Onlayn ictimai-siyasi qəzet
İki Venesuela hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığında uçub.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb: "Bu gün Maduro rejiminin iki hərbi təyyarəsi beynəlxalq sularda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin yaxınlığında uçdu. Bu son dərəcə təxribat xarakterli hərəkət bizim narkotiklərlə mübarizə əməliyyatlarımıza müdaxilə etmək məqsədi daşıyırdı".
Pentaqon Venesuelaya xəbərdarlıq edib: “Venesuela kartelinə ABŞ hərbi qüvvələrinin narkotiklərlə mübarizə və antiterror əməliyyatlarına əlavə mane olmağa, çəkindirməyə və ya müdaxilə etməyə cəhd etməmək tövsiyə olunur”.
Venesuela prezidenti Nikolas Maduro isə “Venezolana de Televisión” telekanalının efirində bildirib ki, Venesuelada koka plantasiyaları və ya narkotik laboratoriyaları yoxdur və yaxın gələcəkdə respublika ərazisindən narkotik tranziti tamamilə dayandırılacaq: “BMT-nin və bir sıra ölkələrin faktiki vəziyyəti əks etdirən və ekspert yoxlamasından keçən hesabatlarına görə, Venesuela ərazisində koka plantasiyaları, kokain laboratoriyaları yoxdur və biz tezliklə narkotiklərin tranzitini tamamilə bağlayacağıq”.
Maduro qeyd edib ki, Cənubi Amerikadan gələn kokainin 87 faizi Kolumbiya, Ekvador və Perudan Sakit Okean vasitəsilə, 8 faizi Kolumbiyanın Quajira departamentinin Karib dənizi sahilləri vasitəsilə daşınır və narkotik tacirlərinin yalnız 5 faizi yükləri Venesuela ərazisi vasitəsilə daşımağa çalışır ki, bunun da 70 faizi ələ keçirilir. Onun sözlərinə görə, son illərdə “narkotik ticarəti üçün istifadə edilən 402 təyyarə zərərsizləşdirilib” və yaxın gələcəkdə Venesuela öz ərazisindən narkotiklərin tranzitini tamamilə əngəlləyəcək.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ