İnsanlara hürriyət, millətlərə istiqlal!

“Küpə girmiş qarı"nın getməkliyi...

Zurabişvilinin son günləri bir az da komediya janrında oldu, düşdüyü vəziyyət gürcü kinosunun şedevrlərindən olan “Kuvşin”qısametrajlı filminin qəhrəmanını xatırlatdı; Belə inadkar siyasətçi yox, kəşfiyyatçı olur...

Gürcüstanın sabiq prezidenti Solame Zurabişvili nəhayət, Tiflisdəki Prezident iqamətgahını tərk etdi. Zurabişvilinin son günləri bir az da komediya janrında oldu, düşdüyü vəziyyət gürcü kinosunun şedevrlərindən olan “Kuvşin”qısametrajlı filminin qəhrəmanını xatırlatdı. Baxanlar bilir- sınmış kuvşini (küp, küpə) yamayan usta özünə çıxmağa yer qoymur. Beləcə “həyatını” hətta kuvşindən başını çıxarmaqla davam etmək istəyir. Məncə, başları bir az açılanda gürcülər “küpə girən qarı” (Zurabişvili) haqda da yəqin ki, maraqlı film çəkəcəklər...

Oktyabrdakı parlament seçkilərindən çox-çox əvvəl də, sonra da ölkədə əsas araqarışdıran məhz prezident Zurabişvili idi. Zurabişvilini Gürcüstana urcah edənlər sırasında 2018-ci ildəki prezident seçkisinin ikinci turunda ona dəstək verən “Gürcü Arzusu”nun da suçu vardı, onları da bu xanıma dəstəklərinə görə yetərincə peşman etdi. Son günlər isə israrla Gürcüstanda “yeganə legitim hakimiyyət” olduğunu deyərək, Prezident iqamətgahını tərk etmək istəmirdi.

Dekabrın 29-da isə yeni prezident iqamətgahına gəlməli idi, Zurabişvili isə Gürcüstan hakimiyyətinə “Tiflisi cəhənnəmə çevirmək” vədi vermişdi. Amma müəyyən fasilələrlə iki aya yaxındır davam edən etiraz aksiyalarının effekti olmadığı çoxdan bəlli idi. Ona görə dövlətə qarşı müqavimət mənasız idi, eks-prezident də 6 ildir oturduğu sarayı bir neçə tərəfdarının alqışları ilə tərk etməli oldu.

Sabiq prezident qısa və pafoslu çıxış da edib. Deyib ki, “xaricə gedib ölkəni xilas etmək üçün yenidən qayıdacaq”. Zurabişvili ordan da birbaşa kilsəyə- ibadətə gedib. Günahları da, savabları da öz boynuna, amma gürcü mediası yazır ki, Svetitsxoveli məbədinin din xadimi eks-prezidenti bu sözlərlə salamlayıb: “Qarşıdurmaya getmədiyiniz və münaqişəni bitirdiyiniz üçün sizə təşəkkür edirəm!” Ancaq belə “dua” Zurabişvilini razı salmayıb, sifətində narazılq yaranıb. 

Screenshot_3.png (728 KB)

Nə sirdirsə, bu qadın siyasətçiyə heç vaxt xüsusi simpatiyam olmadı, yəqin ki, Azərbaycanda belələri az deyil. Müstəqilliyin ilk illərində Gürcüstandakı qadın siyasi liderlərə Azərbaycanda fərqli münasibət vardı. Məsələn, zərif cinsin siyasətdə ən parlaq mümayəndəsi kimi isə parlamentin sabiq spikeri (2001-2008) və müəyyən illərdə prezident səlahiyyətlərini də icra edən Nino Burcanadzeni yada salmaq olar. Zurabişvili müasir Gürcüstanda, eləcə də Cənubi Qafqazda ilk qadın prezident olmuşdu. O, həm də xalqın ümumi səsverməsi ilə seçilən sonuncu prezident oldu, daha bu işi Gürcüstan parlamenti və xüsusi Şura həll edir.

Zurabişvili son aylar gürcü xalqının yaddaşında daha çox mənfi əməlləri ilə qaldı. Səlahiyyətlərində müəyyən məhdudiyyətlər olsa da, Zurabişvili Gürcüstan Silahlı Qüvvələrinin Ali Baş Komandanı idi.

Bəllidir ki, prezident seçilməzdən əvvəl xanım siyasətçi Saakaşvili hökumətində xarici işlər naziri olmuşdu, amma diplomatik korpusda işləyəndə Bakıya gəlməmişdi. Prezident seçildikdən sonra-2019-cu ilin fevralında isə Ermənistana və Azərbaycana “balansı qoruyan” səfər etmişdi. Bakıdan sonra hətta Qaxa da getmiş, etnik gürcülərlə görüşmüşdü. Onun “Gürcüstan və Azərbaycan ərazilərinin işğalı” barədə dedikləri “çiçəyi burnunda olan” Nikol Paşinyanın xətrinə də dəymişdi, İrəvana gələndə bu barədə ona narazılıq da etmişdilər. Bu xanım prezidentin Azərbaycana ilk və son səfəri oldu. Zurabişvili Rusiya ilə düşmənçiik tərəfdarı, Moskva ilə iqtisadi-siyasi əlaqələrə qarşı idi və sonadək də nə dünyada, nə regionda dəyişən dəngələri qəbul edə bildi. Belə inadkar siyasətçi olmur, kəşfiyyatçı isə olur. Zurabişvilinin Fransa vətəndaşı kimi ənənəvi olaraq hansı dairələrlə yaxınlıq etdiyi bəlli idi. O dairələr də son illər Zurabişvilinin Azərbaycana münasibətini soyutmuşdular. Zurabişvili Tiflisi Avropa Bİrliyi ilə dost, Moskva ilə isə daima düşmən mümasibətdə olmasını istəyirdi. Gürcü xalqı isə son seçkilərdə də doğru bildiyi seçimi etdi. 

Screenshot_2.png (739 KB)

Gürcüstan bu ayları yetərincə gərgin günlər yaşadı. Seçkilərdə kütləvi saxtakarlıq iddiaları gerçək olsaydı, “ Gürcü Arzusu” Tiflisdəki aksiyalara tab gətirə bilməz, Qərb isə “İkinci Maydan” fürsətini əldən verməzdi. Amma baxdılar ki, küçələrdə hakimiyyəti dəyişəcək potensial yoxdur, o səbəbdən Zurabişvilini də, küçədəki azsaylı adamlarını da geri çəkdilər.

 

Nazim Sabiroğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR