İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobusa mindirilən min miqrant – şən şəhərdə “oblava”

Sovet dövrünün subay gənclərinin (20-25 yaş) bir büllur arzusu vardı: Yeni ili Leninqradda keçirmək. O vaxtlar ora şən şəhər sayılırdı.

Bu arzunu romantik sovet filmləri, bir də Rusiyada hərbi xidmət keçib gələn və şimal elləri haqqında əfsanələr danışan “dembel”lər əmələ gətirmişdi. Gənclərə elə gəlirdi ki, qarlı Leninqradda romantik günlər keçirmək, şən qızlarla qartopu oynamaq, qarda yumbalanaraq, güləşərək yeni növ “buz döyüşü” təşkil etmək texniki işdir. Çətini şəhərə girməkdir...

Yəqin ki, o zamanlar və ondan sonralar həm Leninqradda, həm də başqa şimal şəhərlərində Yeni ili şən və intim atmosferdə qarşılayanlar çox olub. Amma onların heç birinin ağlına gəlməzdi ki, il olacaq 2024 və artıq adı çoxdan dəyişdirilərək, Sankt-Peterburq olmuş şəhərdə minlərlə “yadelli”nin Yeni il şənliyi burunlarından gətirləcək.

Dünən axşam Sankt-Peterburqda, nağıl dili ilə desək, altdan geyinib üstdən qıfıllanmış, üstdən geyinib altdan kilidlənmiş (yəni tam “ekipirovka”lı) yüzlərlə, bəlkə də minlərlə polis işçisi, xüsusi təyinatlılar şəhərin mərkəzinə daraşıblar və kütləvi şəkildə miqrantların sənədlərini yoxlamağa başlayıblar.

“Miqrant” deyəndə, söz yox ki, onlar Belarusdan, Baltikyanı ölkələrdən və digər “ağ ölkələr”dən gələnlərə dəyməyiblər, gözlərinə azacıq qaraşın dəyənlərdən sənəd tələb ediblər və sənədlərin qaydasında olub-olmamasına etina etməyərək, təxminən 1000 miqrantı mindiriblər avtobuslara ki, polis bölmələrinə aparıb araşdırsınlar.

Şəhər rəhbərliyi bu tədbiri təhlkəsizlik məqsədilə təşkil edib. Guya ki, terror ola bilərmiş. Özü də terror olsa, onu məhz miqrantlar edəcəkmiş. Ötən il miqrantlar qələt edib 1-2 dəfə terror aktı törədiblər, o vaxtdan bəri bütün Rusiya ərazisində dərisinin rəngi, gözünün forması fərqli olanların hamısını şübhəli şəxsə döndəriblər. İndi hansısa gənc miqrant şəhər parkında şən qızlarla qartopu oynaya, süpürləşə də bilməz, onu dərhal saxlayar, cinsi təcavüzə cəhd maddəsi ilə basarlar içəri, əlli-ayaqlı gedər.

Yaxşı, bəs sənədləri yoxlanılan miqrantlar polis bölmələrinə aparıb nə ediblər? Heç nə. Bəzilərini tez buraxıblar, xüsusilə də üstlərində tez azad edilmək üçün lazımi sənədlər və məbləğlər olanları. Bir çoxları isə Yeni il gecəsini təcridxanada keçiriblər. “Uje pozdno, zavtra budem razbiratsya” (“Artıq gecdir, sabah ayırd edərək”) deyiləndən sonra dara-bara salmağın xeyri yoxdur, çox və bərkdən danışarsan, əli dəyənəkli iki metrlik ivanlar girər içəri, ukraynalıların acığını da səndən çıxarlar. Otur, sabahı gözlə. Hələ ona da qarantiya yoxdur. Dünən gecədən adama bir litr vodka içmiş rəislər ayılıb işə gələsi, binəsib miqrantların – şübhəli şəxs qismində saxlananların taleyi barədə qərar verəsi – uzun həngamədir.

İndi kim bilir, onların neçəsini deportasiya edəcəklər, neçəsinə çağırış vərəqi verib Ukrayna cəbhəsinə basacaqlar, neçəsini ikitərəfli cərimələyəcəklər.

Əslində bu, çox dolanışıqlı işdir. Şəhərə reydə çıxırsan, gözünə dəyən qaraşın adamları avtobusa basıb içəri aparırsan, möhkəm qorxmuş adamlardan bir ətək pul alıb çölə buraxırsan, sevinə-sevinə qaçıb gedirlər.

Allahdan, o boyda federasiyanın elə bir şəhəri, qəsəbəsi yoxdur ki, qaraşın miqrantlarla dolub-daşmasın. Hər gün yüzünü bölməyə aparsan da, il boyunca iş var. Onlar da evdə oturub gizlənmirlər, bazarlarda, tikinti meydançalarında, orda-burdadırlar. Rəislərin könlünə miqrant həbs etmək düşürsə, polis avtobusunu iki ünvana sürən kimi təcridxana hücrələrini dolduracaq qədər miqrant ovlamaq olur. Otur, sağ. Yiyəsiz, çarəsiz adamlardır.

Ona görə də artıq miqrantlar daşdanıb gedirlər öz ölkələrinə. Vətəndə onlar 5 som (sum, tenge, manat) az qazanacaqlar, amma onları təcridxanaya basıb soyan olmayacaq.

Rusiya da diricə ruslara qalacaq. Ta necə qalacaq, necə olacaq, o bir neçə il sonranın söhbətidir.

İndidən bircə o məlumdur ki, dünən Putin Rusiyada doğum səviyyəsini artırmaq üçün tədbirlər görülməsi barədə sərəncam imzalayıb. Yəqin uşaqpulunun, doğanlara birdəfəlik yardımların məbləğini artıracaqlar ki, gənc ailələr həm də sosial planda həvəsə gəlsinlər.

Halbuki yazıq miqrantlara belə stimullar lazım deyildi. Onlar Rusiyanın əhalisinin artımına öz töhfələrini lazımınca verirdilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR