Onlayn ictimai-siyasi qəzet
Bununla bağlı xüsusi fənnin tədrisinə ehtiyac yoxdur, amma...
Azərbaycanda məişət zorakılığı ilə mübarizə gücləndirilir. Artıq bununla bağlı bugünlərdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilib. Dəyişikliyə əsasən, müvafiq maddələrdən “yaxın” sözü çıxarılıb, bu da yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır.
Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə müvafiq maddələrə “ər və arvadın yaxın qohumları” ifadəsi də əlavə olunub. Nəticədə, bundan sonra məişət zorakılığı baş verdikdə, ər və arvadın yaxın qohumları da cavabdehlik daşıyacaq və onların iştirakı və ya iştiraksızlığı, müdaxilə etməli olduqları halda səssiz qalmaları halında məsuliyyətə cəlb ediləcəklər. Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə də yeni cəzalar müəyyən edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə cərimələrin miqdarı artırılaraq beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq. Bundan əlavə, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Bundan başqa, məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirləri genişləndirmək məqsədilə ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil ediləcək.
Bəs orta məktəblərdə məişət zorakılığının qarşısını almaq üçün yeni təhsil proqramlarının yaradılmasına ehtiyac varmı?
Bəzi ekspertlər bununla bağlı ayrıca fənnin yaradılması və yaxud proqramların, məşğələlərin keçirilməsini təklif edir.
Elşən Qafarov
Təhsil eksperti Elşən Qafarovun fikrincə, məişət zorakılığı ilə bağlı xüsusi fənnin tədris edilməsinə ehtiyac yoxdur: ""Təhsil haqqında" Qanunun 11-ci maddəsinə və "Ümumtəhsil haqqında" Qanunun 13-cü maddəsinə edilmiş dəyişiklik ondan ibarətdir ki, cinsi zorakılıqla bağlı məktəbdə müvafiq məşğələlər keçirilsin və o məşğələlərə valideynlər də cəlb olunsun.
Lakin bu qanunda tələb kimi qoyulan həmin məşğələlər məktəblərdə hələ də keçirilmir. Məişət zorakılığı ilə əlaqədar ayrıca bir fənnin keçirilməsinin tərəfdarı deyiləm. Cəmiyyəti narahat edən müxtəlif mövzular var və bunların hər biri ilə bağlı xüsusi bir fənnin tədris olunması doğru deyil.
Amma şagirdlərin yaş səviyyəsinə uyğun olaraq belə mövzulara yer verilməli və yuxarı sinif şagirdlərinə də dərsdənkənar məşğələlər keçirilməlidir. Eyni zamanda sinif rəhbərlərinin həftədə bir dəfə keçirdiyi təşkilat saatları var. Həmin sinif rəhbərləri tərəfindən təşkilat saatlarında bu mövzulara yer vermək olar".
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bu cür şərh verdi: “Xatırladım ki, hazırda ölkəmizdə 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Aparılan araşdırmalar onu göstərir ki, oğlanlar arasında 21, qızlar arasında 11 faizdə birinin digərinə psixoloji zorakılığı müşahidə olunur. Çox təəssüflər olsun ki, bulinq halları pandemiyadan sonra daha da artmağa başlayıb. Bunun da bir neçə səbəbi var və ən vacib səbəblərdən biri şagirdlərin telefondan istifadə zamanı yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun olmayan informasiyalar almasıdır. Xüsusən də "Tik-Tok" sosial şəbəkəsində onlar təhlükəli informasiyanın birbaşa qurbanına çevrilir.
Bəzən görürük ki, sosial platformalarda məşhurlaşmaq istəyən şagirdlər digərlərinə qarşı fiziki və digər zorakılıqlar nümayiş etdirir və nəticədə şagirdlərimiz bu tipli təhlükəli hadisələrin qurbanına çevrilir. Bu gün mövcud vəziyyəti aradan qaldırmaq üçün yeni tədris proqramları hazırlamalıyıq. Etiraf edək ki, dünya artıq dəyişib, lakin bizim fənlər olduğu kimi qalıb və yaxud fənlərin daxilindəki informasiyalar artıq müasir dövrlə ayaqlaşmır.
Beləliklə, mütləq şəkildə təhsil proqramlarına şagirdlərin psixoloji gərginliklərini aradan qaldıracaq, onlarda mənəvi öhdəlikləri artıra biləcək mövzular əlavə etməliyik. Biz şagirdlərdə daha çox şəxsiyyətyönümlü təhsil aşılamalıyıq. Şagirdlərimiz yeni bir şəxsiyyət olaraq cəmiyyətə daxil olmalıdır".
Yazını hazırladı: Xalidə GƏRAY
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ