İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənə xəsarət yetirdilər..." - Sümbülə Əliyevadan yeni açıqlama

Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Sümbülə Əliyeva uzun illər rəhbərlik etdiyi hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığorta haqlarını və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib mənimsəməkdə ittiham olunur.

Ümumilikdə o, vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur. Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva ifadəsini davam etdirib.

Bildirib ki, işdən çıxarılandan sonra 1 saylı hüquq məsləhətxanasına müdir təyin olunmuş Sərdar Qasımovla görüşüb. Həmin görüş zamanı ona xəsarət yetirilib: "Mən Sərdar müəllimə dedim ki, bu iş quramadır, mənimsəmə işi araşdırılmalıdır. Sənədlərdə yazılanlar uydurmadır, şişirdilmiş rəqəmlər yazılıb. Amma bu olmadı. Bu zaman mən etiraz etdim. Etiraz edəndə isə mənə xəsarət yetirildi. Mənə xəsarət yetirən şəxsin Vəkillər Kollegiyasında izahatı alınmadı, əksinə ona təşəkkürnamə verildi".

Sümbülə Əliyeva deyib ki, ona verilən ittiham şişirdilib. Onun sözlərinə görə, 2016-2018-ci ilə qədər olan müddətdə hansı vəkilə nə qədər iş verilib, bu müəyyən olunmalıdır: "Amma bu yoxdur. Mən tələb edirəm ki, həmin sənədlər tələb olunaraq işə əlavə edilməlidir".

Sümbülə Əliyeva deyib ki, ittiham üzrə özünü təqsirli bilmir. O, heç bir cinayət törətməyib.

Sabiq müdir qeyd edib ki, Vəkillər Kollegiyasının keçirdiyi yoxlamalar onun iştirakı olmadan keçirilib. Onun sözlərinə görə, Vəkillər Kolleksiyasının apardığı yoxlamaların nəticələri barədə akt ona verilməyib.

Sümbülə Əliyeva bildirib ki, rəhbərlik etdiyi hüquq məsləhətxanasının vəkilləri çox hallarda dövlət hesabına təyin olunmuş işlərə çıxıblar. O bildirib ki, bununla bağlı vəkillər ödənilməsi üçün nəzərdə pullar işlərlə hüquq məsləhətxanasının hesabına köçürülməsini. O deyib ki, bununla bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edib: "Mən pulların köçürülməsini tələb etmişəm. Demişəm ki, vəkillərin də ailəsi var, onlara da pul lazımdır".

Daha sonra Sümbülə Əliyeva dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.

İstintaq orqanı tərəfindən Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. Sümbülə Əliyeva uzun illər müxtəlif məmurların, mərhum akademik Cəlal Əliyevin vəkili olub və əsasən mətbuata qarşı məhkəmə iddialarının müdafiəçisi kimi tanınıb.
Proses iyunun 24-də davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR