Onlayn ictimai-siyasi qəzet
Bir daha sübut olunur ki, Mirzə Fətəli Axundov (1812-1878) gerçək dahidir. Buna bir misqal şübhə etmək olmaz.
Yeri getməmişkən, deyim ki, onun doğulduğu Xamnə kəndindən prezidentlər, baş nazirlər, filosoflar, alimlər çox çıxıb. İranda qalsa, bəlkə də mirzənin imzası Fətəli Xamneyi olacaqdı. Amma bu, başqa söhbətdir, indiki mətləbə dəxli yoxdur.
Siz onu təsəvvür edin ki, onun 174 il bundan əvvəl, yəni 1850-ci ildə yazdığı və tam adı “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” olan (biz qısaca “Müsyö Jordan” deyirik – belə daha rahatdır) əsərində Fransa ilə ölkəmizin fərqini necə yazıbsa, tam da möhür vurub. Həmin pyesin əsasında çəkilmiş film də var. Pyesdə Hatəmxan ağa müsyö Jordana deyir ki, bizdə çox arvad almaq adətdir, Firəngistanda çox kişi almaq...
Kişi-qadın münasibətlərində, eləcə də kişilərə və qadınlara yanaşmada fərqlər hələ də qalır və hətta daha da şiddətlənib.
Məsələn, bizdə hansısa qadını tərifləmək istəyəndə deyirlər, kişi kimi qadındır. Qadın özü də qürur duyur, nəsli-nəcabəti də. Amma Fransada bir qadına “kişi kimi qadındır”, “əsl kişidir” deyəndə elə deyəni məhkəməyə verirlər.
Bax, indi xəbər yayılıb ki, Fransada məhkəmə prezident Makronun həyat yoldaşının kişi doğulduğunu iddia edən iki qadını cərimələyib.
Amandine Roy və Nataşa Rey adlanan qadınlar Makronun yoldaşı Bricitin kişiyə oxşamasından çıxış edərək onun transseksual, yəni kişidən qadına dönmə olduğunu iddia ediblər, 4 saatlıq video yayıblar, amma dediklərini sübut edə bilməyiblər.
Qadınlar hətta Bricitə təzə ad da qoyubmuşlar, deyirmişlər, əslində onun Jan-Mişel Tronyedir.
Qadınlar videoda Bricitin ailəsinin fotoşəkillərini göstəriblər, onun plastik əməliyyat etdirdiyindən danışıblar, həmçinin üç uşağının əsl anası olmadığını iddia ediblər.
Məhkəmə iclasında Roy görüb ki, hakimlər Bricitə tərəf çıxır, deyib ki, mən bu tədqiqata 3 ilimi sərf eləmişəm və bu məlumatlara papaqdan çıxarmamışam. Amma məhkəmə yenə Fransanın birinci madamının xeyrinə qərar çıxarıb, Roy və Reyi prezidentin həyat yoldaşına 8 min avro (toplamda 16 min), onun qardaşı Jan-Mişel Tronyeyə isə 5 min avro ödəməyə məhkum edib.
Nə dərəcədə ədalətli olduğunu demək olmaz, amma hardan baxsaq, humanist cəzadır. Burdan-bura bir məktəbdən “uşaqlardan fond pulu yığırlar” deyə yazı yazıb məktəb direktorunun adını çəkəndə bizi məhkəməyə verir, 50 min, bəzən isə 500 min manat məbləğində kompensasiya tələb edirdilər.
Bir ara tamam milyonçu olmuşduq, dərisi, gerisi, şərəfi, ləyaqəti 99,99 qəpik olmayan biriləri adi tənqidə görə bizdən 1 milyon manat pul tələb edirdi. Hakimlər də başa düşürdülər ki, iddiaçılar ağ edir, jurnalistlərdə o qədər pul nə gəzir, amma variant olmurdu, 50 minlik cərimələri yükləyirdilər çiynimizə. Sanki 50 mini düzəldib vermək asandır.
Amma görürsünüz, o boyda ölkənin prezidentinin ömür-gün yoldaşı necə göztoxdur, ona şər atanları yüngülvari cərimələtdirib – hərəsini 8 min avro. İki-üş aylıq maaşları həcmində.
Bu, heç. Əsas odur ki, Fransada bir qadına “kişidən dönmə” demək, kişiyə oxşadığını iddia etmək məhkəməlik iş olur, ancaq bir kişiyə “qadın kimi zərifdir” deyəndə xətrinə dəymir, hətta nazlanaraq, “ah, necə də lütfkarsınız” deyir. Bizdə hansısa kişiyə “sən necə də gözəlsən” desələr, adamı yortar, hələ gedib müğənni Zamiqə deyər ki, o mahnını Yutubdan sildir.
İndisini bilmirəm, Fransadakı son seçkilərdən qabaq Makronun kişi nazirləri vardı, çox duyğusal idilər, təzə ailə qurmuş madamlar kimi nazlanırdılar, ərə geddəndən sonra xoşbəxtliklərini tapdıqlarından danışırdılar. Heç kim də onların ailə işinə qarışmırdı, deyirdilər, onların görünüşü kişidir, əslində çoxdan dönüb qadın olublar. Bax, buna görə heç kim Fransada məhkəməyə verilmədi.
2022-nin axırlarında Fransanın futbol millisi ilə Argentina yığması ilə mundialda final oynayanda, prezident Makron uduzmuş həmvətənlərinə təsəlli vermək üçün meydançaya endi, Mbappeyə xüsusi olaraq təskinlik verəndə (qucaqlamaq, başını tumarlamaq) futbolçu ona qarşı, yumşaq desək, eşşəklik elədi. O vaxt Fransa qəzetləri bu fotoları manşetdən yaydılar, yazdılar ki, bu hərəkətlər homoseksuallığa meyllilikdən xəbər verir. Amma Makron onları məhkəməyə vermədi.
Axundov sağ olsa, Hatəmxan ağanın dilindən yazardı ki, bizdə qadına oxşadılan kişi adamı məhkməyə verir, Fransada isə kişiyə oxşadılan qadın.
Gender bərabərliyindən hamıdan çox danışan ölkədə bu niyə qəbahət olsun ki? Transseksual olanda nə olar? Onsuz da hazırda dünyada ikicinsliliyin yerini çoxcinslilik alıb, genlər də qarışıb bir-birinə.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ