İnsanlara hürriyət, millətlərə istiqlal!

Peşəkarların ili

2025-ci il xoş gəlib, səfa gətirib, 2024-cü ilin də arxasıyca... Kimin ürəyi nə istəsə atsın. İşi uğurla bitənlər su atsın, pis il keçirənlər qara daş.

Pis il demişkən, bu temaya oxşar bir pritça var. Deyir, müdriklərdən birinə iki şüşə şərab verirlər, xahiş edirlər hansının yaxşı olduğunu söyləsin. Adam şərabın yalnız bir butulkasından içir, dərhal söyləyir ki, pisi budur. Təəccüblənirlər: “Axı heç ikinci butulkanı içmədin?! Hardan bildin bunun pis olduğunu?” Müdrik adam deyir: “İnanmıram bundan daha pisi olsun”.

Əlbəttə, özülünü necə qoymusansa, binanın yuxarısı da o cür davam edir və 2025-in əsaslarını biz 2024-də qoymuşuq. Böyük ehtimalla bizi uğurlu il gözləyir. Bunun üçün əlimizdə hər cür əsaslar vardır. İlk növbədə, millətimizin optimizmi sevindiricidir: keçən ilin axırlarında Ədliyyə Nazirliyi 2024-də doğulan oğlan uşaqlarına ən çox hansı adın qoyulduğunu açıqladı və bu ad Uğur idi. Güman edirəm buna COP-29 təsirini göstəribdir.

İkincisi, hər bir sahədə peşəkarlarımız yetişir, bilicilərimiz artır. İlin son xəbərlərindən biri bu mənada çox maraqlı, ürəkaçan idi: gömrük idarəsinin qaçaqmalçılıqla mübarizəyə baxan əməkdaşı 4 kilo qızılı qaçaqmalçılıq üsulu ilə xaricə çıxarmaq istəyərkən yaxalanmışdı. Əgər işinin ustası olmasa, niyə qaçaq qızıl alveri etsin? Prosesi yaxşı mənimsəmişdir.

Elə həmin xəbəri yazıb, yayan jurnalistlərimiz də başqa cür peşəkardır, üzümüzü ağ, alnımızı açıq etmişdilər. Xəbərin başlığı və içində təxminən belə cümlə gedirdi: “4 kilo qızılla tutulan Filankəs məşhur polkovnikin qahımıdır” (onlar qohum yazmışdı, mən öz ehtimalımı yeridirəm – Z.H.).

Ancaq yazını oxuyurdun, görürdün polkovnikin məşhurluğu o dərəcədədir ki, uca xalqımız belə polkovnikinin yetişdiyini ilk dəfə məhz bu xəbərdən öyrənir. Bəs niyə jurnalistikamız bu cür dezinformasiya, uydurma, qoltuqdan və başqa orqanlardan çıxartma xəbərlərlə xalqa kələk gəlir? Çünki yaşayışımız belədir! Hamı sənə kələk gəlirsə, düzgün olub düzdə qalarsan. 

Ona görə də “286 rəqəminin müqəddəs olması” haqda cəfəngiyyatı yazıb istənilən vaxt qəzetdə çap etdirə bilirsən. Əsaslandırması isə təxminən belə olar ki, inəyin guya 286 sümüyü var, spermatozoid isə ana bətninə 6 günə çatırmış, bunu 280-in üstünə gələndə 286 edir. Sanki spermatozoid rayona getmək üçün vağzala çıxıbdır. 6 gün yolda olan toxumun məhsulu da elə bu cür “alimlər” olmalıdır.

Örnək üçün, hesab elə hansısa həkim bu cızmaqaraları oxuyar, jurnalistikamızdan inciyər. Dünəndən incisin. Biz də onun qabağına saxta həkim diplomları, burunu qulağa tikən plastik cərrahlar, körpələri qundaqda yandıran baş həkim, nə bilim, qəsdlə dərman alveri edən ağ xalatlılarımız və sairə haqda faktları qoyarıq. Namxuda, fakt o qədərdir ki. İtə tök. Ancaq it hüquqlarını qoruyanlar inciyə bilər.

Elə ən son belə xəbərlərdən birini keçən həftə Cəlilabaddan almışdıq. Orda həkim pasiyentin qahımlarını döyüb binadan qovmuşdu. Halbuki, müalicə etməlidir.

Ancaq bu da bizim analoqu olmayan cəhətlərimizdən biridir: bütün dünyada xəstə qahımları həkimləri döyür, bizdə tərsinədir. Deməli gələcəyə müsbət baxmağa daha bir əsasımız vardır.

Yaxın aylarda isə 4 kilo qızılla tutulan gömrükçünü tutanların 40 kilo qızılla tutulmasına ümid edirik. Artım vacibdir.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR