İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın dəhlizindəki aksiyanı qaralayan, özgə baltaya sap olan bizimkilər – ermənilər dara düşəndə NO WAR-çılar ortaya çıxır

Arzu Nağıyev: “Sülhməramlılar separatçılardan çəkinirlər”

Fazil Mustafa: “QHT-in təşkil etdiyi bu aksiya həm də dövlətçilik mövqeyinin müdafiə olunması məqsədini güdür”

Əziz Əlibəyli: “Bu prosesdə Putinin imici korlanır”

Şuşa-Xankəndi yolunda Azərbaycan QHT təmsilçilərinin medianın da aktiv iştirakı ilə düzənlədiyi unikal aksiya cəmiyyətimizin bütün təbəqələri tərəfindən hərarətlə dəstəklənir. Təsadüfi deyil ki, 12 dekabr səhər saatlarından başlayan bu aksiya günün ən önəmli hadisəsi, medianın isə mərkəzi mövzusu oldu. Aksiya Azərbaycan xalqı ilə yanaşı, Ermənistan və region ölkələrin ictimaiyyətləri tərəfindən də həssaslıqla izlənməkdədədir. Soyuq və qar-qış şəraitində keçirilən bu aksiyada iştirak edənlər öz canları bahasına böyük fədakarlıqlar göstərir və bütün bunlara Azərbaycanın haqq davasına faydaları olur deyə dözürlər.     

Təəssüf ki, bu cür analoqsuz və möhtəşəm aksiyada iştirak edən QHT-lə yanaşı, özgə baltasına sap olan QHT təmsilçilərimiz, siyasətçilər və media mənsubları olan azərbaycanlılar da var. Onlar ermənilərin dara düşdükləri bütün situasiyalarda olduğu kimi, “NO WAR”-çılıqlarını yenə də ortaya qoymuş, aksiyanı və prosesi qaralamaqla, başqa məsələləri qabartmaqla  məşğuldurlar.

WhatsApp Image 2022-12-13 at 12.58.22.jpeg (288 KB)

Buna nümunə olaraq siyasətçi Azər Qasımlının hərəkətlərini göstərmək olar. A.Qasımlı indi aşağıda oxuyacağınız mövqeyi ilə yalnız iqtidara deyil, Azərbaycan dövlətinə, bayrağımıza və milli mənafelərimizə də müxalif olduğunu ortaya qoymuş olur.

Sitat: “Azərbaycan iqtidarı istəməsəydi bu gün Laçın dəhlizinə yığışanlar heç 2 metr də həmin əraziyə yaxınlaşa bilməzdilər. Şuşaya vətəndaşları xüsusi icazə ilə buraxırlar, Bakıda isə adi piket keçirməyə belə icazə vermirlər. Hər şeyin yuxarıdan təşkil olunduğu gün kimi aydındır.

Putin istəməsəydi Laçın dəhlizinə heç 2 metr da yaxınlaşan olmazdı. Həmin posta gəlib çıxmaq üçün bir neçə postu keçmək lazım idi. Rusiyanın bugünkü aksiyaya göz yumduğu da gün kimi aydındır.

Bu aksiyanın yalnız bir sonucu olacaq: Rus sülhməramlı kontingentinin rolu daha da güclənəcək. Qarabağda yaşayan ermənilər ruslara daha çox sarılacaq, bütün dünya dəhlizin bağlanmaması üçün rus əsgərlərinin ən azı yaxın perspektivdə bölgədə qalmasına müsbət yanaşacaq. Ermənilər dünyaya bugünki aksiyanı erməni əhalisini mühasirəyə almaq, nəfəsliyi kəsmək kimi təqdim edəcəklər. Yenə hər iki tərəfdən nifrət və ittihamlar səslənəcək... Bir sözlə, prosesdən bir daha Rusiya uduşlu çıxacaq.

azerqasimli.jpg (56 KB)

Azər Qasımlı

Bugünkü aksiya Azərbaycanın maraqlarına heç bir şəkildə uyğun deyil. Əllə tutulacaq, gözlə görünəcək hər hansı qazanc ortada yoxdur. Maraqlarımıza cavab verən o olardı ki, hakimiyyətin aydın iki proqramı olardı. Biri Rusiyanın hərbi kontingentinin Qarabağdan çıxarılması ilə bağlı siyasətini əks etdirən danışıqlar planı, ikincisi isə Qarabağın və orada yaşayan əhalinin Azərbaycana inteqrasiyasını əks etdirən barış planı. Görünən odur ki, nə birincisi var, nə ikincisi. Razılıq əsasında rus əsgərlərini Qarabağa buraxan iqtidarın “birinci planı” olmadığına görə “ikinci planı” da çətin ki ola. Gördüyümüz kimi, sülhməramlı kontingentin Qarabağdan çıxarılması ilə bağlı ortada heç tələb də yoxdur. Ölkəmizdə məmurlar tərəfindən meşə və ağaclar məhv ediləndə ekologiya heç yadlarına düşmürdü. İcazəli vətənpərvərlik vətənpərvərlik deyil. Vətənpərvərlik səmimi olmalı, içdən gəlməli, insanın, insanlığın və ölkənin maraqlarına cavab verməlidir”.

Erməni separatçılarının və Rusiya sülhməramlılarının qarşısına çıxıb, Azərbaycan naminə aksiya keçirdən fədakar soydaşlarımıza bu cür münasibət sadəcə, ayıbdır. Əlbəttə, Azər Qasımlı sirr açmır, bu aksiya Azərbaycan dövlətinin yaratdığı şərait əsasında baş tutub. Bunu Şuşa-Xankəndi yolunda qurulmuş sülhməramlı postunda həyata keçirilən aksiyanı izləyən uşaq da anlayır. Nəhayət, Azərbaycan dövləti imkan yaradır ki, vətəndaş cəmiyyəti torpaqlarımızdakı separatizm probleminin qarşısına çıxsın və öz sözünü dinc metodlarla desin. Buna sevinmək və təqdir etmək lazımdır.

Təbii ki, Azərbaycan tərəfi sülhməramlı mandatı ilə ərazidə olan hərbi kontingenti məlumatlandırıb. Bəs bu aksiyadan Moskvanın da xəbəri varmı?

arzunagi.jpg (90 KB)

Millət vəkili Arzu Nağıyev Musavat.com-a mövzunu şərh edərkən sülhməramlıların mandata uyğun olaraq iki münaqişəli tərəfin arasında dayanmaqdan başqa işlərlə məşğul olduqlarını vurğuladı:

“Texnikanı, ermənilərin separatçı qüvvələri üçün müxtəlif təyinatı bilinməyən yükləri müşayiət etdilər, lakin silahsız şəxslərin monitorinq aparmasına mane olmağa çalışdılar. Sülhməramlılar separatçılardan çəkinirlər, eyni zamanda onlara yarınmaq istəyirlər. Lakin onlar unutdular ki, Azərbaycan xalqı dözümlü olsa da, əliyalın şəkildə silahlıların üzərinə gedə bilər. Məlumdur ki, ən böyük problem yolun bağlanmasıdır. Ermənilər dünyaya car çəkir ki, yolun bağlanması qeyri-humanist addımdır, çünki Ermənistandan ərzaq və s. daxil olmur. Düşünürəm ki, bu Azərbaycanın haqqıdır. QHT-in bu yola çıxması təqdirəlayiq addımdır. Ermənistan da, Rusiya da bundan nəticə çıxarmalıdır. Ermənilərin Xankəndidəki mitinqi tabe olmamağa hesablanmışdı, azərbaycanlılar isə sırf sülhpərvər fikirlərlə toplaşıb. Düşünürəm ki, danışıqlara getmək lazımdır, gedəcəklər də. Gərginlik ruslara da fayda verməz. Qarşıdurmada təxribat törədilərsə, silahlı münaqişəyə çevrilə bilər. Buna görə ilk növbədə sülhməramlılar prosesdən nəticə çıxarmalıdırlar. Volkovun görünməməsi o qədər də əhəmiyyət kəsb etmir. O, əmr adamıdır. Onun istefası inandırıcı deyil. Bu, Müdafiə Nazirliyindən asılıdır”.

fazilmustafa.jpg (69 KB)

Millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında təsdiqlədi ki, bu aksiyadan Moskvanın xəbəri var idi:

“Hərbi kontingent birbaşa Moskvadan idarə olunur, tapşırıqları yerinə yetirirlər. Hərbçilər verilən vəzifələri icra edirlər - erməniləri müəyyən dərəcədə himayə etmək, dəstəkləmək, azərbaycanlılara qarşı müəyyən məhdudiyyətlər tətbiq etmək. Azərbaycan da bunun bəyanatın müddəalarına zidd olduğunu əsas götürərək etirazını bildirir və ərazidə azərbaycanlıların hərəkətinin qarşısının alınmasını suveren hüquqlarımıza qarşı hörmətsizlik kimi qiymətləndirir. QHT-lərin təşkil etdiyi bu aksiya həm də dövlətçilik mövqeyinin müdafiə olunması məqsədini güdür. Rusiya hərbi kontingenti Azərbaycan tərəfinin maraqlarını nəzərə almalıdır. Müxtəlif ölkələrdən gələn ermənilər əraziyə buraxılır, mitinq edirlər, lakin monitorinq aparan azərbaycanlılara mane olurlar. Təbii ki, bütün bunlardan Moskvanın xəbəri var. Atdığımız addımların kiminsə maraqları ilə üst-üstə düşüb-düşməməsi bizi maraqlandırmır.  İlk növbədə öz taleyimizlə bağlı məsələnin həllinə üstünlük veririk. Bu baxımdan başqa nüanslar nəzərə alınmamalıdır. Ərazi Azərbaycana məxsusdur. İmzalanan sənəddə nəzərdə tutulan motiv çox önəmlidir. Bu baxımdan müzakirə aparılması vacibdir. Gec-tez Azərbaycan qəti addımlar atmalıdır, çünki ermənilər tərəfindən heç bir konstruktiv təkliflər səsləndirilmədi. Bu o deməkdir ki, ermənilər özlərini bölgədə hər zaman qarışdırıcı element kimi görürlər. Azərbaycan isə buna yol verə bilməz”.

eziz.jpg (227 KB)

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirdi ki, prosesin bu istiqamətə gəlib çıxması ilə bağlı Moskvanın güman ki, məlumatı yox idi. O, qeyd edib ki, çirkli pulların yuyulması, ərazilərimizin qeyri-qanuni istismarı, sülhməramlı fəaliyyət adı ilə ekoloji terrorun törədilməsinin məsuliyyəti məhz sülhməramlıların üzərindədir:

“Azərbaycan yumşaq güc diplomatiyasından yararlanaraq məhz ekoloji məsələlər üzərindən prosesə daxil oldu. A.Volkov birbaşa Moskvaya tabedir. Biz əslində Rusiyadan ortaya konkret mövqe qoymasını istəyirdik. Proses Volkovun istefasına qədər davam edə bilər. Azərbaycan təşəbbüsü ələ keçirib-həm diktə edən tərəfdir, həm də informasiya müharibəsində üstünlüyü əlinə almış oldu. Bu baxımdan Rusiyanın mövqeyi maraqlıdır. Belə iddia var ki, Rusiya öncədən məlumatlı olduğu üçün aksiyanın qarşısını almadı. Bu prosesdə rus sülhməramlılarının rəhbərliyinin, onları Qarabağa göndərən Müdafiə Nazirliyi, o cümlədən 10 noyabr bəyannaməsinin altında imzası olan Putinin imici korlanır. Üstəlik, qoruduğu qondarma rejimin əhalisi hazırda ruslara olan nifrəti sosial şəbəkələrdə büruzə verməkdədirlər”.

Nigar Həsənli,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR