İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolundakı aksiyanın 9-cu günü - ilk həftənin yekunu: hədəfə nə qədər qaldı?

Siyasi ekspert: “Sivil hərəkatın təməli atıldı və sonrakı proseslərdə bu hərəkat həlledici rol oynaya bilər”

Şuşa-Laçın yolunda Azərbaycan ictimaiyyətinin etiraz aksiyası artıq  9-cu günə keçdi. Aksiyanın 8-ci günü Xankəndi  tərəfdən Laçın  istiqamətinə doğru Rusiya  sülhməramlılarından birinin ailə üzvləri keçid ediblər. Musavat.com-un müxbiri hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları keçidə tam şərait yaradıblar. Bu, bir daha onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər. Amma Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən yalan məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır.

Aksiyaya qatılanlar yüksək əhval-ruhiyyədədirlər və aksiyanı davam etdirməkdə qərarlıdırlar. Hələ ki aksiyanın əsas tələbi yerinə yetirilməmiş qalır. Demək, Laçın yolunda aksiya öz ilkin hədəfinə çatanadək davam edəcək.  Təəssüflər olsun ki, ötən həftəsonu Rusiya hərbi kontingentinin komandanlığı Azərbaycan nümayəndə heyətinin yataqların monitorinqi üçün şərait yaratmaq tələbinə növbəti dəfə laqeyd yanaşıb. Təbii ki, imtina rəsmi Moskvanın mövqeyindən qaynaqlanır. Ancaq Rusiya rəhbərliyi Bakının öz suveren ərazisində öz suveren haqqından doğan tələbini yerinə yetirmək zorundadır. Bu həm də Putinin imzası olan 22 fevral Moskva bəyannaməsinin diktəsidir. Hansı ki sənəddə tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət, separatçılıqla birgə mübarizə haqda öhdəliklər götürüb. Əfsus ki, Rusiya özünün yazılı öhdəliklərinə də sayğısızlıq göstərir. Hər halda, Bakının tələbi beynəlxalq hüquqa da, Moskva bəyannaməsinə də zidd deyil, əksinə.

Bəllidir ki, Rusiya sülhməramlılarının mandatı 2025-ci il noyabrın 10-dəkdir. Onadək isə Azərbaycan Ağdamdan Xankəndinə yeni qaz, işıq, su kəmərləri də çəkərək, Ermənistandan Qarabağa gələn qanunsuz xətləri kəsəcək. Belə çıxır, ruslar bu işlərə də şərait yaratmayacaq? O zaman onların Qarabağda olmasının heç bir anlamı qalmayacaq.  

Bu arada “Qraparak” erməni qəzeti Bakının israrlı dirənişi ilə bağlı yazıb: “Dünəndən "artsax"da belə fikirlər dolaşır ki, yol ola bilsin açılacaq, ancaq səs-küy yatandan sonra Azərbaycan tərəfi Laçın dəhlizində rentgen skanerlərinin quraşdırılması tələbinin reallaşmasına nail olacaq. Və mümkündür ki, Nikol Paşinyan bunu ən yaxşı həll yolu kimi təqdim edərək deyəcək ki, eyni rejim Sünikdən (Qərbi Zəngəzur - red.) keçən, Azərbaycanı Naxçıvanla birləşdirən yolda da fəaliyyət göstərəcək, yəni təki Naxçıvana yol "dəhliz məntiqi" ilə açılmasın. Hərçənd normal insanlar vəziyyətin tam fərqli olduğunu başa düşürlər. Xatırladaq ki, Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın Sünikdə alacağı yol (Zəngəzur dəhlizi - red.) Laçın dəhlizi ilə eyni rejimdə fəaliyyət göstəməlidir", - qəzet yazır.

Erməni nəşrinin ehtimalı da nəzərə alınmaqla aksiyanın ilk həftəsinin yekununu necə dəyərləndirmək olar? Aksiya uzandıqca, orada erməni tərəfinin və ya rusun təxribat törətmə ehtimalı artır? Onu necə önləməli?

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı 

Politoloq Asif Nərimanlı “Yeni Müsavat”a bildirdi ki, Roma Papası da Xankəndi yolunda aksiyaya münasibət bildirib, Qarabağdakı erməni əhalisinin “humanitar fəlakətlə” üzləşdiyi iddiasına qoşulub: "Son səkkiz gündə baş verənlər bir daha göstərdi ki, Azərbaycan öz haqqını qorumaq uğunda təkcə ermənilərlə yox, bütün dünya ilə mübarizə aparır. Tələblər hələ yerinə yetirilməsə də, aksiyanın ilk həftəsi Azərbaycanın öz mövqeyindən geri çəkilməyəcəyinin təsdiqi baxımından önəmlidir. Bunu həm bölgəyə müvəqqəti nəzarət edən Rusiya, həm separatçı rejim, həm də dünya anladı. Birincisi, Azərbaycan xalqının öz torpaqlarında başqa qüvvələrin "hakimlik" etməsinə icazə verməyəcəyi nümayiş etdirildi. İkincisi, aksiya iştirakçılarının davranışı, humanitar yüklərə yaradılan şərait, hətta sülhməramlılara münasibəti göstərdi ki, Azərbaycan xalqının mübarizəsi sivil əhali ilə yox, separatçı rejimlədir. Üçüncüsü, Qarabağdakı erməni əhali Azərbaycan cəmiyyətinə inteqrasiya etmədən bölgədə yaşamağın mümkün olmayacağını daha real şəkildə anladılar və gözləniləndir ki, zamanla erməni əhalinin özü separatçı rejimə qarşı daha açıq şəkildə çıxmağa başlayacaq. Ümumilikdə son bir həftədə baş verənlərdən çıxan nəticə budur ki, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə suverenliyimizin bərpası məqsədilə sivil hərəkatın təməli atıldı və sonrakı proseslərdə bu hərəkat həlledici rol oynaya bilər".

Ekspert qeyd etdi ki, Rusiya sülhməramlıları və separatçı rejim çətin vəziyyətdə qalıb, təbii ki, proses uzandıqca onların təxribata əl atması ehtimalları da artır: “Fikrimcə, sülhməramlılar "etnik qarşıdurma" kartından istifadə edə bilərlər. Separatçı rejimin təşkil etdiyi “mülki erməniləri” aksiya ərazisinə gətirə və orada azərbaycanlılarla qarşıdurmaya sövq edə bilərlər. Sülhməramlılar da “etnik qarşıdurmanın” qarşısını alırıq" bəhanəsi ilə aksiyaya müdaxilə edə bilər. Aksiyanın təhlükəsizliyinin bizim qüvvələr tərəfindən qorunması bu ssenarilərin təhlükəsini azaldır, lakin bütün risklər dəyərləndirilməlidir. Qarşıdurmadan maksimum çəkinməliyik. Eyni zamanda, fikrimcə, aksiyanın keçirildiyi bölgədə daha geniş ərazidə 24 saat videoçəkilişlər aparılmalı, hər şey faktlaşdırılmalıdır".

A.Nərimanlının sözlərinə görə, Ruben Vardanyanın açıqlamalarından hiss olunur ki, mövcud vəziyyətin davam etməsi erməni əhalinin Bakıya üz tutması reallığını gücləndirə bilər. Bundan narahat olan separatçı rejim vəziyyətin bu həddə çatmaması üçün iki istiqamətdə hərəkət edir: “Birincisi, Azərbaycanın "düşmən obrazını" gücləndirir. İkincisi, “hərbi vəziyyətlə” erməni əhalisinin hərəkətini məhdudlaşdırır. Vardanyanın “qaz təchizatının təmin edilməsi bizim qələbəmizdir, yolu da açacağıq” açıqlaması ictimai rəyi ələ almağa hesablanıb.

Bu vəziyyətdə rəsmi Bakı Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinin qorunması, separatçı rejimin onlar üzərində təzyiqini də gündəmdə saxlamalıdır. Azərbaycanlı hüquq müdafiəçilərinə ermənilərin etdiyi zənglər buna imkan verir".

A.Nərimanlı xatırlatdı ki, artıq  Xankəndi yolunda keçirilən aksiyada tələblərə əlavələr edilib: “Yeni tələblər bundan ibarətdir; Laçın yoluna gömrük postu qurulmalıdır, Arutyunyan-Vardanyan cütlüyü rədd edilməlidir, Xankəndində Azərbaycanın dövlət orqanlarının faliyyəti bərpa olunmalıdır. Bu, müharibədən sonra Azərbaycan xalqının əsas tələbidir və indi prosesin praktiki mərhələyə keçidi baş verir. Siyasətçilər manevrlər edir, diplomatlar danışıqlar aparır, hərbçilər döyüşür, amma həlledici rolu həmişə xalqlar oynayır. Xalq 30 il Qarabağı unutmadığı üçün müharibədə qələbəni qazandıq, Xankəndinə qayıdışı da yenə xalq təmin edəcək.

Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki yataqlara nəzarəti bərpa edə bilərsə, separatçı-terrorçu rejim ciddi gəlir itkisinə məruz qalacaq. Xankəndi yolundakı aksiyasının hədəflərindən biri də buna nail olmaqdır. Sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə qalan “Dəmirli” və “Qızılbulaq” yataqları “Vallex Group”un 2001-ci ildə yaratdığı “Base Metals” şirkəti tərəfindən istismar edilir. Müharibədən əvvəl bu yataqların istismarı nəticəsində separatçıların əldə etdiyi illik gəlir 18,7 milyard dram - “büdcə”lərinin 1/3 hissəsi olub. Müharibədən sonra isə qızıl və əlvan metalların dünya bazarında qiymətinin artması nəticəsində bu gəlirlər 45 milyard drama çatıb - “büdcə”lərinin 2/3 hissəsi. Erməni mənbələr “Qızılbulaq” yatağında qızıl və əlvan metalların tamamilə tükəndiyini yazır. “Dəmirli”dən çıxarılan metallar “Qızılbulaq” kombinatında emal edilir. Bu yataqlara nəzarət edə bilsək, separatçı-terrorçu rejim əsas gəlirdən məhrum olacaq və rejimin “sağ qalması”nı daha da çətinləşdirəcək".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR