İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yanğınlardan necə az ölüm sayı ilə çıxır?- Detallar

 

Xəbər verildiyi kimi, ABŞ-nin qərbində, Kaliforniya ştatının Los-Anceles dairəsində iki saatdan az müddətdə 20 kvadrat kilometrdən çox ərazini əhatə edən yeni güclü meşə yanğını başlayıb. CNN televiziya şirkətinin yaydığı məlumata görə yanğının genişlənməsi təhlükəsi ilə əlaqədar hakimiyyət orqanları Kasteik gölü ətrafındakı ərazilərin sakinlərinin məcburi təxliyə edilməsini elan edib.

Yada salaq ki, yanğın yanvarın 7-də Los-Anceles dairəsində yayılmağa başlamışdı.  Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub. Yanğın məşhurların mülkləri də daxil olmaqla 12300-dən çox binanı məhv edib. Son məlumatlara görə, ölü sayı 27 nəfər olub.

Musavat.com xəbər verir ki, günlərdir sosial mediada ABŞ-dəki yanğınlar müzakirə edilir. Əsas sual isə budur, bu qədər böyük həcmdə yanğın baş verir, əslində, daha çox insan tələfatı ola bilərdi, amma dünya bunun əksini müşahidə edir.

Yeri gəlmişkən, Türkiyədə hoteldə 79 nəfərin ölümü ilə nəticələnən yanğın da ictimaiyyətin diqqətindədir. Qardaş ölkədə baş verənlərə laqeyd qalmaq da mümkün deyil.

Bəzi xarici ekspertlər konkret olaraq Los-Anceles və ümumilikdə ABŞ-da baş verən yanğınlar zamanı insan tələfatının az olmasını bir neçə faktorla izah edirlər. Qeyd edilir ki, ABŞ-də, xüsusilə Kaliforniyada, yanğınların yayılmasını izləyən qabaqcıl texnoloji sistemlər və xəbərdarlıq proqramları mövcuddur. Bu sistemlər sakinlərə təxliyə edilə bilən ərazilər haqqında vaxtında məlumat verirlər, beləliklə əhali tez reaksiya verə bilər və daha az itki olur. Kaliforniya, xüsusilə Los-Anceles bölgəsi uzun illərdir meşə yanğınları ilə mübarizə aparır. Yerli sakinlər və dövlət orqanları yanğınlarla mübarizədə yüksək səviyyəli təcrübəyə sahibdir və evlər, infrastrukturlar yanğından qorunmaq üçün daha yaxşı hazırlanır. Sakinlər də yanğın zamanı necə hərəkət etməli olduqlarını bilir və ciddi təhlükə vəziyyətində təcili təxliyə əmrlərinə riayət edirlər. Bölgədə evlər, xüsusilə son dövrlərdə tikilən yeni binalar, yanğından qorunma texnologiyaları ilə təchiz olunub.

Eyni zamanda sürətli təxliyə üçün təcrübəli qüvvələr, mülki müdafiə, polis və xilasedicilər mövcuddur. Yanğınlar böyük sahələri əhatə edərsə belə, insanların təhlükəsiz yerə köçürülməsi təmin olunur. Yüksək risk altında olan bölgələrdə insanlar yanğınsız mühitlərdə yaşamağa təşviq edilir. Məsələn, evlər daha çox təhlükəsizlik sistemləri ilə təmin olunur və müntəzəm olaraq evlərin təmir və yenilənməsi təşviq edilir. Ümumiyyətlə, ABŞ-da yanğınlar ciddi təhlükə yaratsa da, dövlətin və əhalinin təcrübəsi, hazırlıqları, həyəcan siqnalları və müasir texnologiyalar sayəsində ölüm sayı minimuma endirilir.

İqtisadçı Elman Sadıqov Musavat.com-a açıqlamasında vacib məqamlara diqqət çəkib: “Risklərin idarə edilməsi, risklərin öyrənilməsi hər bir sahibkar üçün bir mədəniyyət, yanaşma tərzidir. Sertifikat, lisenziya almaq, səmərəliliyi və öyrətmə imkanları çox aşağı olan bahalı konfranslarda iştirak etmək heç kimi risklərdən sığortalamaz. İstər maliyyə sektorunda, istərsə də real sektorda risk menecerləri, mütəxəssisləri, iş adamları üçün keçdiyim təlimlərdə təlimin 60-70 faizi risklərin idarə edilməsi, nəzəriyyə, praktik tətbiqi, modelləşdirmə, ölçmə, analizə həsr olunursa, 30-40 faizi risk mədəniyyəti, risklərin idarə edilməsində yanlış düşüncə, riskyönümlü idarəetmə, beynin riskyönümlü düşünməsini təşviq etmə, hər bir məsələyə bir deyil, ən azı 2-3 baxış bucağı sərgiləməyi öyrənməni təşviq etməkdən, aşılamaqdan ibarət olur. Önəmli olan düşüncə tərzi, riskləri sümüyünə, qanına kimi hiss etmək, riskyönümlü düşünməyi öyrənməkdir. Hər bir iş adamı, sahibkar bu yöndə düşünməsə nə aldığı sertifikat və lisenziyaların, nə də qazandığı pulların faydası düşündüyü qədər olmayacaq. İllərlə qazandıqlarını dəqiqələr, uzağı bir neçə gün ərzində itirəcək. İndiyə qədər iflas etmiş şirkətlər, iş adamları, hətta dövlətlərin tarixlərinə nəzər saldıqda bunları görürük.

2024-cü il yanvarın 2-də Yaponiyada iki təyyarənin hava limanında toqquşması nəticəsində sərnişin təyyarəsində baş verən yanğından 379 nəfərin 90 saniyə ərzində təxliyə əməliyyatını xatırlayın. Ən ağrılı məsələ odur ki, hər bir iş adamının, şirkətin iflası neçə-neçə insanları da bədbəxt edir, işsiz qoyur.

Daha dəhşətlisi isə risklərin idarə edilməsinə artıq xərc kimi baxan, önəmsəməyən, öz işimi hamıdan yaxşı bilirəm, mənə heç nə olmaz düşüncəsi ilə "pul qazanan"  iş adamının günahı ucbatından günahsız insanların ölümü, faciəsidir.

Yaponiyada bayaq dediyim, alovlar içində yanan bir təyyarədən 379 nəfər 90 saniyədə  xilas olunur, kimsənin burnu qanamır.

ABŞ-da şəhər günlərlə yanır, ölü sayı 30-a yaxın, dəhşətli tornado olur, ölü sayı 2-3, 5-10 olur. 7 bal zəlzələ olur, ölü sayı 100-200. Sadaladığım bu fövqəladə hallar digər inkişaf etməkdə olan və ya kasıb ölkələrdə olur, ölü sayları 50 min, 100 min, 200 min. Ona görə də qeyd etdiyimiz məsələlərə önəm verilməlidir...”

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR