Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanın Gümrü şəhərində müxalif “Ana Ermənistan” blokunun təşkil etdiyi aksiya başlayıb. Etirazçılar Ermənistanın Müstəqillik Bəyannaməsini, Rusiya hərbi bazasının mövcudluğunu, Rusiya-Ermənistan münasibətlərini və ölkənin təhlükəsizliyini müdafiə etmək şüarı altında küçələrə çıxıblar.
Aksiyadan əvvəl jurnalistlərə açıqlama verən hərəkatın lideri Andranik Tevanyan bildirib ki, bu addım Qərbyönümlü qüvvələrin əks-hərəkatına cavabdır:
“Bizə məlum oldu ki, Türkiyənin ‘beşinci kolonu’ – Qərbyönümlü qüvvələr Müstəqillik Bəyannaməsinin qəbul olunduğu gündə Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılması tələbi ilə aksiyaya hazırlaşır. Biz isə əllərimizi yanımıza salıb sakit dura bilməzdik”.
Tevanyan daha da irəli gedərək, Rusiya hərbiçilərinin çıxarılmasını Ermənistan üçün birbaşa təhlükə kimi qələmə verib:
“Rus hərbiçilərinin çıxarılması başqa bir şey deyil, Ermənistana türk qoşunlarını dəvət etmək deməkdir – "Xoş gəlmisiniz!"
Siyasi müşahidəçilər qeyd edirlər ki, bu aksiyanın arxasında Moskvanın maraqları dayanır. Kreml Ermənistan daxilindəki revanşist qüvvələri hərəkətə gətirməklə, həm Paşinyan hökumətinə təzyiq göstərməyə, həm də 102-ci bazanın qalmasını legitimləşdirməyə çalışır.
Bu baxımdan Gümrüdəki aksiyanın yalnız yerli müxalifətin təşəbbüsü yox, birbaşa Kreml ssenarisinin tərkib hissəsi olduğu şübhə doğurmur. Rusiya Ermənistanda öz hərbi mövcudluğunu qorumaq üçün ictimai rəyi manipulyasiya edir və “təhlükəsizlik” bəhanəsi ilə ölkəni öz orbitində saxlamağa çalışır.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ