İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarı 2025-ci ilə necə daxil oldu: Bazarın əhvalı Trampdan asılı

Dünya neft bazarı 2025-ci ilə kifayət qədər bədbin gözləntilərlə daxil oldu.

Ötən il elektromobil, alternativ enerjidən istifadənin sürətlə artımı, Avropa və Çində istehlakın azalması şəraitində neft qiymətlərinin volatilliyi ilə yadda qaldı.

İlin ikinci yarısında aydın oldu ki, neft bazarının pozitivlik mənbəyi olan Çində hakimiyyət iqtisadi artım sürətini vəd etdiyi səviyyədə saxlaya bilmir. Bu, ölkənin neft istehlakında artım sürətinin gözləndiyi qədər olmayacağının əsas göstəricisi kimi bazara neqativ təsir göstərən başlıca faktora çevrilib. Bazarı neqativə kökləyən daha bir amil OPEC+ razılaşmasından kənarda qalan ölkələr, xüsusilə də ABŞ, Braziliya, Qayana, Kanadanın hasilatı artırmaq planlarıdır. Hər üç ölkə 2025-ci ildə hasilatı daha çox artırmaq niyyətindədir.

OPEC.jpg (107 KB)

Neft dünyasını silkələyən daha bir fakt ABŞ-da neft qiymətlərini 50-60 dollardan yuxarı görmək istəməyən Donald Trampın yenidən prezident seçilməsidir.

Qlobal ticarət zəncirində böyük təlatümlərə səbəb olacaq planlara malik Trampın Kapitoliyə qayıdışı hazırda bütün dünyanı düşündürən ən aktual mövzulardan biridir.

Bütün bu qeyd olunan amilləri nəzərə alan əsas analitik mərkəzlər ötən ilin ikinci yarısında 2025-ci ildəki neft qiymətlərinə dair proqnozlarını 3-4 dəfə endirdilər. ABŞ Energetika Nazirliyi dekabr hesabatında 2024-cü ildə "Brent" markalı neftin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 80,95 dollardan 80,49 dollara endirib. Nazirlik gələn il üçün qiymət proqnozunu daha kəskin azaldıb. Belə ki, quruma görə, 2025-ci ildə "Brent" markalı neftin qiyməti 73,58 dollar təşkil edəcək. Əvvəlki proqnozda bu göstərici 76,06 dollar idi.

Nazirliyin hesablamalarına görə, 2025-ci ildə qlobal neft tədarükü sutkada 1,6 milyon barel arta bilər və bu artımın 90 faizi OPEC+ üzvü olmayan ölkələr tərəfindən təmin ediləcək. Eyni zamanda neftə tələbat sutkada 1,3 milyon barel arta bilər. Bundan əlavə, qurum WTI markalı neftin qiymətini 2024-cü ildə bir barel üçün 76,51 dollar proqnozlaşdırıb, 2025-ci ildə isə 69,12 dollar səviyyəsində proqnozlaşdırır.

OPEC isə dekabr hesabatında 2024-cü ildə neftə tələbat artımına dair proqnozunu dördüncü dəfə azaldıb və bu dəfə azalma daha kəskindir. Belə ki, OPEC-in hesablamalarına əsasən, 2024-cü ildə neftə gündəlik tələb 1,61 milyon barel artmış olacaq. Bu, əvvəlki proqnozdan 210 min barel azdır. OPEC 2025-ci ildə dünyada neftə tələbin əvvəlki proqnozundan 90 min barel daha az - 1,45 milyon barel artacağını gözləyir. Halbuki ilin əvvəlində OPEC neftə tələbatın sutkada 2,25 milyon barel artaraq 104,4 milyon barelə çatacağını, 2025-ci ildə isə 1,8 milyon barel artacağını gözləyirdi.

2025-ci ilin ilk ayında OPEC+ ölkələrinin neft hasilatı planı, kvotalar, könüllü ixtisarlar və az azaldılmış həcmlərə görə kompensasiya nəzərə alınmaqla, sutkada 35,43 milyon barel təşkil edəcək. Bu, dekabr ayı ilə müqayisədə sutkada 21 min barel azdır.

Ötən il 8 ölkənin könüllü azaltdığı hasilat həcmlərinin bərpasına başlanması nəzərdə tutulsa da, 3 dəfə təxirə salındı və baş tutmadı. Bunun əsas səbəbi bazarda neft bolluğu fonunda əsas istehlakçı olan Çində tələbatın azalması nəticəsində qiymətlərin azalması idi.

İNO.jpg (89 KB)

2024-cü il ərzində OPEC+ çərçivəsində müəyyən olunan limitdən artıq hasilata yol verən Rusiya, İraq və Qazaxıstan iki dəfə artıq hasilat həcmlərini kompensasiya etmək üçün qrafik təqdim etsələr də, heç biri ona əməl etmədi.

Bu ildən isə İraq dekabrda gündəlik 110 min barellə müqayisədə yanvarda gündəlik neft hasilatı kvotasını əlavə olaraq 10 min barel azaltmalı, Qazaxıstan dekabrda 54 min bareldən sonra kompensasiyanı daha 11 min barel artırmalıdır. Yanvarda Rusiya üçün kvota dəyişməyəcək və sutkada 8,978 milyon barel səviyyəsində qalacaq.

Yanvarda OPEC+ hasilat kvotasını cüzi artırsa da, yaxın 3 ayda ciddi artımlara gedilməyəcəyi bəllidir. Analitiklərə görə, bazarın əhval-ruhiyyəsi Tramp prezident kürsüsünə oturandan sonrakı 1-2 ayda müəyyənləşəcək. Əgər o, əvvəlki prezidentlik dövründə olduğu kimi, bu dəfə də İranın neft ixracının qarşısını almağı bacarsa, bu, bazarda qiymətlərin 70-75 dollar civarında qalmasına imkan yaradacaq.

Dünya SAKİT,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR