Onlayn ictimai-siyasi qəzet
Paris Bakıda keçirilən konfransa gedənlərə xəbərdarlıq edib ki, guya onları həbs təhlükəsi gözləyir; bu ölkənin dövlət səviyyəsində cılızlığı ikrah doğurur
Buil sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransını pozmaq üçün Fransa Xarici İşlər Nazirliyi səviyyəsində təxribata əl atıbmış.
“Yeni Müsavat” yazır ki, tədbirdə Fransadan 10-a yaxın nümayəndənin iştirakı nəzərdə tutulub. Amma Fransa XİN iştirakçılara yazılı xəbərdarlıq edib. Bildirib ki, Azərbaycana səfər edəcəkləri təqdirdə guya Bakıda həbs təhlükəsi ilə üzləşə bilərlər. Bu iddianı əsas gətirən Fransa XİN onlara Azərbaycana getməməyi tövsiyə edib. Nəticədə, Fransadan cəmi 3 nəfər - bu ölkənin baş prokurorunun müavini Gilles Şarbonnier, Frankofoniya Assosiasiyasının katibi İvanni Bulvar və Sirakuza Beynəlxalq İnsan Hüquqları Universitetinin prezidenti Jan-Franko Toni tədbirdə iştirak edib, səfərdən də məmnun qalıblar. Məlum olub ki, Fransa XİN konfransda iştirak üçün qeydiyyatdan keçmiş fransızdilli ölkələrin nümayəndələrinə də ölkəmizə səfər etməməyi tövsiyə edibmiş. Bu, Fransada ən yüksək dövlət səviyyəsində Azərbaycana qarşı nə qədər cılız təxribatlara əl atdığına növbəti sübutdur.
Buna qədər də Makron Fransası az həyasızlıqlar etməyib: Senatda çıxarılan qətnamə, sanksiya çağırışları, Azərbaycan sərhəd döyüşləri zamanı Ermənistan ərazilərinə guya təcavüzü, Qarabağa “hücum”, etnik ermənilərin bölgədən guya qovulması və başqa sayıqlamalar olub. “Əgər mümkündürsə, belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar”. Bunu isə Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib. “Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır”, - Azərbaycan lideri qeyd edib.
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Fransa bütün müstəvilərdə əndazəni aşmaqdadır: “Bakıda keçirilmiş tədbir beynəlxalq konfransdır və orada iştirak edənlər niyə, hansı səbəbdən həbs olunsunlar ki? O dərəcədə kin və qərəz gözlərini tutub ki, primitiv iftiralar belə atmağa başlayıblar. Azərbaycanda keçirilən bütün beynəlxalq konfranslar ən yüksək səviyyədə təşkil olunub, təhlükəsizlik hər zaman ideal səviyyə təmin edilib, heç bir qonaq problemlə üzləşməyib. Hətta zaman-zaman Bakıya beynəlxalq tədbirdə iştirak üçün Ermənistandan da gələnlər olub. Amma nəinki həbs, adi bir insident də olmayıb. Bakı həmişə qonaqlarına hörmətlə yanaşır. Sadəcə, Makron Fransası tamamilə ağını çıxarıb”.
Hüquq müdafiəçisi dedi ki, rəsmi Paris fransalı qonaqların hər hansı təhdidlə üzləşməyəcəyini yaxşı bilirdi, sadəcə, çoxşaxəli gözdənsalma kampaniyası aparır: “Ermənistan Makrona baxanda yalan olub. İrəvan heç bu qədər ermənilik etmir. Makron administrasiyası Azərbaycana açıq düşmənçilik elan edib. Və getdikcə daha da sərtləşdirir. Amma bu ittihamların heç biri reallığı əks etdirmir. Biz tədbirləri ən yüksək səviyyədə təşkil etməklə cavab veririk. COP29 konfransı da bu cəhətdən Fransaya bir cavab olacaq. Yelisey Sarayı qərəzini nə qədər davam etdirəcəksə, bir o qədər də itirmiş olacaq. Azərbaycan Fransa ilə münasibətlərdə həmişə səmimi olub, ikitərəfli əlaqələr inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Ancaq Makron özünü Ermənistanın prezidenti kimi aparır və bu da bir neçə siyasi səbəblə izah oluna bilər”.
Ç.Qənizadə vurğuladı ki, səbəblərdən biri Fransanın Cənubi Qafqaz siyasətidir. Onun fikrincə, Fransa regionda Ermənistan üzərindən təsirini artırmağa çalışır: “Digər səbəb Makronla Paşinyanın bir siyasi klubun üzvləri olmasıdır. Üçüncü faktor isə Rusiyanın regionda hərbi-siyasi təsirlərini azaltmaqdır, amma bütün bunlara görə Azərbaycana haqsızlıq etmək, ittihamlar səsləndirmək ədalətsizlikdir. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edir, amma sonra Qarabağa "hücum olub" cəfəngiyyatı səsləndirir. Biz öz torpaqlarımıza necə hücum edə bilərik? Əksinə, ərazilərimizə hücum edən terrorçuları zərərsizləşdirmişik. Ona görə də sözügedən tədbiri boykot etməyə çağırıblar, sadəcə, bunu “həbs təhlükəsi” ilə əlaqələndirməyə çalışıblar. Bu da absurd məsələdir. Konfransda iştirak edəcək xarici vətəndaşları Azərbaycan niyə həbs etməlidir? Fransa sabah da desə ki, COP29 iştirakçıları həbs olunacaq, buna da təəccüblənmərəm".
Fuad Əliyev
“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev Makron iqtidarda olduğu müddətdə Fransanın Azərbaycandan əl çəkməyəcəyini söylədi. Onun fikrincə, BMT-nin konfransı yaxınlaşdıqca bu ölkədən yeni-yeni bəyanatlar gələcək: “Azərbaycan lazımı cavab verir. Bakıda "neokolonializm" mövzusunda müzakirələr, Fransanın müstəmləkəsi olan ada ölkələrinin nümayəndələrinin çıxışları, prezidentin bəyanatları Parisə bir mesaj olmalıdır. Bu dövlətin rəhbərliyi bilməlidir ki, Azərbaycanla münasibətləri korlaması Ermənistana fayda vermir. Bu gün Paşinyanın demədiklərini Makron dilə gətirir. İrəvan sülhdən danışır, Paris hərbdən. O baxımdan biz hərtərəfli bir hücumla üzbəüz qalmışıq və təlimat mərkəzi Fransadır. Yəni Avropa Birliyinin, Avropa Parlamentinin, Avropa Şurasının atdığı böhtanların sifarişi Makron administrasiyasından gəlir".
Hüquq müdafiəçisi əlavə etdi ki, Fransadakı azərbaycanlılar aktiv olmalıdırlar: “Bizim soydaşlarımız aksiyalar keçirməli, Fransanın bu siyasətinə etiraz bildirməlidirlər. Heyf ki, biz bunu görə bilmirik. Başa düşə bilmirəm, onlar çəkinirlər, ya səbəb nədir... Fakt bir düşmənçilik nümayiş etdirilir və Fransada yaşayan azərbaycanlılar da ayağa qalxmalıdırlar. Bu ölkə bizə siyasi həmlələr edir, qətnamələr açıqlanır. Biz bu gücə təslim olmamalıyıq. Əminəm ki, COP29 keçirildiyi iki həftə ərzində Fransa dayanmayacaq. Hətta tədbirin boykotu üçün dəridən-qabıqdan çıxırlar. Amma dərk eləmirlər ki, konfrans BMT-yə aiddir, Bakı ev sahibliyi edir. Yəni bizim tədbirimiz deyil axı. O Fransa ki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu dərəcədə bir absurd və qərəzli yanaşma var. O mənada biz daha kompleks addımlar atmalı və Fransanın hərəkətlərini ifşa etməliyik”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ