İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun istefa verəcəyi xəbəri - təfərrüat

Dmitri Peskov Rusiya XİN başçısının işdən ayrılacağı iddialarını  yenidən təkzib etdi

 Ukrayna müharibəsi fonunda son vaxtlar müxtəlif mənbələr Rusiyanın mərkəzi hakimiyyətində ciddi dəyişikliklər olacağı ilə bağlı xəbərlər yayır. Bu iddialar sırasında isə əsas diqqətçəkən Rusiya xarici işlər naziri Sergey Lavrovun da işindən ayrılacağı ilə bağlıdır. Hətta Lavrovla bərabər XİN sözçüsü Mariya Zaxarovanın da əsas diplomatik idarədən istefaya göndəriləcəyi barədə iddialar da var. Bildirilirdi ki, həm Lavrov, həm Zaxarova işdən ayrılsalar da, böyük siyasəti tərk etmirlər.

Belə ki, Sergey Lavrova Federsiya Şurasında ömürlük senator vəzifəsi təklif edildiyi deyilird. Lavrovun Xarici İşlər Nazirliyindəki varisləri sırasında isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinın adı ilk sırada çəkilirdi. XİN sözçüsü Mariya Zaxarovaya Dövlət Dumasında iş veriləcəyi iddiası da vardı.

Qeyd edək ki, ötənilki parlament seçkiləri ərəfəsi bu məsələ gündəmə gəlmişdi.  “Vahid Rusiya” Partiyasının seçki siyahısında ilk beşlikdə yer alan xarici işlər nazirinin parlament seçkilərindən sonra vəzifəsindən gedəcəyi deyilirdi. Amma  Dövlət Dumasına mandat qazansa da, Prezident Putin onun yenidən nazir kreslosunda oturmasını məsləhət bildi.

Sirr deyil ki, Lavrov artıq neçə ildir işdən getmək istəyir, bir neçə dəfə dövlət rəhbərliyinə də yorulduğu haqda mesajlar verib.

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 15-də Rusiya XİN başçısı Sergey Lavrovun istefa verəcəyi ilə bağlı məlumatları yenidən təkzib edib. TASS xəbər verir ki, Peskov bu cür şayiələrə inanmağın doğru olmadığını bildirib.

 Sergey Lavrov 1950-ci il martın 21-də anadan olub. Bir çox informasiya saytları onun Moskvada anadan olduğunu iddia etsə də, əslində o, Tiflis şəhərində anadan olub. Bununla bağlı gürcü mətbuatının apardığı obyektiv araşdırmalar da həmin faktı ortaya qoyub. Belə ki, Sergey Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib.

1972-ci ildə institutu bitirən Lavrov 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyib. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub. Bu postda isə 10 il çalışıb. 2004-cü ilin fevralından Rusiyanın xarici işlər naziridir.

Rusiyanın ən vacib nazirliyinə 18 ildir rəhbərlik edən Lavrovun görəvdə qalmasının Putinə nə üçün lazım olmasının səbəbi aydındır. Rusiya Ukrayna müharibəsindən sonra hər tərəfdən basqılara məruz qaldığı üçün onun nazirlikdən getməsi Kreml üçün problemdir. Lavrov diplomatiyada bişmiş kadrdır, hələm-hələm beləsini tapıb Rusiyanın xarici siyasət idarəsinə rəhbərliyi tapşırmaq asan deyil. Putin yenilikçi deyil, gələnəkçidir. Onun üçün köhnə diplomat Lavrov vazkeçilməzdir- çünki işinin ustasıdır, Qərbə münasibətdə sərt üslubunu daima saxlayır və Rusiya üçün vacib problemli məsələləri (məsələn, elə Qarabağı) “qazanın dibi” kimi bilir.

Məlumdur ki, Lavrov Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu artıq illər öncə bilinən faktdır. Nazir “qanım doğrudan da erməni qanıdır, amma bu mənə işimdə mane olmur” desə də, ona inanmırıq. Təsadüfi deyil ki, Lavrov Smolenski meydanında yerləşən sovet XİN-in binasının daxilində də erməni lobbi qrupunun aparıcı simasıdır.

Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük müharibədən sonra da Lavrov danışıqlarda ən fəal iştirak edən fiqurdur. Onun açıqlamalarında Kremlin rəsmi mövqeyindən yenə də sapmalar nəzərə çarpır. Ermənistanın rəsmi şəxsləri onunla tez-tez görüşürlər, amma inanmaq çətindir ki, Lavrov onlarla bağlı qapılar arxasında da eyni “konstruktivliyi” göstərir. Ermənilər onu özününkü bilirlər, ona ürək qızdırırlar, Azərbaycandan şikayət edirlər. O da yəqin ki, Ermənistanı müharibədən sonra düşdüyü ümidsiz vəziyyətdən çıxarmaq üçün nələrsə vəd edir.

Orxan ƏLİYEV,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR