İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn ilin büdcəsi: iki fərqli gözlənti

Ekspertlər hökumətin yanaşmasını bölüşmür

Maliyyə Nazirliyi Azərbaycanın 2026-cı il dövlət büdcəsinin ilkin parametrlərini açıqlayıb. “Yeni Müsavat” açıqlanan sənədə istinadən xəbər verir ki, gələn il dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, 2025-ci il proqnozları ilə müqayisədə gələn il büdcə gəlirlərimiz cəmi 0,2 faiz, büdcə xərcləri isə 0,3 faiz artacaq. 

2026-cı ildə dövlət büdcəsinin kəsiri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 74.0 milyon manat və ya 2,4 faiz çox olmaqla 3 milyard 125.6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,3 faiz olmaqla) proqnozlaşdırılır.  Bunun 2 milyard 600.6 milyon manatının (83,2 faiz) borclanma, 400.0 milyon manatının (12,8 faiz) vahid xəzinə hesabının qalığı və 125.0 milyon manatının (4,0 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.  

Qeyd edək ki, 2025-ci il 1 iyul tarixinə Azərbaycanın dövlət borcunun həmin tarixə 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-ə nisbəti 19,6 faiz təşkil edib ki, bu da büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 10,4 faiz bəndi aşağıdır. 

Maliyyə Nazirliyi bildirir ki, 2025-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən nəqliyyat sektoru, su təchizatı, məşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılıb və qeyd olunan bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə kredit müqavilələri imzalanaraq təsdiq edilib. Növbəti dövr ərzində də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Bunun nəticəsində 2025-ci ilin sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 25,4 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizinə çatacağı gözlənilir.  Ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 32,0 milyard manat səviyyəsinə çatacağı və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 19,8 faiz səviyyəsində olacağı gözlənilir.

İqtisadiyyat Nazirliyinin tərtib etdiyi proqnozlar əsasında 2026-cı ilin dövlət büdcəsi neftin 65 dollarlıq orta bazar qiyməti ilə hesablanıb. Hökumət həm gələn il, həm də növbəti 4 ildə neft qiymətinin bu həddə olacağını, manatın dollar qarşısında hazırkı məzənnəsinin dəyişməyəcəyini gözləyir. İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov hesab edir ki, neft qiymətinə dair hesablama mühafizəkar yanaşma kimi qiymətləndirilə bilməz: “Qlobal neft bazarındakı volatilliyi nəzərə aldıqda gələn il üçün 1 barel xam neftin qiymətinin 65 dollar nəzərdə tutulması əvvəlki illərdən fərqli olaraq konservativ yanaşma hesab edilə bilməz. Belə ki, 1 barel xam neftin qiyməti ilə bağlı əksər beynəlxalq təşkilatların proqnozları 50-60 dollar intervalında dəyişir”.

Millət vəkilinə görə, gələn ilin dövlət büdcəsinin gəlirləri ilə bağlı ən pozitiv məqamlardan biri qeyri-resurs gəlirlərinin ümumi daxilolmalarda payının 57.4 faiz proqnozlaşdırılmasıdır: “Bu, ölkəyə neft pulları daxil olduqdan sonra fiskal gəlirlərimizdə qeyri neft-qaz sektorunun payı ilə bağlı rekord səviyyədir. Bu il üçün bu göstərici 52.3 faiz nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, gələn il fiskal diversifikasiya siyasəti daha da dərinləşəcək və neft sektorunun ümumi gəlirlərdə payı azalacaq. Bu isə neftdən asılılığın minimumlaşdırılması baxımdan təqdirəlayiqdir. Gələn il müdafiə və milli təhlükəsizlik üçün 8,7 milyard manat ayrılacaq. İqtisadi fəaliyyətə 7,6 milyard manat xərclənəcək. Sosial müdafiə və sosial təminat üçün isə 4,8 milyard manat nəzərdə tutulur. Sosial müdafiə və sosial təminat üzrə xərclərinin büdcədə xüsusi çəkisi 11,7 faiz proqnozlaşdırılır. Növbəti il sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54 faiz  çox olacaq. Qeyd edək ki, bu maddə üzrə xərclər birbaşa sosial təminat xərclərdir. Bütövlükdə, gələn il sosial xərclərin ümumi büdcə xərclərinin 40 faizindən çoxunu təşkil edəcəyi gözlənilir. Gələn il hansı artımların olacağına gəldikdə isə mövcud qanunvericiliyə əsasən 2026-cı ilin yanvarından etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bu, 1 milyon 100 min vətəndaşımızı əhatə edəcək. Bu xərclər büdcədə nəzərə alınacaq. Digər istiqamətlər üzrə mənzərə isə detal büdcə göstəriciləri ilə bağlı məlumatlar təqdim olunduqdan sonra aydın olacaq”.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar  tərəfindən tənzimlənir » Azxeber.com

 Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirovun fikrincə, gələn ilin büdcə göstəricilərində mühüm məqamlardan biri Neft Fondundan transfertin azaldılmasıdır: “Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində diqqətçəkən məsələ Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin 2025-ci illə müqayisədə 11,95 faiz və ya 1 milyard 731 milyon manat azalmasıdır. Belə ki, bu il büdcə 14 milyard 481 milyon manat proqnozlaşdırılsa da, gələn il 12 milyard 750 milyon manat nəzərdə tutulur. Əgər azalma dinamikası belə (bərabərsürətli) davam edərsə, 2033-cü ilin ortalarında transfert sıfıra çatacaq. Təbii ki, bunun ehtimalı yüksək deyil. Bəlkə gələn il neft qiymətləri elə qalxacaq ki, 2027-ci ildə daha çox transfert edərək müxtəlif dövlət investisiya layihələri icra olunacaq. Hər halda, bu dəfəki transfert həcminin azaldılmasının əsas səbəbi neftin ehtimal edilən qiymət enişidir. Neft qiymətinin qalxması da bu həcmi yenidən qaldıra bilər. Və bu ehtimal yüksəkdir”.

İqtisadçı deyir ki, 65 dollarlıq neft qiyməti kifayət qədər maksimalist yanaşmadır: “Düşünürəm ki, ən maksimal hədd götürülüb. Amma neft qiyməti bundan aşağı götürülsəydi, büdcə kəsirinin kəskin artımı meydana çıxacaqdı. Büdcə kəsirinin nisbətən daha rahat qapadılması baxımından bu dəfə kəsir ÜDM-in 2,3 faizinə bərabər olacaq. Kəsirin böyük bir hissəsi borcla bağlanacaq. Bu isə o deməkdir ki, bizim borclanmamız artacaq. Yəni bu il dövlət borcunun həcmi ÜDM-in 19,6 faizinə bərabərdirsə, gələn il 19,8 faizinə bərabər olacaq - 0,2 faiz bəndi artacaq. Hədəf olaraq isə ÜDM-in 30 faizi nəzərdə tutulur. Bu isə o deməkdir ki, növbəti illərdə dövlət borcunun həcmi ÜDM-in 30 faizinə qədər artırıla bilər”.

2026-cı il dövlət büdcəsi xərclərinə gəlincə, E.Əmirov hesab edir ki, gözlənilməz dəyişiklik yoxdur: “Növbəti ildə də müdafiə və milli təhlükəsizlik məsələləri ön planda olacaq. Bu istiqamət büdcə xərclərinin 21-22 faizinə bərabər olacaq. Eyni zamanda 35 faizə yaxın əsaslı xərclərdir. Bu da dövlət investisiya layihələrinin, xüsusilə də Böyük Qayıdış proqramının icrası baxımından zəruridir. Büdcə xərclərinin 19 faizi iqtisadi fəaliyyətlə bağlıdır, sosial müdafiə xərcləri 12 faizə yaxındır. Layihədən görünür ki, inflyasiya gözləntilərində artım var. Bu ilin sonuna 5,4 faizlik inflyasiya gözlənilir. 2026-cı il üzrə gözlənti 4,8 faizdir. Düşünürəm ki, bu, nikbin yanaşmadır. İnflyasiyanın gələn il 1-2 faiz yüksək götürülməsi daha realist yanaşma olardı”. 

Mütəxəssis bildirir ki, 2026-cı ilin yay aylarında dövlət büdcəsinə yenidən baxılması ehtimalı istisna olunmamalıdır: “Çünki neft bazarında gözlənilməz dəyişikliklər həmişə mümkündür. Elə proseslər baş verə bilər ki, neft qiymətləri büdcədə nəzərdə tutulandan xeyli yüksək olsun. Bu zaman ölkəyə daxil olacaq əlavə gəlirlərin mühüm əhəmiyyətli istiqamətlərdə layihələrin icrasına yönəldilməsi imkanı yaranar və büdcəyə dəyişiklik zərurətə çevrilər”.

İlkin parametrlərdən aydın olur ki, gələn il büdcə gəlirlərinin 16 milyard 821.0 milyon manatını və ya 43,8 faizini Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 6 milyard 850.0 milyon manatı və ya 17,8 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar, 1,021.0 milyon manatını və ya 2,7 faizini büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları, 981,0 milyon manatını və ya 2,6 faizini isə sair gəlirlər təşkil edəcək. 

2026-cı il üzrə dövlət büdcəsinə Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların 78,6 faizi və ya 13 milyard 221.0 milyon manatı qeyri-neft-qaz sektorundan, 21,4 faizi və ya 3 milyard 600.0 milyon manatı (2025-ci il üzrə proqnoz 3 milyard 830 milyon manat) neft-qaz sektorundan təmin ediləcək. 

 Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR