Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər saatlarından Rusiya qazının Ukrayna üzərindən nəqli dayandırılıb. Rusiya tərəfinin bütün təbliğatına rəğmən, nəqlin dayanmasından ən çox zərər çəkən məhz onun özüdür. Belə ki, 2019-cu ildə 5 illik müddətə imzalanan tranzit müqaviləsinə əsasən Rusiyadan Ukrayna ərazisi ilə ildə minimum 40 milyard kubmetr qaz nəql olunmalıydı. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra nəqlin həyata keçirildiyi iki xətdən biri ilə nəql dayandırılıb. Bu gün isə qalan ikinci xətlə nəql dayandırıldı.
Dayandırılan xətlə ildə 15 milyard kubmetr qaz nəql olunurdu. Nəqlin dayanması ilə Moskva bu həcmdə qazın satış bazarını itirir.
Qazprom 2023-cü ildə qeydə alınan hasilatın kəskin azalması, rekord miqdarda zərərdən sonra qaz hasilatını artırmağa yenicə başlayıb. Ukraynada müharibə başlayandan Rusiya qazının Aİ-yə ixracı 150 milyard kubmetrdən 2023-cü ildə 30 milyard kubmetrə qədər azalıb. Qaz hasilatı da müvafiq olaraq azalıb. 2024-cü ildə Çinə tədarükün artması, Avropaya ixracda cüzi canlanma, eləcə də daxili istehlakın artması səbəbindən istehsal yenidən artmağa başlayıb. İndi daha bir eniş gözləmək olar.
Üstəlik, Çin hesabına itkiləri əhəmiyyətli dərəcədə kompensasiya etmək imkanı olmadan (Sibirin Gücü qaz kəməri 2024-cü ildə maksimum gücünə çatdı). Çinə gedəcək digər qaz kəməri Uzaq Şərq marşrutunun yalnız 2027-ci ildə fəaliyyətə başlaması gözlənilir. Bu halda Mərkəzi Asiyaya tədarük hesabına itkiləri bir qədər kompensasiya etmək mümkün olacaq, lakin ən optimist ssenaridə belə, itirilən 15 milyard kubmetrdən yalnız 1-2 milyard kubmetrinin kompensasiyasından söhbət gedə bilər.
Həcmlərin başqa bir hissəsini Türkiyə vasitəsilə Avropaya yönləndirməyə cəhd etmək olar, lakin oradakı həcmlər infrastrukturun imkanları ilə məhdudlaşır. Rusiyalı ekspertlərə görə, Avropanın qaz bazarı uğrunda mübarizə bitməyib, lakin “Qazprom”un mövqeyinin ciddi şəkildə möhkəmlənəcəyi gözlənilən deyil. Çünki bazarda ABŞ kimi böyük oyunçu var. ABŞ maye qazını fəal şəkildə təbliğ edən ABŞ prezidenti Donald Trampın postuna qayıdışı ilə Avropa bazarı uğrunda mübarizə yeni səviyyəyə çatacaq.
Ukraynaya gəlincə, tranzitin dayanması onu ildə təxminən 800 milyon dollardan məhrum edir. Lakin Kiyev fəal şəkildə Polşa ilə birlikdə qaz qovşağı yaratmaq planının icrasına çalışır. Plana əsasən Polşa xammal idxalçısına çevriləcək, Ukrayna isə yeraltı qaz anbarlarının (QQS) gücündən istifadə edərək onu yığıb alıcılara göndərəcək.
2015-ci ildən bəri Polşanın Baltik sahillərində, Svinoujscie-də gücü ildə 5 milyard kubmetr olan LNG terminalı fəaliyyət göstərir. Onun 7,5 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdə tutulur.
Oradan Polşa vasitəsilə Ukraynaya ildə 2 milyard kubmetrə qədər qazın nəqli üçün texniki imkan var, lakin Polşanın qaz nəqli sisteminin (QTS) genişləndirilməsi hesabına bu rəqəmin 6,6 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bundan əlavə, Litvanın Klaypedasındakı LNG terminalından yenidən Polşadan tranzitlə Ukraynaya qaz nəqlini təşkil etmək planları hazırlanır. Bu terminalın gücü ildə 3,75 milyard kubmetrdir və ən azı 5 milyard kubmetrə qədər genişləndirilməsi perspektivləri var.
Qovşağın layihəsi yenidən qazlaşdırılmış LNG-nin borular vasitəsilə Ukraynadakı yeraltı qaz anbarlarına vurulmasını nəzərdə tutur.
Və oradan qaz bu gün rus qazını Avstriyanın Baumqarteninə nəql etmək üçün istifadə olunan infrastruktur vasitəsilə çatdırıla bilər.
Təbii ki, bu cür tədarüklər Avropa üçün Rusiya qazından baha başa gələcək: birincisi, LNG hasilatı, onun dənizlə Polşaya çatdırılması, yenidən qazlaşdırılması, Ukraynanın yeraltı qaz anbarlarına vurulması, orada saxlanması və yenidən son alıcıya çatdırılması – bu mərhələlərin hər biri xərc tələb edir. Lakin Avropanın Rusiyaya etibarının sıfır həddində olması bahalı, lakin etibarlı tərəfdaşla işləmək niyyətindən dönməyəcəyni də nəzərə almaq lazımdır.
Ukrayna və Avropa İttifaqı Rusiyanın Ukraynanın qaz nəqli infrastrukturunu dağıdacağından ehtiyat edir. Ortada Moskvanın ötən il Ukraynanın qaz anbarlarını hədəf almaqla, tranzit müqaviləsinin uzadılmasına nail olması təcrübəsi var. Lakin Moskvanın bu addımı ən son variant kimi saxladığı güman edilir. Belə ki, bu mövsüm payız və qış əvvəlki 3 illə müqayisədə xeyli soyuq keçir.
Artıq Avropanın qaz anbarlarında ehtiyatların həcmi 73 faizə düşüb. Qarşıda 2 aylıq ən kəskin soyuqların olacağı yanvar-fevral ayları var. Gözləntilərə görə, istilik mövsümünün sonuna anbarlarda ehtiyatlar 40-45 faizə qədər azalacaq. Bu halda Avropa öz ehtiyatlarını nəzərdə tutulan müddətdə təmin etmək üçün daha böyük qaz həcmlərinə ehtiyac duyacaq. Asiyadakı alıcıların maye qaza tələbatının kəskin artması fonunda qiymətlərin yüksələcəyi və Avropanın Rusiyadan qaz nəqlini bərpa etmək məcburiyyətində qalacağı Moskvanın əsas gözləntisidir. Lakin 2022-ci ildə qazı digər alıcılardan 3 min dollara alıb, Rusiya malından imtina edən Avropanın buna gedəcəyi real görünmür. Bu səbəbdən də Rusiyanın may-iyun aylarına qədər gözlədikdən sonra Ukraynanın qaz nəqli infrastrukturunu hədəf alacağı ehtimal olunur.
Dünya,
Musavat.com
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ