İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçən il bu zamanlar: “miatsum” da reallaşdı, erməni liderlər də Bakıya gəldilər

Ötən ilin bu günləri Xankəndi ətrafında keçirilən həlledici antiterror əməliyyatlarına doğru gələn yol çox uzun olmuşdu. Uzundan da uzun – bir qərinə qədər.

Əslində Azərbaycan Republikası bu əməliyyatı 1988-ci ilin fevralında, İrəvandan gəlmiş “qarasaqqallılar” və “qaraköynəklilər”in başçılığı ilə yerli separatçılar Xankəndinin mərkəzi meydanına toplaşaraq Bakıya nifrət püskürəndə, “miatsum” avantürası başladanda keçirməliydik.

(“Miatsum” erməni dilində ana ilə balanın qovuşmasını ifadə edir. Ermənilər bu ifadə altında “bala Qarabağ”la “ana Ermənistan”ın birləşməsini nəzərdə tuturdular).

fevstep.jpg (84 KB)

Lakin 1988-ci ilin fevralında nəinki ermənilərin Stepanakert adlandırdıqları Xankəndi şəhərində hər hansı bir lokal antiterror əməliyyatı keçirmək mümkün deyildi, heç Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə güldən ağır söz demək də olmazdı. Çünki Azərbaycan müstəqil dövlət deyildi, Moskvadan şaquli şəkildə asılıydı və Moskva ermənilərin nazıyla oynamağı tövsiyə edirdi.

Ona görə də Xankəndiyə xüsusi təyinatlı çevik milis dəstələri əvəzinə xüsusi təyinatlı incəsənət xadimləri göndərildi. Onlar Xankəndidə millətlərarası dostluğa, qardaşlığa aid nəğmələr oxumaqla gərginləşmiş münasibətləri yumşaltmaq üçün əbəs yerə cəhdlər edirdilər.

Sovet rəhbərliyi anlamaq istəmirdi ki, illərdən bəri quş tüfəngindən tutmuş ta “Kalaşnikov” avtomatına qədər hər cür silah toplamış separatçıları zurna-qaval və tar-kamanla yola gətirmək, ram etmək mümkün deyil.

İlk gündən tüfənglinin qarşısına tüfənglə çıxmaq lazım idi. Hazırlıqlı olmaq gərək idi, amma biz həm lazımi vaxtı, həm də hərbi hazırlıq fürsətini itirmiş, silahlı ermənilərin qarşısında əliyalın qalmışdıq.

azerbqac.jpg (81 KB)

                                         Azərbaycanlı köçkünlər. 1993-cü il

Bir ovuc ermənilərin Azərbaycanın bağrındakı Xankəndidən, Şuşadan, digər rayonlardan, kəndlərdən azərbaycanlıları didərgin sala bilmələrinin səbəbi də məhz bu idi: onlar gecə yatmadan silahlanmışdılar, biz gündüzlər də yatmışdıq. Bizim başımızın altına yumşaq yastığı Kreml və özümüzün müti vassallarımız qoymuşdu.

Daha sonra ağır illər gəldi – kütləvi qaçqın-köçkünlük, kütləvi kasıbçılıq, hiperinflyasiya, daxili hərc-mərclik, siyasi qeyri-sabitlik, yeni dövlətin formalaşması və sair və ilaxır səbəblərdən biz Xankəndiyə Şuşadan yox, Bakıdan baxmalı olduq.

Şuşada isə erməni əsgərlər tut arağından, Hadrut şərabından içir, qarda sürüşür, əylənir, qəhrəmanlıq mahnıları oxuyur, qələbə paradı keçirirdilər. Təmas zonalarında hər gün azı yüz dəfə atəşkəs rejimini pozur, bizə “yatmamışıq, oyağıq, lazım gəlsə, yenə hücuma keçərik” mesajı verirdilər.

fest.jpg (74 KB)

                                            Hadrtutda şərab festivalı

Xankəndi dünyanın hər tərəfində yaşayan ermənilərin ziyarət yerinə dönmüşdü. Diaspor təşkilatlarının rəhbərləri yanlarına erməni lobbistləri də salıb gətirir, Qarabağda gəzdirir, yedirdib-içirdib yola salırdılar.

Britaniyalı baronessa Kerolayn Koks öz doğulduğu məmləkətdən çox Qarabağa gəlirdi – ildə 3-4 dəfə. Başqaları da vardı.

passs.jpg (55 KB)

“DQR” adlanan qeyi-qanuni qurumun başında bir-birini əvəzləyən koçaryanlar, qukasyanlar, saakyanlar, arutyunyanlar bayramlarda xalqın qarşısında alovlu çıxışlar edirdilər, Azərbaycana nifrət püskürürdülər, “artsax”ın heç zaman Bakının yurisdiksiyasında olmayacağını bəyan edirdilər, insanları coşdururdular. Biri gedirdi, ikisi gəlirdi. Elə bir erməni prezident, baş nazir, nazirlər olmurdu ki, az qala hər ay Xankəndiyə gəlməsinlər.

Onların səfərləri təkcə adi ziyarətlərlə, adi ziyafətlərlə yekunlaşmırdı, böyük şənliklər qurur, Şuşada yallı gedir, Hadrutda şərab festivalı keçirir, Vəngdə eşşək cıdırı təşkil edib qoduq ötüşdürür və sair və ilaxır tədbirlər düzənləyərək bizə yandı-qındı verirdilər.

vanqqq.jpg (317 KB)

                                     Vəng kəndində təşkil olunan eşşək cıdırı

Qarabağlı erməni vəzifəlilər də qudurmuşdular, böyük-böyük danışırdılar. Məsələn, David Babayan bildirirdi ki, perspektivdə Xankəndidə Azərbaycanın səfirliyi açıla bilər.

Erməni liderlərin çıxışlarından doğan yeganə qənaət bu idi ki, bu adamların xoşluqla yola gəlmək, azərbaycanlılarla sülh içində yaşamaq, hətta keçmiş Dağlıq Qarabağ vilayətinə daxil olmayan rayonları, işğal etdikləri torpaqları azad etmək niyyətləri yoxdur.

Separatçılar qanunsuz “respublika”nın xəritəsini də çəkmişdilər, Zəngilandan Ağdama qədər bütün işğal olunmuş rayonları bu xəritəyə salmış, adlarını dəyişdirmiş, “müstəqil dövlət” olaraq İranla qonşu olmuş, rəsmi Tehranın bölgədə sərhəd dəyişdirilməsinə qarşı həssaslığını nəzərə almadan, onun “qırmızı xətti”ni keçmişdilər. Amma İran bu “qırmızı xətt” pozuntusuna və şiə-müsəlman qardaşlarının kütləvi şəkildə öz evlərindən qovulmasına dözümlü yanaşırdı.

Ən pisi o oldu ki, separatçılar 44 günlük müharibədən sonra da, ağır məğlubiyyətə uğramalarına baxmayaraq, dəvədən yıxıldığı halda “höt-höt” deməkdə davam edənlər kimi, “hüdüləmək”də, Bakını təhdid etməkdə, ona heç vəchlə tabe olmayacaqlarını bildirməkdə davam edirdilər

rubben.jpg (601 KB)

Moskvadakı biznesini buraxıb Xankəndiyə yerləşən irəvanlı biznesmen Ruben Vardanyan lap qabağa getdi, öz üzərinə böyük vəzifə götürdü və təkcə Azərbaycan xalqını, dövlətini yox, Azərbaycanın dövlət başçısını da hədələdi və öz diliylə öz aqibətinə dair fərman verdi.

44 günlük müharibədən sonra aparılan bütün açıq, məxfi danışıqlar nəticə verməyəndən, ermənilərin heç cür sülhə gəlməyəcəyi bəlli olandan sonra antiterror əməliyyatı keçirmək qaçılmaz oldu və ölkənin hərbi qüvvələri 1 sutkanın tamamında bu işi başa gətirdilər. Ermənilər yenə 8-10 min döyüşçünün həyatını ağ bayraqlarla xilas etdilər. Yoxsa bir-iki günə tam darmadağın olunacaqdılar. Qarabağdakı erməni icmasının başına yenicə keçmiş Şahramanyan Azərbaycan Müdafiə Nazirliyinin təslim olmaq haqdakı təklifini qəbullanaraq, “DQR” adlanan qurumun buraxıldığını elan etdi. Bununla da 35 illik “miatsum” avantürası başa çatdı. Qarabağda yaşayan ermənilər köçərək “ana”larına qovuşdular. Amma bu qovuşma Xankəndinə yox, İrəvanda baş verdi.

tia_33994c0f018ad414d23984af7a7ea0a5_4sbqmit0a5vjx2for1yu-640x336.jpg (36 KB)

Bizi hədələyərək, “elə etməyin ki, tanka minib Bakıya gələk” deyən erməni liderlər də, onların tankları da artıq Bakıdadır.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR