İnsanlara hürriyət, millətlərə istiqlal!

Lentsovun qəfil gedişi və ya Kim Kardaşyan Laçın qapısını nə ilə aça biləcək?..

İlk yayımlanma zamanı: 27 avqust, saat  23:18

Aleksandr Lentsovu Qarabağdakı “sülhməramlı” hərbi kontingentin ən nakam komandanı adlandırmaq olar.

Yəqin çox böyük arzular, xəyallarla gəlmişdi, amma gözlərində qaldı istəkləri, “bildirçinin bəyliyi” cəmi 4 ay çəkdi. Lentsov aprelin 26-sında Azərbaycandakı hərbi kontingentin başına təyin olunmuşdu, sələfi Andrey Volkovu əvəzləmişdi. Bu minvalla nə yatdı ki, nə də yuxu görsün?..

Qarabağdakı separatçıların Lentsova böyük ümidləri var idi. Hətta güman edirdilər ki, o gəldisə, demək, hətta 23 apreldə Azərbaycanın Həkəri körpüsü üzərində qurduğu sərhəd buraxılış məntəqəsini də sökdürəcək. Lentsov da bir neçə dəfə separatçı-terrorçu rejimin təmsiləri ilə görüşdə vədlər vermişdi, ümidləndirmişdi. Amma ümidləri suya düşdü. Bir neçə dəfə qəzəblə Lentsovun qərargahına doğru yürüş etdilər, dış qıcadılar. Artıq rus komandan da çıxılmaz durumdaydı, iki rus cəsusu Arayik-Vardanyanın arasında var-gəl edirdi. Üstəlik, Azərbaycanın sərhəd qapısını möhkəmləndirməsi nəticəsində onun Xankəndi-Gorus-Xankəndi marşrutu ilə varidat toplamaq, alver eləməklə bağlı planları da puça çıxdı. Rustam Muradovla müqayisədə qəpik-quruş qazana bildik, devalvasiya dövründə...Bundan sonra qalıb da kürkünü niyə gündə yandırsın ki? Sözsüz ki, Lentsov əmrə tabedir və heç də özbaşına bu qərarı verməyib. Rusiya Müdafiə Nazirliyində də anladılar ki, Lentsovla çox uzağa getmək olmaz, axı, qarşıda hələ azı iki il var və ondan sonra növbəti planlar işə salına bilər. 

1667b36917ded6b9001f1c4ee215d5d6.jpeg (120 KB)

Lentsovun Kazan əsilli general-mayor Kirill Kulakovla əvəzlənəcəyi barədə məlumatlar yayılıb. Rusiya ötən illərdə Qarabağa Suriya və Abxaziyada döyüş təcrübələri qazanmış generalları yolladı Qarabağa, budəfəki təyinat istisnadır, hərbi məktəb müəllimi gəlir. Hərbi ekspert Ədalət Verdiyevin təbirincə desək, qadın düşkünü olan birisini. Maraqlı təyinatdır...Vaxtilə rus hərbi kontingentinin zabitlərinin pişvazına tortla gedən, onlarla min oyundan çıxan axçilər bəlkə də sevinəcək, amma ötəri olacaq onların sevinməyi...Çünki daha heç bir qüvvə Azərbaycanın iradəsinə qarşı çıxa bilməz, bunu Prezident İlham Əliyev Laçındakı çıxışında qətiyyətlə bəyan etdi. Onu da bildirdi ki, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Bu, təkcə ermənilərə ünvanlı bəyanat deyildi, həm də Azərbaycanla təzyiq dili ilə danışmaq istəyənlərə ünvanlanmışdı. Yəni bitdi, bundan sonra Azərbaycan qanunları ilə fəaliyyət göstərəcək Laçın sərhəd buraxılış məntəqəsi! Diqqətçəkən həm də budur ki, Lentsovun gediş qərarı məhz dövlət başçımızın Laçın bəyanatından sonra tirajlandı...

Erməniçilik tarixdə heç vaxt olmadığı kimi fəlakətli durumdadır, bunu özləri də etiraf edirlər. Dünənədək ermənilər üçün sinəsini sipər edən dişi canavar Simonyan bu gün başına düşəcək drondan özünü qorumaq üçün yollar axtarırır. Zatulin kimi zatıqırıqlar da ermənilərlə itlə-pişik kimi davranırlar. Yeyirlər bir-birini. Hətta bu günlərdə Rusiyadakı erməni diasporunun rəhbəri də miskin vəziyyətdə olduqlarını dilə gətirmişdi. Görün ermənilər nə qədər çarəsiz qalıblar ki, bəlli “peşə” sahibi Kim Kardaşyandan kömək istəyiblər. Utanmazcasına xəbər yayıblar ki, ABŞ-dakı bir qrup erməni Kardaşyanın yaşadığı ünvana yürüş ediblər və onu sarsaq rejimə-qondarma “artsax”a həyan olmağa çağırıblar. Məşhur misalı təkrar xatırlatmaqda fayda var: “Nəynən...?” Bunlar Putindən, Baydendən, Makrondan əllərini üzüb, Kim Kardaşyana üz tutublar, millətin faciəsidir. Əslində “genosid”Qarabağda baş vermir, erməniçilik öz-özünü, xəstə düşüncələrlə, absurd iddialarla genosidə məruz qoyur, bu gedişlə abrı olan ermənilər zaman gələcək özlərinə “erməni” deməyə utanacaqlar, soydaşlarının yol verdikləri cinayətlərə, etdikləri həyasızlıqlara, nakişiliklərə görə. 

Screenshot_3.png (677 KB)

Özünü “ən mədəni millət” adlandıranların üzündəki pərdə necə yırtıldısa, bütün dünya baxıb gördü ki, bu ermənilər dünyanın ən vəhşi qəbilələrini də geridə qoyublar Qarabağı darmadağın etməklə. Ermənilərin 30 il ərzində “məharətlə” dağıdıb yer üzündə sildiyi şəhərləri Azərbaycan cəmi 8-9 aya tikir, yaradır, insanları yerləşdirir, cənnətməkana çevirir. Füzulidə bir bayraq sancmağa tikili qoymamışdı erməni vandallar, Azərbaycan 9 aya Füzuli Beynəlxalq Hava Limanını tikdi, istifadəyə verdi. Ermənilər Laçının daşını da gəmirmişdilər, Azərbaycan cəmi 8 aya Laçın şəhərini Avropanın ecazkar şəhərlərindən birinə tay elədi. Axı, dünya kor deyil, görür bütün bunları, Avropa İttifaqının diplomatları da Laçın şəhər gününə qatılmışdılar, Fransanın təxribatçı cəhdlərinə baxmayaraq. Gördülər, lazımi ünvanlara çatdıracaqlar, şübhəsiz. Həmçinin deyəcəklər ki, Azərbaycan dövləti Laçının Zabux kəndini belə yenidən qurubsa, oranın sakinlərini yurduna qaytarıbsa, bundan sonra Laçın sərhəd qapısının davasını eləmək, TIR söhbətini davam etdirmək mənasızdır, karvan getdi... 

363351155_1693320741121963_4728722732785561148_n.jpg (215 KB)

Heç şübhəsiz Lentsovun gedişində də məhz bu gedişat rol oynadı. Həmçinin Azərbaycan dəfələrlə rus komandanın fəaliyyəti ilə bağlı etirazını ifadə etmişdi. Qarabağda söz sahibi Azərbaycandır! Son günlər rus pasportlu ermənilərin kütləvi şəkildə Qarabağdan çıxması da hazırlanmış planların puça çıxmasının əlamətidir və ardınca Rusiya pasportlu general da Qarabağı tərk etdi.

Söz yox, təxribatlar davam edəcək, elə bu gün Şuşa rayonunda yenə atəş səsləri eşidilib. Gərginlik yaratmağa çalışırlar ki, hərbi kontingentin bölgədə qalmasının “zəruriliyini” əsaslandırsınlar. Elə separatçıların 2 sentyabrda növbəti təxribata hazırlaşmalarının da arxasında himayədarları dayanır. Rusiya canişini Ruben Vardanyan hələ də aldığı təlimata uyğun olaraq müqavimət göstərməyə cəhd göstərir. Günün birində o da rədd olacaq! Artıq Zori Balayan, Silva Kaputikyan kimi zəhərli həşaratların vaxtilə çatdığı ocaq sönməkdədir, külün altındakı közlərin yenidən işarması mümkün deyil, Azərbaycan dövləti var qarşılarında! Odur ki, qadın düşkünü general da bizim ellərə gəldiyinə peşman olacaq...

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR