İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin saxta xəbərlərini ifşa edən Avropa saytı bloklanıb

Rusiyanın informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidməti – “Roskomnadzor” Kremlin saxta xəbərlərini ifşa edən “EUvsDisinfo” saytına (Euvsdisinfo.eu) girişi bloklayıb.

Novator.az-ın məlumatına görə, “EUvsDisinfo” saytının bununla bağlı yaydığı açıqlamada vurğulanır ki, “Roskomnadzor”un qərarı Ukraynaya qarşı aparılan işğalçı müharibə haqda həqiqətləri Rusiya vətəndaşlarından gizlətmək, əhalini Kremlin dezinformasiya maşınının təsiri altında saxlamaq cəhdinin tərkib hissəsidir.

Açıqlamada qeyd olunur ki, Rusiya rəsmiləri, Kremlpərəst media ekspertləri neçə ildir “EUvsDisinfo”nu qaralayıb, daima bu saytın kollektivini böhtan və təhqirlərə məruz qoyur.

Kremlin ölkədə və xaricdə informasiya məkanını saxta təbliğatla, məqsədyönlü dezinformasiyalarla doldurmağa səy göstərdiyini bildirən “EUvsDisinfo”nun kollektivi bəyan edir ki, Moskva Ukraynaya təcavüzü, o cümlədən Putin rejiminin digər qanunsuz hərəkətlərini tənqid edən, onun tezislərini təkrarlamayan istənilən mənbəni qapatmaqla məşğuldur.

Saytın açıqlamasında deyilir ki, 2015-ci ildən Avropa İttifaqı Rusiyanın informasiya mühitində apardığı manipulyasiyalar barədə məlumatları həm də “EUvsDisinfo” vasitəsilə alır: “Fəaliyyət göstərdiyimiz 7 ildə biz cəmiyyətin informasiya manipulyasiyasına müqavimətini artırmağa kömək etmişik, Rusiyanın, digər postsovet ölkələrinin müstəqil mənbələrinə tribuna verməklə dezinformasiyalara əngəl törətmişik”.

Açıqlamada “Roskomnadzor”un qərarının “EUvsDisinfo”nun rusiyalı izləyicilərə yetişməsinə çox ciddi mane ola bilməyəcəyi sarıdan əminlik də ifadə olunur.

“EUvsDisinfo” saytı 2015-ci ildə Avropa İttifaqının layihəsi əsasında yaradılıb, bir neçə dildə, o cümlədən rusca fəaliyyət göstərir. Saytın redaksiyası Brüssel şəhərində yerləşir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR