Onlayn ictimai-siyasi qəzet
“Financial Times” ABŞ və Tayvan arasında Alyaskada gizli danışıqların keçirildiyini yazıb.
Musavat.com xəbər verir ki, məlumata görə, görüş Ankoric şəhərində, tərəflərin Müdafiə Nazirliklərinin yüksək vəzifəli nümayəndələri səviyyəsində baş tutub.
Danışıqların məhz Alyaskada təşkil olunması təsadüfi deyil – bu addım prosesin daha az səs-küy doğurması üçün qəsdən atılıb.
Nəşrin təhlilinə əsasən, Tramp administrasiyası bir tərəfdən Tayvana “təhlükəsizlik zəmanətləri” vermək, digər tərəfdən isə Çinlə mümkün ticarət sazişinin qorunub saxlanılması arasında balans yaratmağa çalışır.
Ekspertlər hesab edir ki, Alyaskadakı gizli dialoq Pekinə qarşı açıq bir akt kimi dəyərləndirilə bilər. Çünki Çin Tayvanı öz ərazisi hesab edir və adanı ilhaq etməyi strateji hədəfi elan edib. ABŞ-ın belə bir məqamda Tayvanla gizli əməkdaşlıq aparması, eyni zamanda Tayvanın silah arsenalının yenilənməsi istiqamətində addımlar atması, bölgədə gərginliyi daha da artırır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Çində keçirilən böyük qələbə paradı zamanı paylaşım edərək Çin sədri Si Cinpinə mesaj göndərmiş, Rusiya və Şimali Koreya ilə birlikdə ABŞ-a qarşı yaranan ittifaqı xüsusi vurğulamışdı. İndi isə Tayvanla gizli əməkdaşlıq Pekinin diqqətindən yayınmayacaq və Çin tərəfinin sərt reaksiyasına səbəb ola bilər.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ