Onlayn ictimai-siyasi qəzet
Xroniki yorğunluq müasir cəmiyyətin ən geniş yayılmış problemlərindən birinə çevrilib. İnsanların böyük bir qismi səhərlər yuxudan oyandıqda dincəlmiş deyil, əksinə, halsız və yorğun hiss edir. Bu hal yalnız fiziki vəziyyətə deyil, həm də emosional sağlamlığa və gündəlik iş məhsuldarlığına ciddi təsir göstərir.
Yenisabah.az həmin problemin səbəblərini və çıxış yollarını araşdırıb.
Mütəxəssislər sözügedən durumun əsas səbəblərindən biri kimi keyfiyyətsiz yuxu rejimini misal çəkirlər. Belə ki, gecə saatlarında kifayət qədər yatmamaq və ya yuxunun tez-tez bölünməsi bədənin istirahət etməsinə imkan vermir. Bundan əlavə, qeyri-düzgün yuxu rejimi – hər gün fərqli vaxtlarda yatıb oyanmaq – bədənin bioloji saatını pozur.
Yuxu rejimi insan həyatında mühüm rol oynasa da, xroniki yorğunluğa səbəb olan tək amil deyil. Digər bir səbəb müasir dövrün ən böyük problemi olan stres və emosional gərginlikdir. Gündəlik həyatda qarşılaşılan yüksək stress səviyyəsi beynin və bədənin tam istirahət etməsinə mane olur. Narahat düşüncələr və emosional gərginlik yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı sala bilər.
Yuxarıdakı səbəblər əsas faktor olsa da, məsələ sadəcə onlarla yekunlaşmır. İş-güc əlindən bir dəqiqə belə özünə ayırmağa vaxtı olmayan insanların fiziki aktivliyi də demək olar ki, sıfıra bərabərdir. Oturaq həyat tərzi (hərəkətsizlik) bədənin enerji səviyyəsini azaldır. Fiziki aktivlik isə qan dövranını artırır, enerjini yüksəldir və yuxu keyfiyyətinə müsbət təsir edir.
Xroniki yorğunluğa rəvac verən amillərdən biri də qidalanma tərzidir. Düzgün və balanslı qidalanmamaq, xüsusilə də vitamin və mineralların çatışmazlığı (məsələn, dəmir və ya D vitamini) yorğunluq hissinə səbəb ola bilər. Şəkər və karbohidratla zəngin qidalar qısa müddətli enerji versə də, uzun müddətli yorğunluğa yol açır.
Bütün bunların fonunda yeni dövrün ən bariz problemi olan texnologiya köləliyini də vurğulamaq keçmək olmaz. Ağıllı telefonlar, planşetlər, həmçinin, sosial şəbəkələr, virtual məkanda aktivlik kimi amillər də sözün əsl mənasında yuxumuza haram qatır. Yuxarıda sadalanan tövsiyələrlə yanaşı, həmçinin, bu məqama da xüsusi diqqət etmək lazımdır. Çünki həmin məsləhətlərə qulaq verib bu faktoru görməzdən gəlmək olmaz. Yatmazdan əvvəl telefon, kompüter və ya televizor kimi cihazlardan istifadə etmək bədənin melatonin hormonunun ifrazını azaldır. Bu hormon isə bədənə yuxuya getmək siqnalını verir.
Xroniki yorğunluğu aradan qaldırmaq üçün əvvəlcə səbəbləri müəyyənləşdirmək vacibdir. Sağlam yuxu rejiminə riayət etmək, balanslı qidalanma, müntəzəm idmanla məşğul olmaq və texnologiya istifadəsini məhdudlaşdırmaq kimi tədbirlər vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Əgər bu addımlara baxmayaraq yorğunluq davam edərsə, mütləq bir mütəxəssisə müraciət etmək lazımdır.
Unutmaq olmaz ki, Xroniki yorğunluq həyat keyfiyyətini ciddi şəkildə azaldır, lakin düzgün yanaşma və həyat tərzində dəyişikliklərlə bu problemi idarə etmək mümkündür.
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ