İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Fransanı Almaniyaya düşmən etdi: Rusiya isə “nüvə yumruğu” ilə reaksiya verdi

Fransa prezidenti Emmanuel Makronun avantürist “ideyalar” üzərindən son manipulyasiya cəhdinin Qərb ölkələri üçün dağıdıcı hərbi təhlükələr vəd etdiyi inkarolunmaz reallıqdır... Rusiya prezidenti Vladimir Putinin Ukraynaya NATO qoşunlarının göndəriləcəyi təqdirdə, Avropa ölkələrinə nüvə zərbəsi endiriləcəyini vurğulaması Qərb siyasi dairələrində ciddi xof yaradıb...

Ukrayna savaşı ətrafında hərbi-siyasi situasiya qəlizləşdikcə, ABŞ və Qərb daha çox isterik qərarlar qəbul etməyə məcbur olur. Qərb siyasi dairələri Ukrayna savaşının məğlubiyyət versiyasıni real fəlakətin başlanğıcı kimi qəbul edirlər. Onların fikrincə, əgər, Rusiya Ukrayna savaşında qalib gələrsə, bu, NATO-nun və ümumiyyətlə, kollektiv Qərbin hərbi-siyasi məğlubiyyəti olacaq. Və bu halda, Avropa coğrafiyası bütövlükdə böyük təhlükə riski qarşısında qalacaq.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb pessimist əhval-ruhiyyənin təsiri altına düşdükcə, Rusiya siyasi dairələrinin mövqeyi də dəyişir. Xüsusilə də, Ukrayna savaş poliqonunda situasiyanın Rusiyanın xeyrinə yönəlməsi Kremlin şərtlərini yeniləməsi ilə nəticələnib. Əvvəllər mövcud hərbi nəticələrin əsas götürülməsi ilə sülh danışıqlarına hazır olan Rusiya indi tamamilə fərqli mövqedən çıxış edir. Və indi Kremlin sülh danışıqları ilə bağlı şərt-tələblərinin ciddi şəkildə sərtləşdiyi müşahidə olunur.

putin_bayden1650974152.jpg (11 KB)

Rusiya prezidenti Vladimir Putin birmənalı şəkildə vurğulayıb ki, Kreml öz milli maraqlarını zərbə altında qoyacaq şərtlər daxilində ABŞ-la strateji stabillik mövzusunu müzakirə etmək niyyətində deyil. Rusiyanın kosmosda nüvə silahı yerləşdirəcəyi barədə iddiaları əsassız adlandıran Kreml sahibi ABŞ-ın onun ölkəsinə döyüş meydanında strateji hərbi məğlubiyyətə uğratmaq hesabına stabillik planları qurmasını riyakarlıq olaraq, dəyərləndirib. Onun fikrincə, Qərbin ötən əsrin 80-ci illərində SSRİ-yə qarşı uğurla sınaqdan çıxartdığı “sürətlə silahlanma” yarışına Rusiyanı növbəti dəfə cəlb etmək niyyəti baş tutmayacaq.  

Digər tərəfdən, prezident Vladimir Putin Ukraynaya qoşun göndərməklə bağlı ideyalar ortaya atan bəzi Qərb dövlətlərini hədələməyi də qətiyyən unutmayıb. Kreml sahibi xəbərdarlıq edib ki, həmin Qərb ölkələri Rusiyanın onların ərazilərindəki istənilən hədəfə birbaşa zərbə endirəcək silahlara sahib olduğunu da unutmamalıdırlar. Onun fikrincə, Kreml rusların Qərbdə güclənməkdə olan "rusofobiya"nın qurbanına çevrilməsinə heç bir halda, imkan verməyəcək: “Suveren və güclü Rusiya olmadan sabit dünya düzəni də ola bilməz. Rusiyaya müdaxilə etmək istəyənlərin üzləşəcəyi nəticələr keçmiş dövrlərlə müqayisədə daha faciəli olacaq. Ölkəmizə yeni müdaxilə cəhdləri nüvə silahının tətbiqi ilə genişmiqyaslı münaqişə təhlükəsi yaradır”.

Göründüyü kimi, Kreml sahibi Ukrayna savaşında hərbi situasiyanı NATO qoşunlarının bu müharibə poliqonuna göndərməklə, dəyişmək niyyətinə düşənlərə nüvə zərbəsi ilə cavab veriləcəyi barədə açıq xəbərdarlıq edib. Bu, olduqca ciddi xəbərdarlıqdır və Rusiya hərbi-siyasi dairələrinin NATO ilə savaş təhlükəsi ehtimalı qaçılmaz olarsa, nüvə silahından istifadə qərarı verə biləcəkləri həqiqətən də istisna edilmir. Kremldən bu barədə verilən digər mesajda vurğulanır ki, Qərb siyasi dairələri özünüqoruma instinktini itirməyə başlayıblar.

25b33302-6e331028861d89bca2b41a886ecbcb91.jpg (134 KB)

Onu da qeyd etmək lazımdır ki, NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı ideya Fransa prezidenti Emmanuel Makronun bəyanatlarında yer almaqdadır. Fransa prezidenti hətta Avropa Birliyi ölkələrini də Ukraynaya göndərmək üçün xüsusi ortaq hərbi kontingent formalaşdırmağa çağırmışdı. Prezident Emmanuel Makron hətta Qərb ölkələrinə bu barədə prinsipial qərarın verilməsində gecikməməyi də məsləhət görmüşdü. Və Fransa prezidentinin bu çağırışları məzmun etibarilə hazırda Qərb hərbi-siyasi dairələri tərəfindən ən avantürist ideya kimi dəyərləndirilir.

Maraqlıdır ki, Ukraynaya Qərb qoşunlarının göndərilməsi ideyası hazırda onun müəllifi olan Fransa prezidenti Emmanuel Makrondan başqa heç kim tərəfindən dəstəklənmir. Hətta Almaniya kansleri Olaf Şolts bu ideyaya kəskin reaksiya verməkdən özünü saxlaya bilməyib. Almaniya kansleri eyham vurub ki, belə avantürist ideyaların nəinki reallaşdırılması, hətta müzakirəsi belə, ziyanlı xarakter daşıyır. Bəzi məlumatlara görə, prezident Emmanuel Makronun avantürist təklifi Avropa Birliyinin iki avanqard ölkəsi – Almaniya və Fransa arasında münasibətləri ciddi şəkildə gərginləşdirib.

Məsələ ondadır ki, Qərb mətbuatında yayılan məlumatlarda Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron arasında açıq siyasi və şəxsi düşmənçiliyin başlandığı da bildirilir. Rəsmi Berlin Fransanı real addımlar atmadan, sadəcə, “boş ideyalar” ilə proseslərin önündə olmaq cəhdlərində suçlayır. Almaniya siyasi dairələri hesab edirlər ki, Fransa prezidenti Emmanuel Makron Rusiyaya qarşı sərt açıqlamalara müəlliflik etsə də, Ukraynaya dəstək istiqamətində hər hansı ciddi addımlar atmağa həvəs göstərmir. Və bu baxımdan, Fransanın Ukraynaya göstərdiyi dəstəyin Almaniyanın yardımlarından çox-çox geri qalması da inkaredilməz reallıqdır.  

2022-03-01-10-25-34Tz96f9vahBygOGis0DjE_file.jpg (50 KB)

Maraqlıdır ki, Qərb mənbələrinin yaydığı statistik məlumata görə, Almaniya indiyə qədər Ukraynaya 17 milyard avrodan artıq yardım göstərib. Fransa isə bu müddət ərzində Ukrayna üçün sadəcə, 640 milyon avroluq dəstək göndərib. Bu səbəbdən də hesab olunur ki, Fransanın vədləri ilə davranışları arasında kəskin ziddiyyətlər mövcuddur. İndisə, Fransanın Ukraynaya qoşun göndərmək barədə çağırışları Qərb ölkələrinə yeni problemlərdən başqa heç nə vəd etmir. Bu ideyanın reallaşdırılacağı təqdirdə, Avropanı gözləyən təhlükə ilə yanaşı, Fransanın yenə yaxasını kənara çəkib, müşahidəçi rolunda çıxış edəcəyi də qətiyyən istisna deyil.

Belə anlaşılır ki, prezident Emmanuel Makron həmişə olduğu kimi, yenə də siyasi avantüralar üzərindən manipulyasiya etməklə məşğuldur. Halbuki, onun bu manipulyasiyalarının Qərb ölkələri üçün ciddi təhlükələr vəd etdiyi də inkarolunmaz reallıqdır. Hər halda, Kremlin Fransanın Ukraynaya NATO qoşunlarının göndərilməsi ideyasını məhz Rusiyanın “nüvə yumruğu”nu düyünləməklə cavab verməsi, Qərb siyasi dairələrində əlavə təşviş yaradıb. Və Qərb ölkələri prezident Emmanuel Makronun önə çıxmaq niyyətləri ucbatından Rusiyanın “nüvə yumruğu”nın dağıdıcı zərbəsinə tuş gəlməyə həvəsli deyillər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR