İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənsur Yavaş, yoxsa İmamoğlu?” - Rusiyalı analitikin cavabı 

Rusiyanın “İslam.ru” layihəsinin müəllifi: “Mən onların ölkəyə rəhbərlik etməyə və onu yeni mərhələyə aparmağa hazır olduqlarını görmürəm”

Türkiyədəki son bələdiyyə seçkilərində AKP-nin müxalifət partiyalara uduzması və bundan sonra baş verə biləcək siyasi proseslər Rusiyada da diqqətlə izlənir. Rusiyanın “İslam.Ru” və “Əlif.TV” layihələrinin müəllifi, “Nerusski” teleqram kanalının aparıcısı Rinat Muxametov Türkiyədə baş verən  proseslərlə bağlı müxalif “Novaya qazeta”ya geniş müsahibə verib.

Müsahibəni qısa ixtisarla Musavat.com oxucuları üçün təqdim edirik.  

- Kənar müşahidəçilər Türkiyədə keçirilən seçkiləri hakimiyyətdəki partiyanın və şəxsən Rəcəb Ərdoğanın uğursuzluğu kimi qiymətləndiriblər. Sizcə bu düzgün qiymətləndirmədirmi?

 — Bu, həqiqətən də hakim Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə göstərdiyi ən pis nəticədir. Amma başa düşmək lazımdır ki, bunlar bələdiyyə seçkiləri, yəni yerli idarəetmə orqanlarına seçkilər idi. Türkiyəli seçicilər həm ölkədəki çox kiçik bələdiyyələrin başçılarını, həm də böyük şəhərlərin bələdiyyə sədrlərini seçiblər. Yəni ilk növbədə, bunlar iqtisadi seçkilərdən daha çox siyasi seçkilər idi ki, burada namizədin hansısa partiyaya mənsub olması təbii ki, vacibdir, lakin həlledici deyil. İndi yerli özünüidarə orqanlarına deyil, məsələn, Türkiyə parlamentinə seçkilər olsaydı, o zaman hakimiyyətdə olan partiya belə uduzmazdı. Çünki həm iqtidarın, həm də müxalifətin problemləri var. Ən əsası isə görünür, heç kimin Türkiyənin üzləşdiyi qlobal problemlərin necə həll olunacağına dair aydın anlayışı yoxdur. Mən təkcə iqtisadiyyatla bağlı problemləri deyil, həm də ölkənin gələcəyinə baxışı nəzərdə tuturam. Təbii ki, bu seçkilərin nəticəsini 20 ildir iqtidarda olan partiyaya mesajı kimi də qiymətləndirmək olar ki, insanlar, ümumiyyətlə, çox narazıdırlar. Türkiyə prezidenti Ərdoğan da seçkilərin nəticələrindən sonra çıxışında bu narazılıq mesajını eşitdiklərini söylədi.

Снимок3.JPG (56 KB)

— Yəni bu seçkilərin nəticələrini Ərdoğanın siyasətçi kimi şəxsi reytinqinin aşağı düşməsi kimi qiymətləndirmək doğru deyil?

— Düşünürəm ki, əgər söhbət prezident seçkiləri və ölkə parlamentinə seçkilərdən getsəydi, Ərdoğanın partiyası indikindən bir qədər çox səs qazanardı. Çünki türk seçiciləri hər zaman ölkənin idarəçiliyini rayon və ya şəhərlərini  həvalə etmək istədikləri insanlara etibar etməyə hazır deyillər. Bundan əlavə, doğrudan da Ərdoğa faktoru var. Yəni onun şəxsi reytinqi partiyasının reytinqindən yüksək olduğu məlumdur. 

— Bu seçkilər Türkiyə müxalifəti haqqında bizə nə deyir? Mən başa düşdüyümə görə, o, bu seçkilərə prezident seçkilərində olduğu kimi birləşərək gəlməyib.

— Bəli, maraqlı məqamdır. Əgər prezident seçkiləri zamanı müxalifət ittifaq yarada bildisə,  bu seçkilərdə ittifaq olmadı. Məhz müxalifətdəki parçalanmaya görə  iqtidarda olan partiya bu seçkilərdə mövqelərini qoruyub saxlamağa, hətta bəlkə də bəzi iri şəhərləri geri qaytarmağa ümid edirdi. Bu hesablama özünü doğrultmadı. Məncə, onların qələbəsi bir qədər kortəbii, təsadüfi oldu. Mən onların ölkəyə rəhbərlik etməyə və onu yeni mərhələyə aparmağa hazır olduqlarını görmürəm. Onlarda hakimiyyətdə olan partiya ilə eyni ideoloji və təşkilati böhran var: parçalanmalar və qarşıdurmalar davam edir, hansısa yeniləşmə cəhdlərinin qarşısını “köhnə qvardiya”, ilk növbədə ölkənin ən mühüm müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının ağsaqqalları alır. Bu il müxalifətdəki yeganə dəyişiklik Kamal Kılıçdaroğlunu əvəzləmələridir. Amma problem ondadır ki, Kılıçdaroğlunu təxminən eyni tipli adam əvəzləyib. Yəni müxalifət sıralarında yenilənmədən, “yeni qan”dan danışmaq tezdir.   

Снимок-7.JPG (43 KB)

— Türkiyə siyasətçilərinin yeni nəslindən söhbət düşəndə ​​hamı bir ağızdan İstanbulun məşhur bələdiyyə sədrindən - Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi, 52 yaşlı Əkrəm İmamoğlundan danışır. Onu növbəti seçkilərdə prezidentliyə ən çox ehtimal olunan namizəd adlandırırlar. 

— Əslində, Türkiyənin özündə İmamoğlu deyil, Ankara meri Mansur Yavaş daha populyardır. O, bu seçkilərdə hakim partiyadan olan əsas namizədini, necə deyərlər, sarsıdıcı üstünlüklə  məğlub etdi. İmamoğluna gəlincə, üçüncü tərəf analitiklərinin, o cümlədən Rusiya analitiklərinin ona olan həvəsini bir çox cəhətdən Qərbin PR fantomu adlandırardım. Onun haqqında aldığım təəssürat onun çox gənc, yaraşıqlı, şən, müasir olması idi. O, İstanbulun ucqar səmtini Beylikdüzü idarə edərək, kənd yaşayış məntəqəsindən müasir, abad və dəbdə olan bir gənclik məhəlləsinə çevirəndə həqiqətən də bu nüfuzu qazanmışdı. Ətraf mühitə, rahat mühitə, velosiped yollarına, parklara, gənc ailələr və əlillər üçün əlçatan yerlərə böyük diqqət yetirirdi. Deyə bilərik ki, Beylikdüzündə o, həqiqətən də regional miqyasda yaxşı mənada Sobyaninə(Moskva meri)  çevrildi. Amma Əkrəm İmamoğlu İstanbul bələdiyyə başqanı seçiləndən bəri 16 milyonluq şəhər səviyyəsində analoji uğurları əldə etməyib.

— Bəs Ankara bələdiyyə başqanı Mənsur Yavaş?

— O, təbii ki, partiya quruluşunun daha sistemli və tamhüquqlu üzvüdür, İmamoğlundan (Yavasın 68 yaşı var) yaşca böyükdür. Deyək ki, o,  daha başa düşülən siyasətçidir. Ancaq onun da ciddi çatışmazlığı var. Yavaş kifayət qədər ardıcıl, sərt türk millətçisi hesab olunur və bu, kürd seçiciləri arasında narazılıq yaradır. Ona görə də bir il əvvəl o da birləşmiş müxalifətdən prezidentliyə namizəd kimi irəli sürülməmişdi.

— Bəs növbəti prezident seçkilərində?

— Türkiyədə 4 ildən sonra keçiriləcək növbəti seçkilər barədə danışmaq istəməzdim, dörd ildən sonra hansılar namizəd ola bilər. Əslində  gözlənilməz hadisələr  ola bilər. Məsələn, bu bələdiyyə seçkilərində iştirak edən Yeni Rifah Partiyasına diqqət edək.  Partiyaya Nəcməddin Ərbakanın oğlu 45 yaşlı Fatih Ərbakan rəhbərlik edir, AKP ilə də güclü birlik qurmuşdu. Amma oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu oldu, İsrail buna Qəzzada hərbi əməliyyatla cavab verdi. Fatih Ərbakan və onun partiyası Ərdoğanın İsraillə bağlı siyasəti ilə razılaşmadı. Həqiqətən də, İsrailə qarşı səs-küylü bəyanatlarına baxmayaraq, Türkiyə bu dövlətlə  iqtisadi, hətta strateji (İsrail hərbi-sənaye kompleksi ilə) əməkdaşlığı dayandırmadı. Yeni Rifah isə AKP ilə əməkdaşlığı dayandırdı. Yeni Rifahın uğuru  bu seçkilərin əsl sürprizi idi. 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR