İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hizbullah” tələyə belə düşdü: “Mossad” planlaşdırdı, Kristiana həyata keçirdi – Partlayışla bağlı ŞOK detallar

“Hizbullah” üzvlərinin istifadə etdiyi peycer və telefonların partlaması, onlarla insanın ölümü və minlərlə insanın yaralanması hadisəsi dünya gündəmini zəbt edib.

HEMAS SON.png (691 KB)

Musavat.com xəbər verir ki, müəmmalı partlayışların pərdəarxası ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Hücumları təşkil etdiyi düşünülən İsrail məsələ ilə bağlı heç bir açıqlama verməsə də, bir çox təhlükəsizlik və kəşfiyyat rəsmisi ABŞ və İsrail mətbuatına bildirib ki, bu, “Mossad”ın illərlə planlaşdırdığı əməliyyatın bir hissəsidir.

MOSAD.png (996 KB)

Partlayışlardan qısa müddət sonra bir çox ekspertlər belə bir fikir bildiriblər ki, İsrail agentləri satınalma mərhələsində cihazlara müdaxilə edib və onları partlayıcılarla təchiz ediblər. Lakin ABŞ-nin “New York Times” qəzetinin 12 keçmiş və indiki kəşfiyyat məmuruna əsaslanan xəbərində cihazları İsrailin özünün istehsal etdiyi iddia edilir.

Xəbərə görə, “Hizbullah” lideri Həsən Nəsrullah İsrailin smartfonlara müdaxilə etmə imkanına sahib olduğunu bildiyi üçün köhnə texnologiyalı cihazlarla əlaqə qurma tapşırığı verib. Bundan xəbər tutan İsrail fürsəti əldə verməyib və hərəkətə keçib.

Mənbələr bildirirlər ki, bunun üçün İsrail Bolqarıstan və Norveçdə peycer təchizatı ilə məşğul olan saxta şirkətlər yaradıb. Şirkətlər diqqəti cəlb etməmək üçün bir neçə sıravi müştəri ilə alış-veriş də edib. Bu arada Bolqarıstanın “Norta Global” şirkətinin qurucusu Rinson Xosenin də Norveçdə yaşadığı müəyyən edilib.

Bolqarıstandakı təhlükəsizlik mənbələri, ölkədəki bir şirkətin Budapeştdəki “BAC Consulting” şirkəti ilə ticarət fəaliyyəti həyata keçirdiyini və Bolqarıstan üzərindən Macarıstana 1,6 milyon avroluq transfer göndərildiyini qeyd edib.

“Hizbullah” üçün istehsal edilən ilk cihazlar 2022-ci ilin yayında təhvil verilib. Təşkilat köhnə texnologiyalı cihazlara keçdikcə sözügedən şirkətlərin sifarişlərində ciddi artım müşahidə olunub. Xüsusilə son yay aylarında Livana minlərlə peycerin çatdırıldığı vurğulanır.

Prosesdəki sirli məqamlardan biri də cihazları təchiz edən “BAC” şirkəti və onun qurucusu Kristiana Barsoni Arsidiakono ilə bağlıdır.

KRİSTİNA.jpeg (47 KB)

Tayvanda yerləşən “Gold Apollo” şirkəti partladılan cihazların onlar tərəfindən deyil, “BAC” tərəfindən istehsal edildiyini bildirib.

2022-ci ildə qurulan şirkətin Macarıstandakı maliyyə qeydlərini araşdıran BBC bildirir ki, gəlirləri 2022 və 2023-cü illərdə bəyan edilsə də, şirkətin kommersiya fəaliyyəti ilə bağlı heç bir maliyyə məlumatı yoxdur.

Dünəndən saytı açılmayan şirkətin Linkedin profilində Avropa Komissiyası və Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyi də daxil olmaqla, 8 təşkilatla əməkdaşlıq etdikləri bildirilsə də, Britaniya rəsmiləri hər hansı əlaqəni inkar edir.

Kristiana ilə bağlı məlumatlar da oxşar şübhələrə səbəb olur. Şirkət qeydlərinə görə, Budapeştin şimal hissəsində yaşayan qadının qonşuları onu son illərdə çox görmədiklərini deyirlər. “Financial Times”a danışan qonşular qadının anası ilə yaşadığını və onların xarici təhlükəsizlik qüvvələri tərəfindən qorunduğunu deyiblər.

Çərşənbə günü ABŞ-nin NBC televiziyasına danışan Kristiana deyib:

“Mən peycer istehsal etmirəm, sadəcə vasitəçiyəm. Məncə, siz məsələni səhv başa düşmüşünüz”.

“Aparatlar niyə indi partladılıb?” sualına müxtəlif cavablar verilir. Ərəb ölkələrinin müdafiə mənbələri bu qənaətdədirlər ki, qurğularda partlayıcı maddələr aşkarlandığı və əməliyyatın ifşa olunma təhlükəsi olduğu üçün partlayışlar vaxtından əvvəl baş verib.

PEYCER SON.jpg (74 KB)

Belə bir iddia var ki, ikinci hadisədə partlayan aparatlar İsrail tərəfindən istehsal olunub. Livanın Rabitə Nazirliyi Yaponiyanın ICOM şirkətinə məxsus IC-V82 model aparatların çərşənbə günü partladığını, lakin məhsulların lisenziyalı olmadığını açıqlayıb.

Yapon şirkətinin verdiyi açıqlamada aparatların xaricdə istehsal olunduğuna və ya onlara müdaxilə edildiyinə üstüörtülü söz vurulur. Bildirilir ki, sözügedən modellər və batareyalar yalnız 2004-2014-cü illər arasında istehsal edilib. Lakin həmin tarixdən bu yana istehsal dayandırılıb. Ötən gün baş verən partlayışlarda aparatların üzərində şirkətin holoqramının olmadığı banderolunun radiolarda olmadığı qeyd edilir. Bu, onun saxta məhsul olduğunu göstərir.

Livan səlahiyyətliləri tərəfindən hücumla bağlı aparılan ilkin araşdırmada qurğulara partlayıcı maddələrin Livana gəlməmişdən əvvəl yerləşdirildiyi müəyyən edilib.

Livanın Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyasının BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda deyilir ki, peycer və əl radioları elektron mesajlar göndərilərək partladılıb.

Qeyd edək ki, Livanda partlayıcılarla törədilən iki hücumda ölənlərin sayı 37-yə çatıb, yaralananların sayı isə 4 mini keçib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR