İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya "iqtisadi savaş" dövrünə keçir: Daha nüvə silahına ehtiyac qalmayacaq, nəhəng dövlətlər iflas edəcək

Tramp adminstrasiyası qlobal siyasi proseslərin mövcud geopolitik prioritetlər üzərindən deyil, daha çox maliyyə-iqtisadi alətlər vasitəsilə idarə olunmasının tərəfdarı kimi çıxış edir... Bu, yeni dünya düzəninin, indiyə qədər vərdiş olunmayan siyasi-iqtisadi şərtlər çərçivəsində formalaşmasına səbəb ola biləcəyindən, ABŞ-ın rəqibləri ilə yanaşı, ənənəvi müttəfiqlərini də müqavimət düşərgəsinə yönəldir...

Beynəlxalq məkanda "dünya daha heç vaxt əvvəlki kimi olmayacaq" tezisi hazırda qlobal siyasi müzakirələrin mərkəzinə yerləşmiş kimi görünür. Əslində, bu, o qədər də sensasiyalı tezis deyil. Dünya tarixən dəyişikliklərə məhkumdur. Üstəlik, hər geopolitik dəyişikliklərdən sonra heç vaxt əvvəlki kimi olmur. Sadəcə, bu dəfə belə bir tezisin beynəlxalq məkanı bu qədər ağır şəkildə öz təsiri altına sala bilməsinin əsas səbəbləri məhz dünyanın hazırda daha sürətlə dəyişməkdə olması ilə birbaşa bağlıdır. Və dünyanın yenilənməsi prosesinin mövcud qlobal siyasi-hüquqi, eləcə də maliyyə-iqtisadi sistemə dağıdıcı təsirlər göstərməsindən qaynaqlanır.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələri bütün bunları hələlik daha çox Bayden adminstrasiyasının çöküşü ilə əlaqələndirməyə üstünlük verirlər. Belə hesab olunur ki, ABŞ-ın avanqard qlobal supergüc olaraq, hegemonluq etdiyi dünya sistemində Bayden adminstrasiyası mövcud geopolitik prioritetlərin sonuncu daşıyıcı təmsilçisiydi.

İndi tezliklə onu əvəzləyəcək Tramp adminstrasiyası qlobal düzənin mövcud geopolitik prioritetlər üzərindən deyil, daha çox maliyyə-iqtisadi alətlər vasitəsilə idarə olunmasının tərəfdarı kimi çıxış edir. Və bu, yeni dünya düzəninin indiyə qədər vərdiş olunmayan şərtlər çərçivəsində formalaşmasına səbəb ola biləcək narahat edici faktor hesab olunur.

abd-cin-ticaret-savasi-ve-tukidides-tuzagi.jpg (65 KB)

Məsələ ondadır ki, Tramp administrasiyası hələ öz səlahiyyətlərinin icrasına başlamasa da, ABŞ-ın ənənəvi müttəfiqlərinə və qlobal rəqiblərinə maliyyə-iqtisadi ağırlıqlı xəbərdarlıq mesajları verir. Üstəlik, bu mesajların hədəflərinə münasibətdə müttəfiq və rəqib seçiminə demək olar ki, ehtiyac duyulmur.

Hər halda, ABŞ-ın ənənəvi müttəfiqlərinə yönəlik mesajların məzmunu rəqiblərə ünvanlanmış xəbərdarlıqlardan fərqlənmir. Ağ Evin yeni sahibi Donald Trampın Kanadaya ABŞ-ın 51-ci ştatı olmağı tövsiyyə etməsi, Avropa Birliyinə enerji resurslarını məhz ölkəsindən idxal etməyi tələb etməsi, NATO üzrə müttəfiqlərə təhlükəsizlik xərclərini artırmağı məsləhət görməsi və s, Qərb siyasi dairələrində həm ciddi narahatlıq, həm də şok effekti yaradıb. Çünki ABŞ-ın yeni prezidenti Donald Tramp xəbərdarlıq edilənləri həm də bu mesajlara pozitiv reaksiya verilməyəcəyi təqdirdə, Ağ Evin gömrük rüsumlarını artıracağı ilə də təhdid edir.

Təbii ki, Tramp administrasiyasının bu təhdidləri dünyada qlobal "iqtisadi və ticari savaş"ın o qədər də uzaqda olmadığının ilkin əlamətləri hesab oluna bilər. Yəni, qlobal "iqtisadi-ticari müharibə"lər ABŞ da daxil olmaqla, dünyanın müxtəlif dövlətləri arasında baş verə bilər. Çünki dünya iqtisadiyyatı qloballaşıb və dövlətlərin iqtisadi maraqları bəzən bir-biri ilə kəskin ziddiyət təşkil edir. Belə savaşların yekun nəticələri isə əsasən, iqtisadi gücdən, müasir texnologiyalardan, enerji resurslarından və geosiyasi maraqlarla yüklənmiş xammal qaynaqlarından birbaşa asılı ola bilər.

Maraqlıdır ki, Rusiyanın Ukrayna "savaş bataqlığı"nda zəiflıdiyi bir situasiyada ABŞ-Çin qarşıdurması tədricən ön plana çıxmağa başlayıb. İndi bu iki dünya nəhəngi arasında yalnız iqtisadi-ticari deyil, həm də texnoloji rəqabət mövcuddur. Xüsusilə də, süni intellekt və çip istehsalı sahələrində artan rəqabət ABŞ və Çin arasındakı iqtisadi-ticari qarşıdurmanı daha da gərginləşdirir. Üstəlik, bu iki dövlət arasında ticarət balansı ciddi şəkildə pozulduğundan, siyasi münasibətlərdə də problemləri dərinləşdirir. Və əsas problemlərdən biri odur ki, ABŞ Çin istehsalı olan məhsulların yüksək həcmdə idxalçısı durumuna düşsə də, ixrac sahəsində çox-çox geri qaldığından balansı qoruya bilmir.

tic-sav.JPG (59 KB)

Ona görə də, son illərdə ABŞ Asiyada bir çox geopolitik mövqelərini itirməyə başlayıb və demək olar ki, bu qitədə nüfuz savaşını uduzmaqdadır. İki dövlət arasında ticari disbalansı dəyişmək üçün Bayden administrasiyası müəyyən manevrlər etsə də, bu ümidverici nəticədən çox-çox uzaqdır. Ona görə də, Tramp adminstrasiyası situasiyanı ABŞ-ın xeyrinə dəyişmək üçün iki dövlət arasında son illərdə tətbiq olunan gömrük rüsumlarını və ticarət məhdudiyyətlərini daha da artırılması üzərində düşünür. Və bu istiqamətdə daha radikal addımlar atılarsa, ABŞ-Çin "iqtisadi-ticari savaşı" bütövlükdə qlobal iqtisadiyata sarsıdıcı zərbələr vura bilər.

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyasının "iqtisadi-ticari savaş" açacağı hədəflər sırasında ABŞ-ın siyasi-ideiloji müttəfiqi Avropa Birliyi də yer alır. Çünki hazırda ABŞ və Avropa Birliyi arasında yalnız iqtisadi-ticari ziddiyyətlər deyil, həm də texnoloji sahədə ciddi rəqabət mövcuddur. Hətta Bayden adminstrasiyası dönəmində belə, Ağ Ev Avropa məkanına aid müasir texnologiya nəhənglərinə də müəyyən məhdudiyyətlər tətbiq olunmasına xüsusi diqqət yetirib. Və Tramp adminstrasiyası Avropa Birliyini ABŞ enerji resurslarının məhkum alıcısına çevirməklə, Ağ Evdən tam asılı vəziyyətə salmaq planları qurur. Və bu, ABŞ-ın iqtisadi hegemoniyasına qarşı öz müstəqilliyini qorumağa çalışan Avropa Birliyini "iqtisadi-ticari savaş" ilə üzləşdirə bilər.

Digər tərəfdən, Avropa Birliyini yalnız ABŞ-la deyil, həm də Çinlə də iqtisadi-ticari rəqabət gözləyir. Çünki daha ucuz Çin məhsullarının Avropa bazarlarınd a üstünlük qazanması "qoca qitə" istehsalçılarını iflas təhlükəsinə yaxınlaşdırır. Ona görə də, Avropa Birliyi insan hüquqları mövzusunda müxtəlif bəhanələrlə Çinə qarşı iqtisadi sanksiyalar tətbiq edir. Nəticədə gümrük rüsumları və ixrac məhdudiyyətləri ilə bağlı tərəflər arasında ciddi gərginlik yaşanır. Və bu, Avropa Birliyi-Çin "iqtisadi-ticari savaş"ının real başlanğıc əlamətləri hesab olunur.

us-tr-3055868926.jpg (37 KB)

Göründüyü kimi, ABŞ-Çin, ABŞ-Avropa Birliyi, Avropa Birliyi-Çin "iqtisadi-ticari savaş"larının yaxın gələcəkdə daha amansız xarakter alma ehtimalı mövcuddur. Üstəlik, burada ABŞ-ın proteksionist siyasəti qlobal iqtisadi və ticarət əlaqələrini sarsıtmaqla yanaşı, həm də "iqtisadi-ticari savaş"ların əsas hərəkətverici faktoru rolunu da oynaya bilər. Çünki Çin, Avropa Birliyi və digər ölkələr də ABŞ-ın davranışlarına adekvat addımlar atarlarsa, bu, qlobal "ticarət müharibələri"ni qaçılmaz edər.

Onu da nəzərə almaq lazımdır ki, qlobal iqtisadiyyat qarşılıqlı asılılığa əsaslanır. Bu baxımdan, Tramp adminstrasiyasının yalnız ABŞ-ın maraqlarına indeksləşmiş proteksionist siyasət planları geniş miqyasda tətbiq olunarsa, bu, qlobal iqtisadi əlaqələr sisteminin pozularaq, iflas etməsinə yol aça bilər. Yəni, uzunmüddətli perspektivdə bu siyasət həm ABŞ, həm də qlobal iqtisadiyyat üçün zərərlidir. Çünki iqtisadi-ticari azadlıqlar olmazsa, qarşılıqlı faydalı və bərabər hüquqlu beynəlxalq əməkdaşlıq "pəncərə" qapadılarsa, qlobal iqtisadi inkişaf mümkün deyil. Və bunun alternativi isə yalnız qlobal iqtisadi böhran anlamı daşıyır.

Belə anlaşılır ki, dünya "iqtisadi-ticari savaş" dövrünə keçid etmək üzrədir. Belə davam edərsə, daha nüvə silahına ehtiyac qalmayaca bilər. Çünki qlobal iqtisadi-ticari əlaqələr sisteminin pozulması dünyanın nəhəng dövlətlərinin iflasını və çöküşünü qaçılmaz edəcək faktordur. Və bu, dünyaya yalnız ağır böhranlar, aclıq-səfalət vəd edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR