Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Qeyd edək ki, ötən gün də Ermənistan silahlı qüvvələri tərəfindən Laçının Zabux və Cağazur yaşayış məntəqələrini atəşə tutub.
Sülh gündəliyinin müzakirə edildiyi vaxt İrəvanın təxribatlara əl atması suallar yaradır: məqsəd nədir?
Musavat.com bildirir ki, siyasi analitik Asif Nərimanlı mövzuya bu cür şərh verib:
"Ötən ilin noyabr ayında Polşa prezidenti Andjey Dudanın Arazdəyənə səfəri vaxtı sərhəddə təxribat hücumlarının ola biləcəyi haqda yazmışdıq. Məqsəd Avropa İttifaqının müşahidə missiyasının vaxtının uzadılmasına zərurətin yaradılmasıdır.
Aİ missiyasının müddəti 19 fevral tarixində başa çatır. Missiyanını vaxtının uzadılmasında hər iki tərəf – İrəvan və Brüssel maraqlıdır.
- İrəvan üçün bu missiya həm Azərbaycan qarşısında, həm Rusiya qarşısında “qalxan” rolunu oynayır, həm də Avropa ilə əsas bağlantı rolunu oynayır, xüsusilə Trampın gəlişindən sonra İrəvanın Brüsselin orbitinə daha çox yaxınlaşacağı gözləntiləri fonunda;
- Brüssel üçün bu missiya Cənubi Qafqazda mövcudluğun əsas platformasına çevrilib, xüsusilə Gürcüstandakı “məğlubiyyətdən” sonra;
Duda da İrəvana Polşa prezidentindən daha çox, Avropa İttifaqına 2025-ci ildə sədrlik edəcək ölkənin rəhbəri kimi gəlmişdi, onun Arazdəyəndə Aİ müşahidəçilərini ziyarət etməsi də bundan qaynaqlanırdı. Polşa prezidentinin ziyarətindən dərhal sonra Fransanın İrəvandakı səfiri başda olmaqla, Aİ-yə üzv ölkələrin diplomatları müşahidə missiyasının fəaliyyətini izləmək üçün sərhəd bölgələrinə səfər etdilər. Məqsəd missiyanın zəruriliyini ispatlamaq üçün hesabatların hazırlanması idi. Çünki 19 fevrala – missiyanın müddətinin bitməsinə qədər Avropa İttifaqı vaxtın uzadılması ilə bağlı yekdil qərar qəbul etməlidir. İstisna deyil ki, diplomatların təqdim etdikləri hesabatlar bu müzakirələrdə təqdim olunacaq.
Bu, missiyanın vaxtının uzadılması istiqamətində birinci addımdır. İkinci addım sərhəddə təxribatların törədilməsi ilə missiyanın zəruriliyini ispatlamaqdır. Sərhəddə atəşkəsin pozulması bu prosesin başlandığını göstərir və müşahidə missiyasının gələcəyinin Aİ-də müzakirəyə çıxarılmasına qədər bu cür təxribatlar davam edə bilər".
Xalidə Gəray
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ