Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron İsraildə girov saxlanılan şəxslərin görüntülərinə münasibət bildirərək HƏMAS-ı “qəddar və qeyri-insani təşkilat” adlandırıb.
Musavat.com xəbər verir ki, Makron X sosial şəbəkəsindəki paylaşımında bildirib:
“Dəhşətli qəddarlıq, sonsuz insanlıqdan uzaqlıq – bax, HƏMAS məhz bunu təmsil edir. Qəzza sektorunda saxlanılan israilli girovlardan gələn dözülməz görüntülər bizə bu qorxunc reallığı bir daha xatırladır.”
O, girovda qalan Eviyatar David, Roma Braslavski və digər əsirlərin adını çəkərək onların və ailələrinin artıq 660 gündən çoxdur “cəhənnəm şəraitində” yaşadığını vurğulayıb.
Makron qeyd edib ki, Fransa üçün əsas prioritet bu girovların dərhal və qeyd-şərtsiz azad olunmasıdır:
“Biz bu məqsədə çatmaq üçün fasiləsiz çalışırıq. Girovların azad edilməsi, atəşkəs rejiminin bərpası və Qəzza sərhədlərində bloklanan humanitar yardımın geniş şəkildə çatdırılması üçün səylərimizi davam etdiririk”.
Fransa lideri əlavə edib ki, yalnız bu tədbirlər kifayət deyil — bu proseslər siyasi həll ilə müşayiət olunmalıdır:
“İsrail və Fələstinin yan-yana, sülh şəraitində yaşadığı iki dövlətli həll – bu, yeganə mümkün gələcəkdir. Ədalət, təhlükəsizlik və ləyaqət yalnız bu halda regionun bütün xalqları üçün təmin oluna bilər.”
Makron sonda vurğulayıb:
“Bizim dəstəklədiyimiz bu siyasi baxış çərçivəsində heç bir qeyri-müəyyənlik ola bilməz. Biz HƏMAS-ın tamamilə silahsızlaşdırılmasını, istənilən idarəçilik formasından uzaqlaşdırılmasını və İsrailin Fələstin dövləti tərəfindən tanınmasını tələb edirik.”
Musavat.com
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ