İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə nizam-intizam qaydaları nəyi dəyişəcək?-RƏYLƏR  

Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda sənəd layihəsi hazırlanıb. Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev deyib ki, bu, nümunəvi qaydalardır və çərçivə xarakteri daşıyır.

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq.

Məktəblərdə şagirdlərin davranış pozuntularının ağırlıq dərəcəsi təsnifatlara bölünüb. Həmin təsnifatlar davranış pozuntularının ağırlıq dərəcəsini təyin edəcək. Şagird davranış qaydaları ümumtəhsil məktəbləri üçün çərçivə xarakteri daşıyır. Bu qaydalar əsasında məktəblər özləri də daxili qaydaları tərtib edə bilərlər. Nizamnamədə onlara bu səlahiyyət verilib. Məqsəd şagirdlərin bütün davranış qaydalarını nazirlikdən idarə etmək deyil.

Həmin səviyyələr aşağıdakılardır:

1-ci səviyyə: Yüngül səviyyəli qayda pozuntuları

Üzrsüz səbəbdən dərsə gecikmək, ev tapşırığını yerinə yetirməmək, böyüklərə qarşı nəzakətsiz davranmaq və s.

2-ci səviyyə: Orta səviyyəli qayda pozuntuları

Məsələn, yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək, təhlüksizlik qaydalarını pozmaq (Məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək), başqalarına emosional-fiziki zərər vuran ehtiyatsız hərəkət və davranışa yol vermək və s.

3-5-ci səviyyə: Ciddi və ağır qayda pozuntuları

Başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq, əks cinsin nümayəndəsinə qarşı qeyri-etik şəkildə davranmaq, zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq və s.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Musavat.com-a qeyd etdi ki, şagirdlərin davranış, nizam-intizam qaydalarını tənzimləyən çərçivə sənədi dünya təcrübəsində geniş yayılıb: “Burada şagirdlərin hüquqlarının məhdudlaşdırılmasından söhbət getmir. Sözsüz ki, yeni qaydaların tətbiq olunmasından sui-istifadə etməyə çalışan məktəb direktorları, müəllimlər olacaq. Hər bir halda Elm və Təhsil Nazirliyi, eləcə də İctimai Şura tərəfindən monitorinq aparılacaq. İntizam komissiyalarında valideynlər də təmsil olunacaq. Müəllim-ailə-icma birliklərinin, antibullinq siyasətinin məktəblər tərəfindən formalaşdırılması məktəblərdə intizam qaydalarını tənzimləməyə dəstək göstərən layihələrdir. Bu prosesdə İctimai Şura fəal iştirak edəcək. Bununla yanaşı, hadisələri preventiv tədbirlər formasına salacaq. Bu günə qədər hadisələrə görə hansı cəza tədbirlərinin görülməli olduğu bəlli deyildi. Bu layihə həm də valideynlərin münasibətini də açıq şəkildə görəcəyik. Müəyyən uşaqlara qarşı həm valideynlərdə, həm də müəllimlərdə bəzi hallarda etinasızlıq nəzərə çarpır. Etinasız münasibət görmüş uşaqlar isə gələcəkdə cəmiyyət üçün ciddi təhlükə yarada bilər. Ona görə hesab edirik ki, tətbiq olunacaq yeni qaydalar müəyyən sosial problemlərin həllinə də kömək edə bilər. Bunlar nizamlayıcı tədbirlərdir”.

Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, münasibətlərin tənzimlənməsi üçün müəyyən addımların atılmasına ehtiyac var: “Nizamnamələr, əsasnamələr olsa da, Elm və Təhsil Nazirliyinin yanaşması belədir ki, yeni qaydalara ehtiyac var ki, təşəbbüs kimi cəmiyyətə təqdim olunub. Mən bunun lehinəyəm. Dəyişikliklərin nədən ibarət olacağını zaman göstərəcək. Düşünürəm ki, həm məktəblərdə, həm də ali təhsil müəssisələrində baxış və yanaşma dəyişməlidir. Cəza tədbirləri olmalıdır, lakin inzibati tədbirdən daha çox təbliğata, müzakirəyə üstünlük vermək lazımdır. Eyni zamanda məktəb rəhbərliyi ilə valideynlər arasında sıx təmas olmalıdır ki, müəyyən məsələlər ətrafında müzakirə aparılsın. Qayda pozuntusuna yol verən şagirdlər ciddi nəzarətdə saxlanmalıdır. Əgər ehtiyac olarsa, hüquq-mühafizə orqanlarına müraciət etmək olar”.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bugünkü açıqlamasında əlavə olaraq qeyd edib ki, şagird dərsə tez-tez gecikirsə, artıq onun davranış pozuntusu növbəti dərəcəyə keçir. Yəni xəbərdarlıqlara baxmayaraq, yüngül davranış pozuntuları davam edərsə, bu sonradan ağır formalı davranış pozuntusuna keçir. Şöbə müdiri davranış pozuntuları sırasında yalan danışmaq məsələsinə də aydınlıq gətirib. O deyib ki, yalan danışmaq qeyri-etik davranışdır, qaydalarda bunların qeyd edilməsi şagirdlərə bunun səhv olduğu anlayışını formalaşdırmaqdır: “Ona görə davranış pozuntuları ayrı-ayrılıqda ifadə olunub ki, şagird bilsin ki, məsələn, ev tapşırığını etməmək davranış pozuntusudur. Məktəblərdə çalışan hər bir işçinin əsas hədəfi şagirdin sağlamlığı, təhlükəsizliyi və inkişafı olmalıdır. Yalnız bu halda məktəblərdə sağlam mədəniyyət, sağlam mühit yarada bilərik. Məktəbin direktorundan texniki işçiyə qədər hamı çalışmalıdır ki, şagirdlər üçün sağlam mühit yaradılsın. Direktorların vəzifələrindən biri də budur ki, məktəbdə çalışan şəxslər arasında vəzifə bölgüsü etsin. Şagird davranışının tənzimlənməsi ilə bağlı təhsilverənlərə öhdəliklər verilməlidir, burada direktor müavinləri, sinif rəhbərləri, müəllimlər cavabdehlik daşıyacaq”.

Şöbə müdiri şagirdin davranış qaydasına uyğun sarı, narıncı və qırmızı məktubların verilməsi məsələsinə də toxunub. O qeyd edib ki, davranış qaydasının pozulması ilə bağlı şagirdə sarı, narıncı və qırmızı məktub verilir. Bu məktub həm şagirdin valideynlərinə göndərilir, həm də məktəbdəki şəxsi işinə əlavə edilir: “Davamlı olaraq qırmızı məktubun verilməsi o deməkdir ki, artıq bu şagirdlə bu səviyyədə çalışmaq faydasızdır. Bu halda yerli icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara müraciət edilə bilər. Eyni zamanda polis idarələrində yetkinlik yaşına çatmayanlarla bağlı işlərə cəlb olunan inspektorlar, müfəttişlər də prosesə cəlb oluna bilər”.

E.Əliyev eyni zamanda qeyd edib ki, müsbət davranış qaydalarına görə yaşıl kartlar da veriləcək:

“Bu kartlar da həm valideynlərə göndərilir, həm də şagirdin şəxsi işinə əlavə olunur. Müsbət davranışla bağlı davamlı yaşıl kartlar nəticəsində şagirdlərə təşəkkürnamə, təltifnamə və ya diplomlar verilə bilər”.

 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR