Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Mehriban Xanlarova "AzDrama"nın bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında daha bir açıqlama yayıb.
Musavat.com xəbər verir ki, aktrisa bu dəfə M.Ələkbərzadənin səhhətində ciddi problem olan Əməkdar artist Rəşaq Bəxtiyarovla maraqlanmadığını iddia edib:
"Mehriban Ələkbərzadə, teatrımızın dəyərli aktyoru, Əməkdar artist Rəşad Bəxtiyarov uzun müddətdir ki, səhhəti ilə ciddi mübarizə aparır. Siz isə teatrın bədii rəhbəri olaraq onun vəziyyəti ilə maraqlanmaq üçün hansı faciənin baş verməsini gözləyirsiniz?
Bir rəhbərin borcu sənət adamlarının qayğısına qalmaqdır. Lakin siz şəxsi maraqlarınızı qorumaqla, kollektiv daxilində cavan nəsillə yaşlı nəsil arasında süni qarşıdurmalar yaratmaqla, aktyorlardan tutmuş texniki işçilərə qədər hər kəsə kobud davranmaqla və onları psixoloji basqı, qorxu altında saxlamaqla məşğulsunuz.
Sizin işçilərə qarşı laqeyd münasibətiniz artıq təhlükəli həddə çatıb. Sağlam əməkdaşlar sizin üçün görünməz, xəstələr isə yaddan çıxmış rollardır. Çünki sizin başınız teatrı yaşatmağa yox, onu şəxsi hərisliyinizin fonunda idarə etməyə qarışıb. Ən acısı isə odur ki, Rəşad Bəxtiyarov sizin tələbəniz olub. Heç vicdanınızın səsini eşitmirsiniz? Heç onun halını soruşmaq yadınıza düşmür? Əgər illərlə yanınızda sənət öyrənmiş bir insana bu cür biganəsinizsə, digərlərinə nə edəcəyinizi yalnız Allah bilir.
Dahi şairimiz Bəxtiyar Vahabzadənin gözəl bir kəlamı var: Göydə axtarmasın Allahı insan, hər kəsin vicdanı öz Allahıdır. Siz bu teatra gəlməmişdən əvvəl burada doğmalıq var idi, səhnə bizim evimiz, sənət isə ailəmiz idi. Amma siz gəldiniz və bizi yetim qoydunuz – öz teatrımızda ögey, doğma ocağımızda isə yad kimi qarşılandıq. Haqlarımız tapdalandığı üçün mübarizə aparmağa məcbur qaldıq. Sənət məbədi nifaq yuvasına çevrilməməlidir, lakin sizin idarəçiliyiniz bu müqəddəs məkanın divarlarına çat saldı. Sənətkarın sağlığı, teatrın taleyi sizin üçün önəm daşımırsa, o zaman siz bu sənət məbədinin rəhbəri deyil, yalnız qaranlıq bir tamaşanın rejissorusunuz!
Yaxın günlərdə sizin fəaliyyətinizlə bağlı önəmli faktları ictimaiyyətə açıqlayacağam. Hazırda susmağım səssizlik deyil, sadəcə, uyğun vaxtı gözləyirəm. Həmkarım Rəşad Bəxtiyarovun səhhəti mənə və onu sevən tamaşaçılara önəmlidir. Buna görə də biganə qala bilməzdim! Çünki sənət fədakarlıq tələb edir, laqeydlik yox".
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ