Onlayn ictimai-siyasi qəzet
Mövsüm yeni başlasa da, Azərbaycanda ən çox müzakirə edilən adlardan biri də Mahir Emrelidir.
Zaqreb “Dinamo”sunda çıxış edən forvard mövsümə yaxşı başlayıb.
Həftə sonu ölkə çempionatında qol vuran futbolçu, 2 gün öncə Çempionlar Liqasında da meydana çıxıb və özünü yaxşı tərəfdən göstərib.
Bu məqamı nəzərə alaraq milli komandamızın üzvü ilə əlaqə saxladıq.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu publika.az-a müsahibəsində çıxışını dəyərləndirib.
O, baş məşqçisi ilə münasibətləri haqda, transfer xəbərləri barədə də fikirlərini bölüşüb. Mahir Emreli sabiq klubu “Qarabağ” haqda da danışıb.
- Öncə Çempionlar Liqasının II təsnifat mərhələsində baş tutan “Astana" ilə oyunla bağlı fikirlərinizi öyrənək. Matçın ən aktiv futbolçularından idiniz. Ancaq UEFA sizin qolunuzu avtoqol kimi qeydə aldı. Buna münasibətiniz necədir? Həmin epizodda nələr yaşandı?
- Qolun kimin adına yazılması və necə vurulması o qədər də önəmli deyil. Zərbə endirdim, “rekaşet” getdi. Hakim də belə qərar verib. Çox da önəmsəmirəm. Əsas odur ki, komanda qalib gəldi. Deyilənə görə, qola yenə baxılacaq. Bundan sonra qərar veriləcək. Amma tam olaraq dərinə getmirəm. Önəmli olan komandama fayda vermək idi. Şükürlər olsun ki, bunu bacardıq.
- Oyun boyu çox aktiv idiniz. Hücumların qurulmasında və tamamlanmasında iştirak edirdiniz. Daha çox qol vurmaq üçün nə çatmadı?
- İlk növbədə qol epizodlarında olmağım məni sevindirdi. Pozitiv məqam kimi bunu qeyd edə bilərəm. Yəqin ki, ilk qaçırdığım qol epizodunda daha doğru qərar verə bilərdim. Sadəcə oyundan sonra analiz etdikdə həmin anı yaxşı görə bilirsən. Digər epizodlardan birində qol vurdum, sadəcə əvvəl cərimə qeydə alınmışdı. Ümumi olaraq bizim üçün şərait rahat deyildi. Çünki 7 saat yol getmişdik. Həm də Zaqreblə Astana arasında 4 saatlıq vaxt fərqi var. Bundan əlavə, süni olmasına baxmayaraq, ot örtüyünün vəziyyəti yaxşı deyildi. Qazon çox sərt idi. Bəzi anlarda özümüzü sadəcə zədədən qorumağa çalışırdıq.
- Ümumiyyətlə mövsümə yaxşı başlamısınız. Bunu gözləyirdiniz?
- Bunun planını qurmaq çox çətin məsələdir. Mövsümə necə başlayacağını oturub düşünmürsən. İlk şans veriləndə istəyirsən ki, dəyərləndirəsən. Meydana çıxanda doğru nədirsə, onu etməyə çalışırsan. Bunun üstünə qol vurmağın, nəticəyə xeyir verməyin də gələndə, çox yaxşı olur. Xüsusilə bir hücumçu və ya hücumameyilli oynayan futbolçu üçün. Heç vaxt düşünməmişəm ki, yaxşı başlamaq, qol vurmaq lazımdır. Sadəcə oyuna hazırlaşırsan, rəqibi analiz edirsən və məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırsan.
- Yeni məşqçi İqor Bişçan ilə münasibətin necədir? Uğurlu çıxışınızda onun rolu varmı?
- Əlbəttə ki, məşqçinin sənə verdiyi inam, güvən, rahatlıq çox önəmlidir. Eyni zamanda, komandadakı ümumi əhval-ruhiyənin yaxşı olması vacibdir. Hər zaman bunu qorumağa çalışırıq. Məşqçimiz hər zaman nə istədiyini, nə tələb etdiyini bildirən şəxsdir. Bu, işimizi daha da asanlaşdırır. İlk növbədə hər bir futbolçuya eyni gözlə baxır. Oynayıb-oynamadın, fərq etmir, hər bir oyunçuya hörmət edir. Eyni zamanda, hamıyla ayrıca maraqlanır. Bu da komandadakı əhvalı qoruyub saxlamaq üçün önəmlidir.
- Bir müddət öncə haqqınızda transfer xəbərləri çıxdı. Başqa kluba keçəcəyiniz, hətta Azərbaycana dönəcəyiniz söyləndi. Bunlara münasibətiniz necədir? Ümumiyyətlə, "Dinamo"da özünüzü necə hiss edirsiniz?
- Transfer dönəmində hər bir futbolçu barədə belə söz-söhbətlər çıxır. Bəzən təkliflər gəlir, bəziləri dedi-qodu olur. Real olanlar da olur, olmayanlar da. Bəzilərini bilirəm, bilmədiklərim də olub. Çünki kluba da təkliflər olur. Bu barədə bir söz deyə bilmərəm. “Dinamo”ya gəlincə, burada özümü həmişə yaxşı hiss etmişəm. Bu klubda oynamaq, bir parçası olmaq inanılmaz hissdir. Bura gəlib düşəndə bunu görmək olar. Burada oynayan insan “Dinamo”nun böyük klub olduğunu, Avropa futbolunun necə rəğbət göstərdiyini görə bilər. Çox ciddiyə alınan klubdur. Bunu çıxışlarıyla, etdikləri transferlərlə, azarkeşləriylə göstərirlər. Bir çox nüans saya bilərəm. Məncə, hər bir futbolçu bu klubda özünü yaxşı hiss edir və burada oynamaq şərəfdir.
- Sonda sizə doğma olan "Qarabağ" barədə fikirlərinizi öyrənək. Sabiq komandanız Çempionlar Liqasında mübarizəni dayandırdı...
- Təbii olaraq “Qarabağ”ın məğlubiyyəti hər birimizi məyus etdi. Bu komandada 6 il oynamışam, ən gözəl illərimi orada keçirtmişəm. Futbolda belə hallar olur. Burada yəqin ki, bir az da “Qarabağ”ın günahı var. Xalqımızı, hamımızı qələbələrə, sevinclərə öyrəşdirib. İnsanların məyusluğu anlaşılandır. Xüsusilə belə anlarda komandanın yanında olmaq lazımdır. İnsanlar unutmasın ki, “Qarabağ” ölkə üçün, Azərbaycan futbolu üçün nələr edib. Səmimi qəlbdən deyirəm ki, “Qarabağ” bir dəyərdir. Hər kəs onun dəyərini bilsin. Bunu sırf klubun azarkeşləri baxımından demirəm. Azərbaycan xalqı “Qarabağ”ın qədrini bilməlidir. Mən burada ““Qarabağ”da oynamışam” deyəndə insanlardakı simpatiyanı görürəm. Komanda yoldaşlarım var ki, durmadan “Qarabağ”la maraqlanır, oyunlarına baxır. Həqiqətən böyük bir klubdur. Azərbaycan futboluna çox şey verib. İnsanlar bu dəyərə sahib çıxsınlar. Ümid edirəm ki, hər zaman “Qarabağ”ın yanında olarlar, dəstəkləyərlər. Mən buradan klubun Avropada necə sevildiyini, tanındığını, hörmət edildiyini görürəm.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ