçəkmiş Ağgül ifadəsində bildirib ki, Tünzalə ona yaxınlaşaraq “səni öldürəcəyəm” deyib. Ağgül Tünzalədən şikayətçi olduğunu qeyd edib.
Məhkəmənin hökmü ilə polis nəzarətində olan Tünzalə 1500 manat cərimə edilib.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ