Onlayn ictimai-siyasi qəzet
Bu reallıq Ermənistanın hərbi cəhətdən indikindən daha güclü olduğu 2020-ci ildə bütün dünya qarşısında sübut edilsə də, erməni siyasi dairələri hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirlər...
Cənubi Qafqazda hərbi-siyasi situasiya ciddi şəkildə qəlizləşdi. Artıq regional sabitlik demək olar ki, pozulub. Çünki Ermənistan ardıcıl hərbi təxribatlar törədir. Azərbaycan isə düşmənin bu təxribatlarından müdafiə olunur. Və düşmənə preventiv zərbələr endirmək məcburiyyətində qalır.
Halbuki cəmisi bir neçə həftə əvvəl ABŞ və Qərb Azərbaycan-Ermənistan danışıqlarının yekun sülh sazişinin imzalanması ilə nəticələnə biləcəyini iddia edirdi. Hətta regional sülh prosesinin uğurla yekunlaşacağı vaxt olaraq, bu ilin sonuna işarə olunurdu. Və bu, Cənubi Qafqazın gələcək taleyi üçün sürətli inkişaf perspektivləri vəd edirdi.
Ancaq deyəsən, ABŞ və Qərbin sülh sazişi ilə bağlı iddiaları da, işarə edilən zaman da reallıqdan uzaqdır. Əslində, o qədər də gözlənilməz deyil. Çünki erməni tayfası normal danışıqlar qabiliyyətindən uzaqdır. Bu tayfa yalnız manipulyasiya, yalan, xəyanət və terrorçuluğu bacarır. İşin içinə bir də erməni tayfasının, Ermənistanın özü qədər "pozğun bacısı" Fransanın da daxil olduğunu nəzərə aldıqda, təəccüblənəcək heç nə qalmır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Paris Cənubi Qafqazda indi baş verənlərin anonsunu bir neçə gün öncə dolayısı ilə vermişdi. Prezident Emmanuel Makron Ermənistanın beynəlxalq səviyyədə dəstəklənməsini öz üzərinə götürdüyünü bildirmişdi və Azərbaycana qarşı təzyiq vəd etmişdi. Ardınca isə Fransanın bəzi şəhərlərini təmsil edən bir neçə mer Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni azlığına "humanitar yardım" aparmaq bəhanəsi ilə siyasi təxribata başlamışdı. Təbii ki, Fransanın bu davranışları sülh prosesinin pozulmasına intensiv hazırlığın başlanıldığını biruzə verirdi. Rəsmi Paris Cənubi Qafqazda sülhün və sabitliyin əsas düşməni rolunu öz üzərinə götürüb. Fransanın bu regiona yolunun açılması üçün mütləq növbəti savaşın baş vermə təhlükəsini aktuallaşdırmağa çalışır. Və bu baxımdan, Fransanın regionda "mixer" rolunu oynadığı qətiyyən şübhə doğurmur.
Əslində, rəsmi Paris Cənubi Qafqazda sülh prosesini ilk dəfə deyil ki, pozur. Bələ ki, ötən ilin sonlarında da təxminən oxşar hərbi-siyasi proseslər baş vermişdi. Yəni, indi olduğu kimi, o vaxt da yalnız Fransanın siyasi elitası istisna olmaqla, əksər beynəlxalq dairələr sülh sazişinin uzaqda olmadığını vurğulayırdılar. Və Cənubi Qafqazın inkişaf perspektivlərini şərh edirdilər.
Məhz belə bir önəmli mərhələdə Fransa araya girməyə çalışdı. Prezident Emmanuel Makron Azərbaycan-Ermənistan sülh danışıqlarında vasitəçilik missiyasını öz üzərinə götürmək iddiasını ön plana çıxartdı. Rəsmi Bakı Fransanın və prezident Emmanuel Makronun qatı ermənipərəstliyini arqument gətirərək, bununla razılaşmadı. Ermənistan baş naziri Nikol Paşinyan isə prezident Emmanuel Makronun vasitəçiliyini sülh danışıqlarının davam etdirilməsi üçün əsas şərt kimi irəli sürdü. Və nəticədə iki beynəlxalq avantüristin manipulyativ davranışları ucbatından sülh prosesi pozuldu.
Təbii ki, sülh prosesinin olmadığı zaman intervalı istənilən halda, yeni müharibə təhlükəsini aktuallaşdırır. Məhz növbəti regional savaşın başlanma ehtimalı ciddiləşdiyi bir vaxtda ABŞ Ermənistanı sülh danışıqları masasına qaytarmağı bacardı. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündə önəmli anlaşmalar əldə olundu. Və 30 illik hərbi-siyasi qarşıdurmanın sona çatmaq üzrə olduğuna ümidlər artdı.
Ancaq Fransa yenə dövrəyə girib. Cənubi Qafqazda sülh və sabitliyə imkan vermək istəmir. Rəsmi Paris Hindistanla ortaq şəkildə Ermənistanı silahlandırır. Nəticədə rəsmi İrəvanın ritorikası ciddi şəkildə dəyişməyə başlayıb. Bir müddət öncəyə qədər savaşdan qorxduğunu gizlədə bilməyən rəsmi İrəvan indi artıq yeni müharibəyə səbəb olacaq hərbi təxribatlar törədir. Və bu, həm də Azərbaycanla hərbi qarşıdurmada Ermənistana Fransanın dəstək təminatının verildiyi anlamına gəlir.
Əks halda, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ iqtisadi regionunda olan erməni separatçı-terrorçuları "müstəqillik günü" münasibətilə "təbrik etməyə" cəsarət göstərməzdi. Halbuki Ermənistan baş naziri 44 günlük savaşda biabırçı məğlubiyyətdən sonra belə "mövzular"dan imtina etmişdi. Üstəlik, o, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımışdı. Və bu, sülh danışıqlarının perspektivlərini ciddi şəkildə gücləndirən məqamlardan hesab olunurdu.
İndi isə erməni baş nazirin bu addımı ilə əslində, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərmiş kimi görünür. Eyni zamanda, baş nazir Nikol Paşinyan Azərbaycan ərazisində erməni separatizmini və terrorizmini açıq şəkildə dəstəkləmək qərarı verdiyini də sezdirir. Və bu, onun Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dəfələrlə səsləndirdiyi bəyanatla kəskin ziddiyyət təşkil edir.
Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olduğunu növbəti dəfə gündəmə qaytarmağa çalışır. Bu isə heç bir halda, sülh prosesinə müsbət impuls verə bilməz. Əksinə, bu davranışlar yekun sülh sazişinin bloklanması prosesinin artıq başlandığını biruzə verir. Yəni, rəsmi İrəvan sülh prosesindən imtina etdiyini açıq şəkildə qabardır.
Bütün bunları nəzərə aldıqda, baş nazir Nikol Paşinyanın son açıqlaması ilə Ermənistanın sülh prosesindən rəsmən çıxdığını da iddia etmək olar. Paşinyan hakimiyyətinin son hərbi təxribatları fonunda bu, qətiyyən təəccüb doğurmur. Yəqin ki, Ermənistan sülh prosesindən çıxmağın qarşılığında Fransadan qeyri-rəsmi təhlükəsizlik təminatı almış ola bilər.
Halbuki, Ermənistan üçün ən ciddi təhlükə də məhz Fransanın verə biləcəyi qeyri-rəsmi təhlükəsizlik təminatıdır. Çünki Cənubi Qafqazda yeni savaşın baş verəcəyi təqdirdə, Fransanın Ermənistanı xilas edə biləcəyinə heç ermənilər də tam əmin deyillər. Rəsmi İrəvan bu səhvdən geri dönüb, sülh prosesinə qayıtmazsa, bunun yeganə alternativinin məhz savaş olduğunu təxmin etmək qətiyyən şübhə doğurmur.
Deməli, Ermənistan doğrudan da Fransanın istəyi ilə sülh danışıqlarından imtinada israrlı olarsa, "Dəmir Yumruq-2" mərhələsinə də mütləq hazır olmalıdır. Çünki Fransa rəsmi İrəvana çoxlu sayda vədlər və təminatlar verə bilər, ancaq Ermənistanı Azərbaycanın "dəmir yumruğu"ndan qoruya bilməz. Bunun belə olduğu Ermənistanın hərbi cəhətdən indikindən daha güclü olduğu 2020-ci ildə bütün dünyaya sübut edilib.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ