Onlayn ictimai-siyasi qəzet
Acgözlük və tamahkarlıq mövzusunda növbəti yazımı (bu mövzuda əvvəlllər də vaxtaşırı yazmışıq) başlamağa hazırlaşanda gördüm ki, əməkdaşımız Elşad Paşasoy Laçında açılmış çayxanalarda müştərilərə sadə çay verilmədiyi barədə status yazıb və qeyd edib ki, utansın o adam.
“Sadə çay”ın nə olduğunu hamınız bilirsiniz. Bu, bir çaynik çaydır, zövqə görə yanında limonu da ola bilər və qəndlə verilir. Hətta çaynikə bir qaşıq kəkotu atılıbsa və qənddana bir neçə turş konfet qoyulubsa, o yenə mürəkkəb çay deyil, adi çaydır.
Bakıda, Göygöldə, Qəbələdə, Qubada, Masallıda, Şamaxıda yerləşən iaşə müəssilərində verilən çay isə başqa şeydir. Bunun adını “ictimai iaşə soyğunu” da qoymaq olar, “lüks çay ziyafəti” də, “çayçıların sürətlə varlanma ehtirasını təmin edən vasitə” də. Ümumiyyətlə, nə desən, yaraşır. Adam bulvarda gəzib və ya bir az dağa-daşa dırmaşıb (rayonlarda) təntiyib, susayıb, bir-iki stəkan çay içərək, türkün sözü, susuzluğunu gidərmək istəyir, sən isə mürəbbənin nəlbəkisini 7 manatdan, şokoladın batonunu 5 manatdan, çayniki 10 manatdan, limonu 3 manatdan, ləbləbini 7-8 manatdan sırıyırsan ona. Nəticədə bir stəkan çay adamın mədəsinə 30-40 manata enir.
Belə qiymətlər harada, hansı ölkədə var? Dəqiq heç yerdə yoxdur, araşdırmışam. Ona görə də keçən il bir yazımızda qeyd etmişdik ki, dünyanın ən baha çayı Azərbaycanda, Bakıda satılır. Amma biz bununla qürur duya bilmirik. Xaricdə olanda Bakıdan gəldiyimizi bilən və son illərdə Azərbaycana yolu düşmüş, bulvarda çay içmiş bir adam sifətində qəribə bir istehzayla Bakı çayının qiymətinə dair replika verəndə adam xəcalətdən az qalır yerə girsin. “Çay alveri” edib pul qazanan başqaları, xəcalət çəkən biz...
Bir çay xüsusunda belə acgözlük, tamahkarlıq olsa, nə vardı ki. Hər işimiz belədir – lüks otellərdən tutmuş adi restoranlara qədər.
Maşında bir nasazlıq olur, tanımadığın ustanın yanına gedirsənsə, kapotu açacaq, bir xeyli yalandan qurdalanacaq, axırda iki şnuru bir-birinə calaq edib izolentlə bağlayacaq, kapotu örtüb 45 manat istəyəcək. Ona görə 50 yox ki, yuvarlaq olmasın, çox görünməsin. Halbuki onun gördüyü işin qiyməti 5 manatdan artıq deyil və 1-2 dəqiqəlik iş idi, sadəcə, başqa müştərisi olmadığından yalandan qurdalandı.
Məişət avadanlığı bazarından 5-6 yüz manatlıq bir şey alırsan, gözlərinə sadəlövh dəydinsə, mütləq ənənəvi satış qiymətindən 100-150 manat artıq qiymət oxuyacaq, aldatmaq istəyəcəklər - özü də and içə-içə. Dərhal aldınsa, təbii ki, uduzursan, bir qədər araşdırsan, eyni əşyanı satan başqa satıcılarla ünsiyyət qursan, görəcəksən, ilk ürcah olduğun satıcılar səni necə vicdansızcasına aldadırmışlar.
İnsanların müalicə müəssisələrində lüzumu olmayan analizlərə, bahalı və lazımsız dərmanlardan ibarət reseptlerlə apteklərə göndərilməsi halları hər kəsə bəllidir. Zatən, xəstəxanalarda iynə atsan, pasiyent əlindən yerə düşməz. Acımasız, rəhimsiz bir soyğun gedir. İnsanların variantı yoxdur, can şirin şeydir, əllərində, ovuclarında nələri var, verirlər, yoxdursa, kredit götürürlər və “uzman doktorlar” övladlarına daha bir “Porşe” alır.
Məktəblərdə dərs keçməyən, əvəzində qan qiymətinə repetitorluq edərək, övladını oxutmaq istəyən valideynləri soyan müəllimlərdən qırx yazaq, qırx bir yazaq, xeyri olmayacaq, yaz-payız qırxını davam edəcək.
Bir də görürsən, yazırlar ki, filan massivdə yaşıllıqlar gecəylə məhv edilib, yerində bünövrə qazılıb, ya şadlıq sarayı tikləcək, ya da çoxmərtəbəli bina. Yüz faiz elə olacaq, kitabxana, klub, mədəniyyət evi tikəsi deyillər ki. Əsas məsələ pul qazanmaqdır, bacardıqca çox əldə etmək, qamarlamaq, mənimsəmək gərəkdir.
Bir vaxtlar İsmayıllı tərəfdə bir ağacın çətirini özəlləşdirərək, altını yol yorğunlarına kirayə vermək istəyən birisi barədə yazır, lağlağı edirdilər. Lahıcda ünvan soruşanlardan pul tələb edənlər barədə də qeydlər olurdu. Artıq heç kəs elə şeylərə pis baxmır, normal sayır. Kimin harada nəyə gücü çatırsa, satmalıdır, icarəyə verməlidir. Hansısa kənddə maşının palçığa batırsa, iki nəfər gəlib itələyib çıxarırsa, gərək onlara pul verəsən, sürüb getsən, dalınca söyəcəklər.
Ona görə də Laçında müştərilərə bir stəkan çayı quzu qonaqlığı qədər baha qiymətə satanları anlamaq olar. Onlara pul lazımdır, təcili varlanmalıdırlar, yol keçənləri soymalıdırlar. Bu acgözlərdən yalnız onu soruşmaq olar ki, bu torpaqların işğaldan azad olunmasında xidmətləri olubmu. Olubsa, eybi yox, qoy çayı qan qiymətinə satsınlar...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ